Fransalı tədqiqatçı erməni vəhşiliyini araşdırmaq üçün Tərtərə gəlib

  • By admin
  • 06 İyun 2016 11:51

Terter IH Bashchisi

Fransalı tədqiqatçı Didye Şode Tərtər rayonuna səfər edib. Xarici Siyasətin Analitik Təhlili Mərkəzinin təsisçisi, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq məqsədi ilə münaqişə haqqında kitab yazan fransalı tədqiqatçı Didye Şode Tərtər rayonuna səfər edib. Gununsesi.info-nun məlumatına görə, Didye Şode rayon icra hakimiyyətində olub. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonağa cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumatlandırıb. M. Məmmədov fransalı tədqiqatçıya bildirib ki, rayon ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri təxribatçı əməllərindən əl çəkmir, rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur. İşğal altında saxladıqları Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir ki, nəticədə əkin sahələrinin suvarılmasında çətinliklər yaranır. Qış fəslində isə düşmən suyu açaraq, əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olur. Ermənilər tərəfindən təmas xəttinə yaxın olan ərazilərdə yanğınlar törədilir. Bunun nəticəsində də ərazinin flora və faunası məhv olur, taxıl sahələri yanğına məruz qalır. Fransalı qonağın diqqətinə çatdırılıb ki, aprel ayında erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalıb: “Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Nəticədə 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 7 mülki şəxs yaralanıb, 3 nəfər dünyasını dəyişib. Dünyasını dəyişənlərdən ikisi məcburi köçkündür. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəyib”-,deyə o bildirib. Fransalı tədqiqatçı Didye Şode Tərtər şəhərində və Qapanlı kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış evlərə baş çəkib, sakinlərlə söhbət edib, dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub.

 

Gülnaz Qənbərli