Günel Həsənzadə: “Rayonlarda məni övladlarına istəyən valideynlərlə qarşılaşıram”

  • By admin
  • 15 Sentyabr 2016 14:42

 

g

“Çox ümid edirəm ki, məni bu il sevindirmək yadlarına düşər ”

Onları efirdən  xəbər və ya hansısa verilişin aparıcısı kimi  milyonlarla insan tanıyır.  İnsanlara doğmalaşan bu simaların istər şəxsi həyatı, istərsə də digər yaşam tərzi başqaları üçün həmişə maraq kəsb edir. Söhbət Azərbaycanın efir məkanının tanınmış simalarından- teleaparıcılardan gedir.

Gununsesi.info olaraq, teleaparıcıların efirdən kənar həyatı barəsində onların özündən soruşmaq qərarına gəldik. “Efirdən Kənar” adlandırdığımız layihə çərçivəsində bu dəfə onlar hansısa xəbərlərdən, yaxud da müəllifi olduqları verilişlərdən deyil, özlərindən danışacaqlar.

“Efirdən kənar” layihəsinin növbəti  qonağı “Space” televiziyasının “Banu” verilişindən hamının tanıdığı Günel Həsənzadə oldu.

Günel xanım, artıq neçə illərdir sizi “Space”-in efirindən izləyirik. Sizlə birlikdə televiziyaya gələnlərin əksəriyyəti vəzifələrdədir. Amma siz əksinə, deyəsən, vəzifədən qaçırsınız?

-Xalqın, tamaşaçının sevimlisi olmaq ən böyük vəzifədir. Əgər maşından düşərkən hər kəs bəylə gəlini qoyub sənin qabağına qaçırsa bu özü  ən gözəl vəzifədir. Əgər sənə İtaliyadan baxıb dəvət edirlərsə, xarici dövlətlərə çağırırlarsa, hansısa vəzifəyə ehtiyac qalır? Görürsən ki, səmimidirlər, nəyinsə xatirinə bunu etmirlər. Mən yaradıcı insanam vəzifə adamı deyiləm. Və o dediyiniz insanlardan bəzilərinin də ürəyi və istəyi günü bu gün də televiziyadadır. Imkanları olsa qayıdacaqlar.

Uzun zamandır çalışdığınız kanala xəyanət etmirsiniz. Dəyişikliyi sevməməkdən irəli gəlir?Başqa bir kanalda da xalqın sevimlisi ola bilərdiniz.

-Dəyişiklik etmək olar amma baxır harda və necə. “Daş düşdüyü yerdə ağır olar”. “Space”-də çalışmaq mənə  xoşdur. Hələki, heç bir yerə getmək fikrim yoxdur. (gülür)

Aparıcısı olduğunuz verilişlə azərbaycanın bölgələrini qarış-qarış gəzmisiniz, hal-hazırda da gəzib dolaşırsınız. Evlilik təklifi edən olubmu?

-Təbii ki (gülür)Valideynləri də bəyənib deyiblər, özləri də.

gunel

Təklifi müsbət cavablandırsaydınız rayonda yaşaya bilərdiniz?

-Bilmirəm. Mən bir az “tərki dünya” insanıyam. Özüm də bilmirəm yaşaya bilərəm ya yox. Rayona gedəndə şəhər üçün darıxıram. Şəhərdə isə rayon üçün. Deyib-gülsəm də mən bir az çətin insanam. Belə olduğuma baxmayın.

Tünd xasiyyətlilik uşaqlıqdandır yoxsa sonradan dəyişib?

-Deyəsən sonradan dəyişib. Böyüdükcə formalaşırsan. Uşaq vaxtı tamam başqa cür olursan.Sınırsan -sağalırsan, ağlayırsan-gülürsən, həyata baxışın dəyişir. Artıq kim oldu yanında ola bilməz bu yalnız sevdiklərin ola bilər.

ban2

Hadisələrin mərkəzində  olmağı sevirsiz yoxsa müşahidə etməyi?

