Hər il Həccə getmək şübhəli görünür- RAFİQ ƏLİYEVDƏN SENSASİON AÇIQLAMA

Hər il Həccə getmək şübhəli görünür

Xəbər verdiyimiz kimi Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. 

Lakin bu il ötən ilə nisbətən qiymətlər bahadır. Belə ki, Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Qeyd edilir ki, ziyarətin ötənilkindən bir qədər baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin bahalaşması ilə əlaqədardır.

Buna baxmayaraq əksəriyyət düşünür ki, ziyarətə bu qədər pul verməkdənsə, hansısa kasıba, və ya köməyə ehtiyacı olana əl uzatmaq daha böyük savabdır.

Gununsesi.org-un xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, dinşünas alim Rafiq Əliyev “Yeni Sabah”a açıqlamasında qeyd edib ki, bu cür düşüncələr yanlışdır:

“Həccə gedib gəlmək imkanı olan və bunu yerinə yetirməyən insan müəyyən mənada günah işlətmiş olur. Ziyarət pulu baha olduğu üçün bu il  getmək istəməyənlər gələn il gedə bilərlər. Amma bu ziyarət üçün yığdığı pulu insanlara xərcləyib, onların vəziyyətini yaxşılaşdırmaq, əl uzatmaq Həcci əvəz etmir.

Adətən biz Ramazanda deyirik ki, başqasına yemək vermək, üç-dörd nəfərə  kömək etmək bir gün oruc tutmağın qəzasını  ortadan götürür. Lakin Həccə yığılmış pul elə onun üçün də xərclənməlidir. Əgər yoxdursa, pul saxlayırsan, onu artırırsan və imkan olan kimi ziyarət edirsən. Həcci əvəz edəcək ikinci prosedur yoxdur”.

R.Əliyev qeyd edib ki, bir neçə dəfə Həccə gedən adamlar izafi xərc edirlər:

“Digər tərəfdən Məhəmməd peyğəmbər ömrü boyu Həcc ziyarətində cəmi bir dəfə olub. Bir neçə dəfə ziyarətə getmək insanlara daha  çox bəraət qazandırardısa, onların günahlarını yuyardısa, peyğəmbər də dəfələrlə bunu edərdi. Dini nöqteyi-nəzərdən Həccə bir dəfə getmək kifayətdir. Qalanlar hamısı izafi xərclərdir. Nə olsun 5 dəfə Həccə getmisən? Bunu edə bilərsən, amma gəlib başqa elə bir iş görərsən ki, hamısı ortadan çıxar. 5-6 dəfə Həccə getmək üçün birincisi pul lazımdır. Bu gün halal pul yığıb, ildə 7 min manat verərək ziyarət etmək çox çətindir. Nəzərə almaq lazımdır ki, halal pulla getməyəndə Həcc ziyarəti də qəbul edilmir. Əgər dəfələrlə ziyarət etməyi mənəvi rahatlığın təmini kimi düşünürlərsə, elə birinci Həccdən sonra onu qazanırsan. Həmin rahatlıq daxilində, şüuraltında qalır, sənlə Allah arasındakı münasibətlərin tənzimlənməsində xeyrinə nəsə deyir. Mən adam tanıyıram ki, 10 dəfə Həccə gedib. Onların bəziləri başqa məqsədlər üçün gedirlər – ticarət, özünü kimlərə göstərmək və.s. Həccə getməyin halal pulu var.  Amma biz bu gün maaşımızla Həccə gedə bilərikmi? Mən şəxsən hər il gedə bilmərəm. Halbuki 1200-1300 manat pul alıram. Hər il Həcc ziyarəti etmək bir az şübhəli kimi görünür”.

Gununsesi.org 

COMMENTS