“Freedom House” Azərbaycanda medianın durumunu tənqid edib

“Freedom House” Azərbaycanda medianın durumunu tənqid edib

 

Vaşinqtonda qərargahlanan Freedom House ATƏT-in bir sıra üzv ölkələrində jurnalistlərə hücumların və onların qorxudulması hallarının artmasından dərindən narahatlığını ifadə edib.

Gununsesi.org  xəbər verir ki, ATƏT-in Polşanın paytaxtı Varşavada keçirilən tədbirdə yayılan geniş bəyanatda Azərbaycanda azad mətbuatın susdurulması xüsusi nümunələrlə vurğulanır.

Təşkilat Azərbaycan, Qazaxıstan, Türkiyə, Rusiya, Ukrayna və onun Krım vilayətində jurnalistlərin əvvəlki kimi təhlükəsiz olmadığını qeyd edir.

Freedom House bildirir ki, son bir ildə bu ölkələrdə tənqidi səsləri susdurmaq üçün, eləcə də Krım tatarları, kürdlər kimi milli azlıqlara qarşı fiziki zorakılıq, hüquqi cəza tədbirləri, qarayaxma kampaniyaları, qısnamaların digər formalarından istifadə olunub.

“Bu səslərin susdurulması ATƏT üzvü ölkələrdə demokratiya, təhlükəsizlik və insan haqlarının durumuna davamlı təsir göstərir,” bəyanatda bildirilir.

Freedom House ATƏT-dən tələb edir ki, jurnalistləri qoruya bilməyən hökumətlərdən buna görə hesabatlılıq tələb etsin.

“Jurnalistlərinin öz işlərini görə bildiyi təhlükəsiz mühit ATƏT mexanizminin əsasında duran demokratik idealların sütunudur”, təşkilat qeyd edib.

Bundan əlavə Freedom House təşkilatı yuxarıda adı çəkilən ölkələrin hakimiyyətlərinə aşağıdakı çağırışları edir:

1. Jurnalistlərə qarşı hücumları hərtərəfli araşdırmaq və təqsirkarları cəzalandırmaq.

2. Hökumətlərin siyasi və ya tənqidi məqalələrə görə jurnalitlərə qarşı cinayət işlərindən sui-istifadə etməsinin qarşısını almaq üçün mexanizm qurmaq.

3. Etnik cəmiyyətləri təmsil edən jurnalistlərin, xüsusilə Krımın tatar əsilli jurnalistlərinin, insan haqları müxbirlərinin və Türkiyədəki kürd jurnalistlərin təqiblərinə son vermək.

4. Media azadlığı və jurnalistlərin təhlükəsizliyini yaxşılaşdırmaq istəyən mövcud qanun layihələrini nəzərdən keçirmək və təklif olunan tövsiyələri həyata keçirmək üçün DTİHB-yə (ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu) və RFoM-a (ATƏT-in media azadlığı) müraciət etmək.

Rəsmi Bakı beynəlxalq tənqidləri qəbul etmir. Ölkədə söz və mətbuat azadlıqlarının tam təmin edildiyini bildirir.

Gunay

Gununsesi.org 

COMMENTS