Gigiyena və Epidemiologiya Mərkəzi: Epidemiloji sabitlik nəzarət altındadır

  • By admin
  • 17 Avqust 2016 14:54

sahiyya

Bu gün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) fəaliyyətinə dair “Dəyirmi masa” təşkil olunub.

Gununsesi.info-nun məlumatına görə, tədbirdə GEM-in “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası qanunu ilə tənzimlənən istiqamətlər üzrə fəaliyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, mərkəzin əsas fəaliyyəti ölkə əhalisinin sağlamlığını insanı əhatə edən mühit amillərinin mənfi təsirlərindən qorumaq məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsinə yönəldilmiş tədbirlərin təşkili və həyata keçirilməsindən ibarətdir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tabeliyində olan 74 şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzləri, 6 dezinfeksiya stansiyaları və 45 profilaktik dezinfeksiya şöbələrinin fəaliyyətinə təşkilati-metodik rəhbərliyi təmin etməklə geniş miqyaslı tədbirlərin həyata keçirilməsini təşkil edir. Aparılan sosial və iqtisadi siyasətin nəticəsi olaraq əldə edilən güclü tərəqqi səhiyyənin profilaktik istiqamətinin aparıcı qüvvəsi olan sanitariya-epidemioloji xidmətin də fəaliyyətinin səmərəliliyinə öz müsbət təsirini göstərib.

Yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlər nəticəsində, vaxtaşırı olaraq qonşu ölkələrdə və ümumiyyətlə regionda müşahidə edilən epidemioloji gərginliyə baxmayaraq, ölkəmizdə epidemioloji sabitliyin təmin edilməsinə şərait yaranıb.

Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində aparılmış səmərəli profilaktik və əksepidemik tədbirlərin həyata keçirilməsi, ələlxüsus, profilaktik peyvənd işlərinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi nəticəsində idarəolunan xəstəliklərdən 1995-ci ildən poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2014-cü ildən qızılca və göyöskürək xəstəlikləri baş verməyib. Epidemik parotit xəstəliyinin minimum səviyyəsi müşahidə edilib.

2009-cu ildən tətbiqinə başlanılan, Beynəlxalq Təşkilatlar tərəfindən yüksək dəyərləndirilən Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sistemi keyfiyyətcə tam təkmilləşdirilib. Bütün yoluxucu xəstəliklərin qeydə alınması, epidemioloji vəziyyətin təhlil edilməsi, hətta rayon səviyyəsində yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində aparılan işlərin elektron qiymətləndirilməsinə imkan yaradıb.Yoluxucu xəstəliklərin profilaktikası, bu xəstəliklərdən ölüm və əlilliyin azaldılması və qarşısının alınması işində uşaqların peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir.

Yalnız son 5 il ərzində profilaktik peyvənd təqviminə B tipli hemofil infeksiyaya qarşı, pnevmokok əleyhinə vaksinlərin, 2016-cı ilin fevral ayından isə inaktivləşdirilmiş poliomielit vaksininin tətbiq edilməsi bu gün Azərbaycanda uşaqların, inkişaf etmiş Avropa ölkələrində olduğu kimi 11 xəstəliyə qarşı peyvənd edilməsini təmin edilib.

 Gununsesi.info