“Faşist Njdeyə abidə qoyulması Holokost qurbanlarına təhqirdir” - İSRAİI MEDİASI

  • By admin
  • 24 Noyabr 2019 22:30

Ermənistanda yaşanan yəhudi düşmənçiliyi gündəmə gəlir

2016-cı il, 28 may. Həmin gün İrəvanda Qareqin Njdeyə qoyulmuş 6 metrlik abidənin açılışı oldu. Mərasimdə Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyan, şəhər meri Taron Marqaryan və Qareqin Njdenin nəticəsi Armen Babayan iştirak etdi.

2019-cu il, 11 oktyabr. Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən sammitində çıxışı zamanı bildirdi ki, MDB liderləri dəfələrlə nasistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxış ediblər: “Təəssüf ki, bu, MDB məkanında, xüsusən Ermənistanda baş verir. Burada keçmiş hakimiyyət “Qareqin Njde” ləqəbi ilə alman faşistlərinə xidmət edən Qareqin Ter-Harutyunyana İrəvanın mərkəzində abidə ucaltdı. Təəssüf ki, Ermənistanın yeni hökuməti bu abidəni sökmədi. İnanıram ki, MDB məkanında faşizmin tərənnümünə yer yoxdur”.

Daha sonra sammitdə çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyanın İlham Əliyevin ittihamları qarşısında çıxılmaz vəziyyətə düşdüyü aydın görünürdü.

Ancaq həmin söhbət orada bitmədi. Artıq həmin tədbirdə səslənən ittiham İsrail mətbuatında gündəmə gəlib. 6 milyon yəhudinin faşizmin güdazına getməsi tarixi faktdır. Ən azı buna görə, yəhudilər faşizmin bu kimi təzahürlərinə qarşı son dərəcə barışmaz mövqe sərgiləyirlər. Bu isə Azərbaycan olaraq bizə əlavə manevr imkanları yaradır. Aşağıdakı sitatlara diqqət edin:

“Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal edib, orada etnik təmizləmə siyasəti aparıb, bu səbəbdən də Azərbaycanda 1 milyon nəfər qaçqın və daxili köçkün yaşayır”.

“Azərbaycan sivilizasiyalararası və konfessiyalararası, mədəniyyətlərarası dialoqun əsl nümunəsidir. Tarixən azərbaycanlıların həyat tərzinə xas olan multikulturalizm və tolerantlıq bu gün Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyatının ayrılmaz xüsusiyyətinə çevrilmişdir”…

Bu fikirlər “The Jerusalem Post” qəzetində özünə yer alıb. Bizim yüksək tribunaladan demək istədiyimizi ingilisdilli yəhudi qəzeti deyir. Beynəlxalq miqyasda geniş auditoriyası olan bir qəzetdə bu kimi fikirlərin tirajlanması son dərəcə müsbət hadisədir.

Bəli, çağdaş dünyamızın ən böyük problemlərindən biri dinlərarsı ziddiyyətlərdən doğan məsələlər ilə bağlıdır. Hər il milyonlarla insanın ölümünə səbəb olan bu ziddiyyətin çözülməsi bəşəriyyətin qarşısında duran ümdə məsələlərdən biridir. Dünya çapında həssaslığı ilə seçilən bu məsələyə Azərbaycanda son dərəcə dözümlü münasibət var. Məhz bu amil Azərbaycanı dünyaya nümunə sayıla biləcək bir ölkəyə çevirib.

Ən önəmlisi isə odur ki, bu həqiqəti xristianlar da, yəhudilər də ən yüksək tribunadan elan edirlər. İsrailin “The Jerusalem Post” qəzetində bu mövzu ilə bağlı gedən geniş yazı da həmin tendensiyanın təzahürüdür. Şübhəsiz ki, dünyada gedən iqtisadi-siyasi proseslərə ciddi təsir imkanları olan yəhudilər arasında Azərbaycan haqqında müsbət imicin mövcud olması Ermənistanla müharibə vəziyyətində olan ölkə üçün xüsusi önəm daşıyır.

Bəs Qareqin Njde məsələsi İsrail mətbuatına necə gedib, çıxıb? Noyabrın 14-15-də Dünya dini liderlərinin II Bakı Sammiti keçirildi. Tədbirə müxtəlif ölkələrdən gələn media mənsubları da qatılmışdı. O cümlədən, İsraildən gələn jurnalistlər də tədbirə iştirak edirdi.

