Fermerlər vergiyə cəlb edilə bilər - VAHİD MƏHƏRRƏMOVUN RƏYİ

  • By admin
  • 13 Fevral 2018 17:04

Azərbaycan kənd təsərrüfatı sektorunda çalışanlar vergiyə çəlb oluna bilər. Gununsesi.info bunu Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadəyə istinadən xəbər verir.

“Vergi yükünü yox, vergi ödəyicilərinin sayını artırmaq lazımdır. Azərbaycanda əhalinin 35-36%-i kənd təsərrüfatı sahəsində çalışır. Bu də bu sahəni vergidən azad etmişik. Onların vergiyə cəlb edilməsi sahəsində müəyyən addımlar atmalıyıq”- Z.Səmədzadə qeyd edib.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov isə Gununsesi.info-ya şərhində bildirdi ki, vaxtilə kənd təsərrüfatı sektorunun vergiyə cəlb olunması barədə təklif irəli sürüblər: “Bizim məqsədimiz o idi ki, fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları vergi ödəyicisi kimi qeydiyyata alınsınlar. Və onlardan simvolik olaraq 1-2 faizlik vergi tutulsun. Bunun müqabilində fermerlərə verilən subsidiyaların həcmi artırılsın. Öz sahibkarlarımızı, fermerlərimizi sivil qaydada istehsala yönəltməliyik. Bununla onların istehsal etdikləri məhsulların həcmi barədə müəyyən mənada dəqiq, şəffaf məlumat əldə etmək olar. Yəni o vaxt təklifimizin kökündə bu dururdu”.

V.Məhərrəmov hesab edir ki, Ziyad Səmədzadənin verdiyi təklifin arxasında başqa məqsəd durur: “Hazırda ölkənin maliyyə gəlirləri azalıb, neft hasilatı aşağı düşüb. Ölkəyə daxil olan gəlirlər azalıb. Hökumət indi bu itkiləri digər sahələrdə kompensasiya etmək istəyir. Amma burada onlar istədiklərinə nail ola bilməyəcəklər. Bu gün kənd təsərrüfatı sektoru yüksək rentabelli sahə deyil. Hətta bir il gəlir götürə bilirlər, növbəti ildə zərərə uğrayırlar. 2017-ci ildə pambıq istehsalçıları 10 milyon manatlıq zərərə məruz qalıblar. Belə olan halda kəndli-fermer necə vergi ödəyə bilər?”

Mütəxəssis deyir ki, belə bir vəziyyətdə vergi tətbiq olunarsa, kəndlilər vergidən yayınmağa çalışacaqlar: “Kəndlilər istehsalda daha çox xərcin olduğunu göstərməyə başlayacaqlar. Ola bilsin, onlar üçün də sadələşdirilmiş vergini tətbiq edilsin. Bu, sahibkarlar üçün böyük problemlər yaradacaq. Onsuz da istehsalı aşağıdır, rentabellilik yoxdur, belə  bir vəziyyətdə vergi ödəmək ağır bir yük olacaq. Ona görə vergi ödəyib-ödəməyəcəklərinə dair suallar meydana çıxır. Amma bizim təklifimiz belə idi ki, hansı fermer nə qədər vergi ödəyirsə, o həcmə uyğun da istehsalçılara subsidiya verilsin”.

“Əgər vergini böyük fermer təsərrüfatlarına, holdinqlərə tətbiq edə bilərlərsə, bunu alqışlamaq olar. Həmin təsərrüfatlar dövlət büdcəsi hesabına yaranıb, sonra da məmurlara peşkəş edilib”- ekspert deyir.

V.Məhərrəmova görə, kiçik təsərrüfatları vergiyə cəlb etmək çox çətindir: “Çünki onların özlərinin əlavə vəsaitə ehtiyacları var, ucuz kreditlərə əlçatanlıqları yoxdur. Bu səbəbdən rəqabət qabiliyyətli məhsul istehsal edə bilmirlər. Bu formada kəndliləri vergidən, istehsaldan yayındırmağa çalışıb, sonra torpaqlarını əllərindən almaq üçün bir bəhanə axtaracaqlar. Bu gün pay torpaqlarının əllərindən alınması prosesi gedir”. 

Vüsalə Rüstəmova

Gununsesi.info