Güclü külək köçkünləri işıqsız qoydu - QAZLARI OLMAYAN AİLƏLƏRİN TRANSFORMATORU DA ALIŞIB-YANDI

  • By admin
  • 17 Yanvar 2019 19:10
Səhər saatlarından başlayan güclü külək Goranboyun Xoylu kəndində məskunlaşan Kəlbəcərdən olan məcburi köçkünləri işıqsız qoyub.
Kənd sakinlərinin  verdiyi məlumata görə güclü külək elektrik transformatorunu dayağı üzərindən qopararaq aşırıb və yaranmış qısaqapanma nəticəsində partlayış baş verərək kəndi elektrik enerjisiz qoyub.
Sakinlərin Goranboy Elektrik Paylayıcı Şəbəkəyə müraciəti də bu saatlaradək nəticə verməyib. Sakinlər problemin ictimailəşdirilərək müvafiq dövlət qurumlarının diqqətinə çatdırılmasını xahiş ediblər.
Onu da qeyd edək ki, köçkünlər yaşayan ərazidə qaz olmadığından enerjiyə olan tələbatları təkcə elektirikin payına düşür.
Yaşlı valideynlərinin və körpə övladlarının olduğunu deyən Kəlbəcər köçkünü Arif İbrahimov “Qaçqınkom”un biganəliyindən də danışıb.
Onun sözlərinə görə, yeni “Qaçqınkom” sədri təyinatından sonra problemlərinin həllinə ümidləri yaransa da bu boşa çıxıb: “Gəncədə Rövşən Rzayevin qəbulunda olduq. Söz verdi ki, 300 metr məsafədən keçən qaz xəttindən bizim ailələr üçün qaz çəkiləcək. Amma yayı, payız, payızı da qış əvəzlədi, Rövşən müəllimdən səs-soraq gəlmədi. Hansısa ucqar dağ kəndində yaşamırıq ki, bizə qaz çəkmək problem olsun. Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik nəticə olmayıb. Biz də axı bu ölkənin vətəndaşıyıq”.
Gununsesi.org