Onu da deyək ki, Dünya dini liderlərinin Sammiti ikinci dəfədir ki, Bakıda keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Azərbaycan dünyada millətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq mərkəzinə çevrilib”, fikri də rəsmi Bakının bu istiqamətdə yeritdiyi məqsədyönlü siyasətdən qaynaqlanır. Bu platforma bizə həm də əlavə təbliğat imkanları yaradır. Bir az aşağıda həmin təbliğatın doğurduğu təsiri görəcəksiz.

İsrail mediasında siyasi təhlilçi Arye Gut tərəfindən qələmə alınmış məqalənin adından başlayaq: “Azerbaijan is a true example of inter-civilizational and inter-confessional intercultural dialogue

The multiculturalism and tolerance, historically inherent in the lifestyle of Azerbaijanis, today have become an integral feature of the daily life of every citizen of the Azerbaijani state”. (Azərbaycan sivilizasiyalararası və konfessiyalararası, mədəniyyətlərarası dialoqun əsl nümunəsidir

Tarixən azərbaycanlıların həyat tərzinə xas olan multikulturalizm və tolerantlıq bu gün Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyatının ayrılmaz xüsusiyyətinə çevrilmişdir)

Qəzet yazır ki, bir neçə gün əvvəl Azərbaycan Respublikasının paytaxtı Bakı dini və etnik tolerantlıq baxımından da paytaxta çevrildi. Azərbaycan dövlətinin hədəfi unversal dəyərlər olan qarşılıqlı anlaşma, həmrəylik, tolerantlıq və multikulturalizmin inkişafı və gücləndirilməsi idi. Tarixən azərbaycanlıların həyat tərzinə xas olan multikulturalizm və tolerantlıq, etnik mənsubiyyətindən, dilindən və dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyatının ayrılmaz xüsusiyyətinə çevrilmişdir. Əsasən şiə ölkəsi olan Azərbaycanda qədim zərdüştilik, xristian və yəhudi icmaları da daxil olmaqla digər etnik və dini qruplar da yaşayır. Milli azlıqlara hörmət və dözümlülük, İpək Yolu dövründən günümüzə qədər ölkənin inkişafında mühüm rol oynamışdır.

Azərbaycanda dini və milli tolerantlıq ənənəsinin əsl sınağı Sovet İttifaqı dağıldıqdan sonra oldu. Həddən artıq gərgin bir zamanda Ermənistan etnik təmizləmə apardı və Azərbaycan torpaqlarının 20% -ni işğal etdi. Bunun nəticəsində Azərbaycanda 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün yaşayır.

Dəhşətli qanlı qarşıdurmaya baxmayaraq, Azərbaycan cəmiyyəti dinlər və etnik qruplar arasında həqiqi ahəngdarlığı və dialoqu qorudu. Azərbaycanlılar heç vaxt yəhudiləri əcnəbi hesab etməyiblər. 2600 ildir ki, yəhudi xalqı müasir Azərbaycan ərazisində heç vaxt təcavüz, təhqir, talan və antisemitizmə bağlı hərəkətlərlə üzləşməmişdir. Nə zamansa Azərbaycanda olmuş hər bir yəhudi orada yaşayan yəhudilərin təhlükəsizlik kordonundan keçmədən, milli geyimlərdə və şapkalarla sinaqoqda təhlükəsiz şəkildə getdiyini təsdiqləyə bilər. Bu gün bəzi inkişaf etmiş Qərb ölkələrində də bunu etmək demək olar ki, mümkün deyil və çox təhlükəlidir.

Qəzet daha sonra yazır ki, bu yaxınlarda Simon Viesenthal Mərkəzinin həmtəsisçisi və sədr müavini Ravvin Abraham Kuper ilə görüşdə Azərbaycan Prezidenti İlham Əliyev dedi: “Bu yaxınlarda Müstəqil Dövlətlər Birliyi ölkələrinin iclasında mən nasistlərə xidmət edən Qareqin Njdenin adını çəkdim. O, nasistlərə xidmət edib. Ermənistanda onun şərəfinə abidə ucaldılıb. Məhz o, “Almaniya naminə ölmək, Ermənistan naminə ölmək deməkdir”, fikrini dilə gətirmişdi. Bu şəxs müxtəlif millətlərin nümayəndələrinin, o cümlədən yəhudi xalqının qətlində iştirak edib. Qələbənin 75 illiyi ərəfəsində İrəvanın mərkəzində belə birisinə abidəyə qoyulmasına dözmək mümkündürmü? Ona görə də dostlarımızın – dünyadakı yəhudi icmalarının bizə qoşulacağını və Ermənistan hökumətini bu abidəni sökməyə məcbur ediləcəyinə ümid edirik”.

