Günahların bağışlanması üçün insanın tutumu olmalıdır- BAĞIŞLANMAQ ÜÇÜN 6 AMİL

Günahların bağışlanması üçün insanın tutumu olmalıdır

Axirətini düşünən bir insan üçün ən mühüm mövzu – günahlarını necə məhv edə biləcəyidir. Çünki bu insanın əsil hədəfi – cavidan və əbədi behiştdir. “Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış cənnətə doğru tələsin”. (“Ali-İmran” 133).

 

İlahi rəhmət lütfü həmişə bəndələrinin üzərinə nur saçar və onları aydınladar. Ancaq bu İlahi nurdan bəhrələnmək üçün insanın tutumu olmalıdır. Bu tutumu yaradan amilləri tanıyaq.

 

1. İman. İnsan iman olmadan Allah tərəfindən olan bağışlanmanı əldə etmək qabiliyyətnə malik ola bilməz.“Günah işlər gördükdən sonra tövbə edən və iman gətirən kəslər, (bilsinlər ki,) həqiqətən sənin Rəbbin ondan (tövbədən) sonra çox bağışlayan və mehribandır”. (“Əraf” 153).

 

2. Tövbə. Pis və günah əməllərə görə tövbə etmək – insanın İlahi nuru qəbul etmək üçün tutumunu genişləndirər və bağışlanar. Əgər tövbə etməsə və günah etməyə davam etsə, Allah Təala ondan intiqam alar və bağışlamaz. “Nəhayət, onlardan intiqam aldıq və onları dənizdə batırdıq. Çünki Bizim ayələrimizi və nişanələrimizi təkzib etdilər və (ümumiyyətlə) onlardan qafil idilər”. (“Əraf” 136).

 

3. Saleh əməl. Saleh əməl ürəyi yumşaldar və günaha tərəf getməyə mane olar. Həmçinin günahların bağışlanmasına səbəb olar. “Əgər Allaha gözəl bir borc versəniz (mallarınızdan, məllərinizdən və övladlarınızdan Onun yolunda versəniz), onu(n mükafatını) sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah qədirbilən (əməli qiymətləndirərək gözəl mükafatlandıran)və həlimdir”. (“Təğabun” 17).

 

4. Kəbirə günahlardan çəkinmək. Əgər insan kəbirə günahlardan çəkinərsə, Allah da bəzi günahlarını bağışlayar. “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik”. (“Nisa” 31).

 

5. İlahi əmrlərə itaət etmək. İnsanın Allaha itaət etməsi və əmrlərini gözəl şəkildə yerinə yetirməsi səbəb olar ki, onunla Allah arasında sevgi rabitələri meydana gəlsin. Bu sevgi rabitələri günahların aradan getməsinə yardım edər. “De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır»”. (“Ali-İmran” 31).

 

6. Təvəssül. Bağışlanmağı istəyən hər bir insan Allahın sevimli bəndələrinə təvəssül edərsə, Allah ona rəhmət nəzəri salar. “Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər”. (“Nisa” 64).

Gununsesi.org

COMMENTS