-İzah etmək çətin olsa da deyim ki, mən insanlara nə qədər yaxınamsa bir o qədər də uzaqlığım var. Hamı  ilə deyib gülürəm amma əslində qapalı insanam. Düşünməyin ki, efirdəki gülüşüm yalandır. Yox yalan deyil. Saf  insanlarla təmasda olanda içimdə bir uşaq sevinci baş qaldırır. Əgər istəyim, gülüşüm yalan olsaydı sevilə bilməzdim . Çünki elin gözü tərəzidir. Rentgen şüalarından daha dəqiqdir. Bir azca falş olsa belə onu tez hiss edərlər. Bir sözlə olduğum kimiyəm.  Səs-küyü, insanları çox sevirəm.  Sadəcə  yaxın olduğum qədər  uzaq olmağı da bacarıram.

Sevirsinizsə o zaman uzaqlıq nəyə görədir?

-Uzaqlığımda özüm özümlə qala bilirəm. Tənhalığı sevmirəm. Amma təkliyə arada  qaçıram.

Adətən ailə həyatı  qurmayan qızların günahını anada axtarırlar. Siz necə düşünürsünüz?

-Xeyr. Yazıq analar. Azərbaycan cəmiyyəti elədir ki, nə olursa qadını günahlandırır. Nə olub qadınlarımıza? Gül tək zərif, mərd, kişi kimi qadınlarımız var. Avropa sizcə niyə inkişaf etdi? Çünki tərəqqipərvər qadınlar  önə çıxdılar. Bizdə nə olsa qadın günahkar olur. Kişilik qazanıb gətirmək deyil. Tərbiyə də bərabər verilməlidir. Hər şey Allahın əlindədir. Demək ki, qismət belədir. Allah deyir ki, “mən bir insanı qaldıraram min insan yıxa bilməz, bir insanı yıxaram mini qaldıra bilməz”. Demək ki, belə də olmalı imiş. Allah bir tərəfdən açanda digər tərəfdən bağlayır,əvəzində xalqın sevimlisi olmaq varmış. Amma mən həmişə demişəm ki, qadının ən böyük karyerası onun ailəsidir. Şükür Allaha uğurumdan razıyam. Gedəndə görürəm ki, məni həqiqətən sevirlər, həsrətlə qabağıma qaçanlar olur, yerimdə olmaq istəyənlər də var. Mən bunu tez hiss edirəm. Əgər qarşıma 10 nəfər gəlirsə onun 9-u üzümə gülür, biri gülümsəyir. Mən həssas adamam .  Əgər başqa münasibət hiss etsəm o yerdə heçnə alına bilməz . Nə ünsiyyət, nə çəkiliş, nə də istilik. Çünki  mən küsəyən biriyəm(gülür). Nəsə hiss etsəm o dəqiqə o yeri tərk edə bilirəm.

 İmkan olsa başqa bir proyektdə çalışarsınız?

-Bununla bərabər ola bilər. Amma baxır nə proyekdir. Efir xatirinə yox,  gərək bəyənim. Mən bir az ruh adamıyam gərək ruhumu oxşasın. Amma artıq yazarlığa keçmək istəyirəm. Bəzi yazılarım var, sandıq ədəbiyyatıdır. Gələcək üçün kitab şəklində nəşr etdirmək istəyirəm.

Təhsilinizi kinorejissorluğ üzrə almısınız. Niyə davam etdirməmisiniz?

-Səbrim yoxdu. Baxmayaraq ki, rejissor kimi etdiyim işlər yaxşı idi. Böyük səbr lazımdı. Bəzən hansısa seriala baxanda deyirəm halaldı rejissora mən bacarmazdım.Hansısa filmi çəkmək üçün səbr lazımdı o isə məndə yoxdu. Bundan sonra da alınmaz. Artıq müəllifliyə üstünlük verirəm. İstəyim yazmaqdır. Mən paxıl insan deyiləm. Əgər paxıl olsaydım indi haralardaydım.. Başqasının uğuruna baxıb sevinməyi bacarıram. İstəyirəm kinoteatrlar, teatrlar əvvəlki dövrlərinə qayıtsınlar. Yenə də insanlar bəzənib-düzənib  teatra getsinlər.

Rejissorluqdan televiziya aləminə keçid prosesi necə baş verdi?