“Cənab Əliyevin bu açıqlaması yəhudi xalqına hörmət və ehtiramın nümayişidir. İsrail vətəndaşı olaraq bu bəyanatı MDB sammitində bəyan etməkdə göstərdiyi cəsarət və diplomatik bacarığa görə Əliyevə xüsusi təşəkkürümü bildirmək istəyirəm. İlham Əliyev postsovet məkanında və Şərqi Avropa ölkələri arasında yeganə dövlət başçısıdır ki, nasist Qareqin Njdenin Ermənistanda altı metrlik abidə ucaldılmasına etiraz edib”, yəhudi jurnalist belə yazır.

Azərbaycan prezidenti yəhudi ravvinə deyib ki, biz Holokostun dəhşətli cinayətlərində iştirak edən insanın milli qəhrəmanlara çevrilməsi qarşısında susmayacağıq.

Daha sonra jurnalist öz hisslərini qələmə alıb: “İsrail olaraq biz nasistlərə qulluq etmiş faşist və antisemit Qareqin Njdeyə İrəvanda üç il əvvəl ucaldılmış abidəyə necə cavab verə bilərik? Bəşəriyyətə qarşı cinayətdə ittiham olunan faşist cinayətkar bir millətin qəhrəmanı ola bilərmi? Njdenin xatirəsinin əbədiləşdirilməsi Holokost qurbanlarının xatirəsini təhqir edir. Bu, hər kəsi utandırmalı bir olaydı. Şəxsən mənim babamın bütün ailə üzvləri Ukraynadakı nasistlər tərəfindən məhv edilib, bu, indi də mənim ruhuma dözülməz ağrılar yaşadır. Bu, mənim üçün həm də fərdi faciədir”.

Görün daha sonra jurnalist hansı ittihamları səsləndirir: “Ermənistanda çox az sayda icma var. Bu ölkədə yəhudilər əxlaqi zoraklqla üzləşiblər. Bu zorakılıq antisemit xarakterli kitabların nəşrində, antisemit xarakterli verilişlərin televiziyada yayımlanmasında, eləcə də Holokost qurbanları ilə bağlı İrəvanda olan xatirə lövhəsinin dəfələrlə təhqir olunmasında özünü aydın şəkildə büruzə verir.

Mənim fikrimcə, Qareqin Njdeyə İrəvanda abidə qoyulması həm yəhudiləri, həm də sovet əsgərlərini məhv edən faşistin müasir Ermənistanda geniş miqyaslı kultunun yaradıldığını bir daha təsdiqləyir.

İsrail vətəndaşı olaraq, yalnız qürurla deyə bilərəm ki, Azərbaycan rəhbərliyi və şəxsən İlham Əliyev yəhudi icmasına böyük hörmət və ehtiram nümayiş etdirir. Cənab Əliyevin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazdakı ən böyük yəhudi təhsil mərkəzi inşa edilmişdir. Azərbaycanda ilk yəhudi muzeyinin yaradılması da planlaşdırılıb, bu, həm də Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq”.

Quba rayonunda yerləşən dünyaca məşhur Qırmızı Qəsəbənin “Qafqaz Qüdsü” adlandırılması da məqalədə xüsusi ilə vurğulanır. Dağ yəhudilərinin İsraildən kənarda yeganə yaşayış məskəni sayılan bu qəsəbəyə dövlət rəhbərliyi səviyyəsində xüsusi diqqət var. Yəhudilər və azərbaycanlılar bu bölgədə qardaşlar kimi dinc, ahəngdar bir həyat sürürlər.

İsrail dövləti də Azərbaycan rəhbərliyinin yəhudi icmasına münasibətdəki rolunu yüksək qiymətləndirir. Bu hörmət və tərəfdaşlıq ənənəsi Azərbaycan ilə İsrail arasında yaxın ikitərəfli münasibətlərin formalaşmasında xüsusi rol oynayır. Bu münasibətlər sadə qarşılıqlı maraqla izah edilə bilməz. Ümumi dəyərlər və ortaq tarix müasir dövrümüzdə bu iki ölkənin dövlətlərarası münasibətlərini tənzimləyir.

 

Gununsesi.org