Həddini keçmiş oliqarxlar yavaş-yavaş kənarlaşdırılır- ERKƏN PARLAMENT SEÇKİLƏRİ MÜMKÜNDÜRMÜ?

Həddini keçmiş oliqarxlar yavaş-yavaş kənarlaşdırılır

 

Erkən seçkilərin zəruri olub-olmaması siyasi müstəvidə müzakirələrə açıq olan mövzudur. Lakin hüquqi baxımından onun keçirilməsinə zəmin varmı?

Gununsesi.org bildirir ki, BBC News Azərbaycanca bu sualla vətəndaş cəmiyyəti və demokratik institutların inkişafı üzrə “Konstitusiya” Araşdırmalar fondunun rəhbərinə müraciət edib.

“Mühüm dövlət orqanları öz funksiyalarını yerinə yetirə bilirsə, hakimiyyət qolları arasında konflikt yoxdursa, demək ki, seçkiləri ertələməyə də ehtiyac qalmır”, – Əliməmməd Nuriyev deyib.

“2020-ci ildə keçiriləcək seçkilərədək parlamentdə boş qalan 6 yeri əvəzləmək üçün həmin yerlərə əlavə seçkilər keçirilə bilər”, o deyir.

Seçkilərə ehtiyac qalmırsa, bu mövzunun gündəmə gəlməsinin səbəbi nədir?

Əli Əhmədov bu suala cavabında deyib ki, “Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı şayiələrin səbəbini” bilmir.

Ekspertlər arasında səslənən versiyalardan birinə görə, növbədənkənar seçkilər barədə məlumatlar ictimai rəyin öyrənilməsi üçün ortaya atılıb.

Oxford Universitetinin təhlilçisi Leyla Əliyeva sonuncu fikirlə razı olduğunu bildirir.

“Reaksiyanı yoxlamaq cəhdidir. Hakimiyyət görmək istəyir ki, səfərbərlik prosesləri necə gedəcək. Güman ki, erkən seçkilərin mümkün riskləri ölçülür, hesablamalar aparılır”.

BBC Azərbaycancaya danısan Leyla Əliyevanın sözlərinə görə, hazırda iqtidarın məqsədi hakimiyyətə hədə təşkil edən təhlükələri aradan qaldırmaqdır.

“Təbii ki, nüfuzu artan oliqarxları təmsil edən millət vəkilləri var. Bu, hakimiyyət monopoliyasına hədə kimi nəzərdən keçirilə bilərdi. Amma həddini keçmiş oliqarxlar yavaş-yavaş kənarlaşdırılır. Hazırkı vəziyyətdə parlamenti buraxmaq yalnız təzə risklər yarada bilər”.

Bu baxımdan növbədənkənar seçkilərin faydası o qədər də çox deyil. Amma, xüsusilə də səsvermə vaxtı, vəziyyətin nəzarət altından çıxa bilməsi ciddi risklər yarada bilər, Leyla Əliyeva deyir.

Bu deməkdirmi ki, erkən parlament seçkiləri artıq aktuallığını itirib?

Erkin Qədirlinin fikrincə, seçkiləri zəruri edən məsələlər hələ də gündəmdə qalmaqdadır.

“Parlament yenilənməyə uyğun gəlmir. Hakimiyyətdə yeni təyinatlar oldu. Lakin parlamentdə oliqarxik quruluş yeni qüvvələr nisbətini əks etdirmir. Onu yeniliyə uyğunlaşdırmağa ehtiyac var”.

Onun sözlərinə görə, iqtidar qarşısında duran gündəmin məntiqi məhz yeni seçkiləri diktə edir.

“Bir il ərzində çox şey ola bilər: inflyasiya, devalvasiya, neft qiymətləri düşə bilər. Hakimiyyətin reytinqi dəyişə bilər. Proses küçəyə çıxa bilər. Prezident siyasi məhbusları buraxdı. Xalqın arasına çıxdı. Bu yüksəliş dalğasında seçki keçirmək daha məntiqli ola bilərdi”.

“Seçkilər barədə müzakirələr islahatlar tələb edənlər üçün nəzərdə tutulan demokratikləşmə imitasiyasıdır”, – Leyla Əliyeva belə hesab edir.

O, hazırda Azərbaycanda “razılaşdırılmış demokratiya” əlamətlərinin nəzərə çarpdığını deyir.

Belə bir quruluş iqtidarla elitalar arasında sövdələşmələrə əsaslanır, – Leyla Əliyeva deyir.

COMMENTS