“GünayBank”ın keçmiş sədr müavini məhkəməyə gətirilmədi - SƏBƏBİ

  • By admin
  • 05 Noyabr 2019 14:32

“GünayBank”ın keçmiş sədr müavininin məhkəməsi davam edir. 

Gununsesi.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Emin Zeynalovun cinayət işi üzrə məhkəmə iclası baş tutmayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasının baş tutmamasına səbəb təqsirləndirilən şəxsin məhkəməyə gətirilməməsi olub.

Məlumata görə, təqsirləndirilən şəxsin səhhətində problem olduğu üçün məhkəməyə gətirilməyib.

İttihama görə, Emin Zeynalov bankda qeyri-leqal pul dövriyyəsi sxemi qurub onlarla adamın 14 milyon manata yaxın vəsaitini mənimsəməkdə günahlandırılır.

Bildirilir ki, Emin Zeynalov ötən ilin aprelində “GünayBank” ASC-nin idarə heyətinin sədr müavini təyin edilməsindən sonra banka uçota alınmayan on milyonlarla manat vəsait cəlb edib və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 1-3 faiz pul ödəyib. Lakin bir müddət sonra vəsaitlərlə birlikdə yoxa çıxan E.Zeynalovun pulları onlayn valyuta birjası “Forex”-ə yatıraraq ziyana düşdüyü məlum olub.

Onun bankın Müşahidə Şurasının sədri və səhmlərinin 90 faizə yaxınının sahibi Mahmud Məmmədova da milyonlarla manat borcu yaranıb. Zərərçəkənlər Zeynalovun barəsində hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Emin Zeynalov “Kapital Bank”ın (adı “BUSBank” olanda) keçmiş rəhbəri Zakir Zeynalovun oğludur. Z. Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankı (BUS) İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. O, 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləyib. Daha sonra “Finans Lizinq” ASC Müşahidə şurasının sədri vəzifəsində çalışıb.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir.

Qeyd edilir ki, E. Zeynalovun pulunu mənimsədiyi şəxslər arasında yüksək vəzifəli məmurlar da var.

Musavat.com