Gəncədə “İstedadlı Şagirdlərlə Biologiyadan Olimpiada Hazırlığı” yüksək marağa səbəb olub – FOTOLAR

  • By admin
  • 20 Noyabr 2019 15:18

İŞBOH (İstedadlı Şagirdlərlə Biologiyadan Olimpiada Hazırlığı) layihəsi Gəncə şəhərində 15 məktəbdə şagirdlər arasında hazırlıq fəaliyyətlərini genişləndirir. Gununsesi.org-un məlumatına görə, icrası 4 ay müddətinə nəzərdə tutulan layihənin əsas məqsədi, Kəlbəcər rayon Təhsil şöbəsinin Gəncə şəhərində yerləşən 15 tam orta məktəbinin   9 və 10-cu siniflərində oxuyan və həmin məktəblərdə öz istedadı ilə seçilən şagirdləri aşkar etmək və onların biologiya fənnindən RFO hazırlığını təşkil etməkdir. İŞBOH haqqında saytımıza açıqlama verən layihə rəhbəri Quluyev Elşən bildirdi ki, icrası dekabrın 21-i yekunlaşacaq layihənin müddəti bitdikdən sonra da, seçilən şagirdlərlə hazırlıqları davam edəcək.

Layihənin rəhbəri, Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbin biologiya müəllimi Quluyev Elşən onu da əlavə  etdi ki, son dövrlər respublikamızın təhsil mühitində aparılan köklü islahatlar, xüsusilə Respublika Fənn Olimpiadalarının (RFO) təşkili və keçirilməsi qaydalarında aparılmış dəyişikliklər şagirdlərin və müəllimlərin bu sahəyə olan marağının yüksəlməsinə səbəb olub.

“Mən 2018-ci ildə Təhsil insitutunun ölkə üzrə təşkil etdiyi “istedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsində qalib olmuşam. İstedadlı şagirdləri aşkar etmək və onların RFO hazırlığını təşkil etmək üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi”nə layihə – təklif forması göndərdim və layihəm qaliblərdən biri oldu”.

Elşən müəllim bildirdi ki, layihə əsasında 30 şagird seçiblər və onlarla hazırlıqları davam edir: “Dərslərimiz hər həftənin 6-ci günü saat 900 -dan 1300 –dək Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbin binasında keçirilir. Layihəyə maraq yüksək olduğundan, bəzi 7, 8 və 11 ci sinif şagirdləri də dərslərə qatılırlar”.

Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyinin təklif etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi”ndə fərdi kateqoriyada qalib olmuş layihələrdən biri də, “istedadlı şagirdlərlə biologiyadan olimpiada hazırlığı” layihəsidir.

 

Xatırladaq ki, müəllim Elşən Quluyev 2019-cu il oktyabr ayının 3-də ölkə başçısının  sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif edilib. Elşən müəllimə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayırıq!

 

 

 

 

Gununsesi.org