-“Space” televiziyasında elan verildi. Xala oğlu  Eldəniz yeri gəlmişkən uğur açarım odur(gülür)tərcümeyi halımı aparıb kanala verdi. Amma sağ olsunlar “space” – dən öncə  Orxan Fikrət oğlu və Davud İmanov mənə böyük köməklik edib “Mir” telekompaniyasına aparmışdılar.  Eldəniz CV–ni   “Space”-ə verdikdən sonra  çağırdılar getdim və lazım olan mərhələlərdən keçdim. Kanalın proqram şöbəsinin  prodüser kimi işə  götürdülər. Bir dəfə “Günaydın” erilişi üçün  ssenari yazdım Nadir Bədəlov bəyəndi və rejissor kimi davam elədim.  Yeri gəlmişkən deyim ki, Nadir Bədəlov böyük insandır. O insanın gərək öz məktəbi olsun. Sonra yavaş-yavaş süjetlər etdim  mənə dedi ki, öz qələmin var gəl sən özün də efirə çıx. Sonra verilişlərin sayı artdı. Ən uğurlu “Münəccim” oldu. Bir gecədə tanındım. Axşam veriliş oldu və səhər artıq hamı barmağı ilə məni göstərib deyirdi:” dünənki qız”. BU uğurlarıma görə çox insanlara borcluyam Allaha çox şükür edirəm ki, yanımdakı insanlar məni daim qabağa itələyib ayağımın altından çəkməyiblər. Rasim Ocaqov, Orxan Fikrətoğlu, Davud İmanov, Nadir Bədəlov, Afaq Vasifqızı, Nərgiz Cəlilova, Natiq Ağayev  və bu gün də uğurlu layihəm olan “Banu” verilişinə görə çalışdığım kanalın prezidenti Vaqif Mustafayevə təşəkkür edirəm. O mənə bu təklifi edib,  bu gün də maraqla izlənir.

Özünüz üçün istədiyiniz  nədir?

-Çoxlu pul(gülür).

Pulla nəyi dəyişərdiniz?

-Sakit bir həyat istəyirəm. Hal-hazırda evlə bağlı problemlərim var.  Məni çox yorur  bəzən ruhdan belə düşürəm.

İlin sonu bir qrup jurnalistə ev verilməsi gözlənilir. Siyahıda adınız ola bilərmi?

-Mən çox ümid edirəm ki, bu il məni yaddan çıxarmayacaqlar. Gözləyirəm. Hər halda artıq 20 illik televiziya xidmətim və təcrübəm var. Hazırladığım verilişlər tamaşaçılar tərəfindən sevilib.

Dediniz tanınmaq o qədər də ürəyinizcə deyil. Amma məhşurluq böyük xoşbəxtlikdir. Elə deyilmi?

-Kaş o qədər insana tanınmaq əvəzinə  bir dənə xoşbəxt ailəmə tanınardın.Əslində bacardığım budur deyə aparıcılıq edirəm başqa bir şey bacarsaydım tanınmadan, rahat  yaşayardım. Problemlər olmasa kənara çəkilib özüm üçün yazaram heç müsahibə də vermərəm. Bir ailəm, secdiyim dostlarım bir də qələm kağızım vəssalam. Sevdiyim və etibar etdiyim insanlar.

Necə bir şəxs olmalıdır ki, Günel xanımı yaxşı həyat yoldaşı olacağına inandırsın.

O planla baş vermir. Bir də görürsənki düşmənini belə sevə bilirsən. Və ya sevdiyin sənə hamıdan yad olur. Yəni sevgi özü də ruh halı. Ruh tutmalıdır o insanı. Ruh tutarsa xoşagəlməz xasiyyətlərini də sevəcəksən.

gunel1

Deyirsiniz Azərbaycanda belə bir şəxs yoxdu?

-Yəqin mən özümə qapanmışam. Çərçivədəyəm. Hələki ruhumun tutduğu- ruhumun sevdiyi ruhumun güldüyü- ruhumun onunla birgə ölə biləcəyi İNSAN yox.

Sevinc Xeyrulla

Gununsesi.info