”Gərək, gedib edam olunaydı” -ZAHİD ORUC

  • By admin
  • 15 Fevral 2018 17:33

“Sənət adamlarının siyasi seçimi ətrafında müxalif camiyədən qaldırılan səs-küy NKVD irsinin əbədiyaşar mahiyyətini üzə çıxardı. Sən demə, o vaxtlar repressiya olunanların balaları indi böyük şövq və həvəslə başqalarını linç etməyə hazırdılar. Axı sovet genləri hələ yaşayır”.
Gununsesi.info xəbər verir ki, bunu deputat Zahid Oruc son günlərdə mədəniyyət xadimlərinin, şair və yazıçıların növbədənkənar seçki ilə bağlı bəzi müxalifət nümayəndələrinin səsləndirdiyi fikirlərə mövqeyini şərh edərkən deyib.
“Arif Hacılının şair ruhu antihakimiyyət pamfletləri üzərində kökləndiyindən o prezident seçkilərindən yalnız inqilab marşları oxumağa aludədir. Müsavatın himnində onu Allaha bənzətmək elə də ədəbi qəbahət sayıla bilməz, çünki onu azad ruhlu adam qələmə alıb. Amma Səməd Vurğunun partiya sevgisini nə qədər desən süngüyə taxmaq olar.Nədən ki, böyük şairimiz ideologiyanın və dövrün tələbinə uyub. Gərək, gedib edam olunaydı”- deyə, Z.Oruc vurğulayıb.
O əlavə edib ki, sovet yazıçılarını Stalinin qələm ordusuna çevirəndən sonra Nikita Xruşov dövründə heç kəsə lazım olmayan Aleksandr Fadeyevin özünüqəsdinə ağlayan adamlar çox qəribə bir məntiqlə hərəkət edirlər. “Deməli, Əkrəm Əylislini gördüyü yuxulardan ayıltmaq üçün hakimiyyət rəsmilərinin və milyonlarla sadə vətəndaşın qəzəbi yazıçıya basqı sayıla bilər, amma “gənc demokratiya qvardiyaçıları”nı təşkilatlandırıb iqtidarın üstünə aparan Əli Kərimli Anarı,Afaqı,Amaliyanı,bir sözlə müxalif himnlər bəsləməyən bütün sənətkarları mühakimə etməyə haqqı varmış.Görün, belələrində səlahiyyət olsaydı, neçə-neçə başları qələm kötüyünün üstünə sərərdilər”- Z.Oruc bildirib.

Demokratiya dövrünün NKVD-si və balaca fidanlar yenidən pöhrələnib meydana çıxmağa can atır. Heç olmasa, onda qələm müqəddəs idi…
Gununsesi.info