Həvəs prinsiplərə çevriləndə uğur da asan olur- ALMANİYADA TƏQAÜD PROQRAMINI QAZANAN MÜNƏVVƏR QULUYEVA

Həvəs prinsiplərə çevriləndə uğur da asan olur

Sosial şəbəkələrdə  azərbaycanlı gənc Münəvvər Quluyevanın Almaniya höküməti tərəfindən hüquq üzrə ayrılmış iki təqaüddən birini qazanması böyük marağa səbəb oldu.  

Qeyd edək ki, onlarla ölkədən iddialı olan bu təqaüdü qazanan Münəvvər Quluyeva Bakıda Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının məzunu olub.

Gününsesi.org-un əməkdaşı həmin gənci daha yaxından tanımaq və uğur hekayəsini eşitmək üçün onun özüylə həmsöhbət olub.

Beləliklə, həmsöhbətimiz Almaniyada Saarland Universitetinin maqistr üzrə tələbəsi Münəvvər Quluyevadır.

 

  • Gəlin, əvvəlcə sizi oxucularımıza tanıdaq. Münəvvər kimdir? 

Mən Münəvvər, 23 yaşım var. Hal-hazırda Lüksemburqda yaşayıram. Orta təhsilimi Rusiyanın Moskva şəhərində almışam. Bakalavrı isə təqaüdlə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında oxumuşam.

2018-ci ildə universitetin Hüquqşünaslıq ixtisasını fərqlənmə diplomu ilə bitirmişəm. Bundan sonra Lüksemburqda Alman şirkətində praktika keçməkdəyəm və Almaniyada hüquq üzrə təqaüdlə maqistr təhsili alıram.

Hüququn hansı sahəsində təhsil alırsınız?

Mən qəbul olduğum fakultə digərləridən çox fərqlidir. Belə ki, ümumilikdə ‘Beynəlxalq və Avropa hüququ’ adlansa da tələbə yalnız ixtisaslaşmaq istədiyi sahənin fənlərini götürür və ixtisasına aid olmayan fənləri götürmək məcburiyyətində deyil. Ümumilikdə 5 ixtisas mövcuddur, mən Xarici Ticarət və İnvestisiya Hüququnu seçmişəm. Bu ixtisası seçməyimə səbəb isə biznesə böyük marağımın olmasıdır. Bundan əlavə Lüksemburqda bu sahə ən çox tələbatda olan sahələrdəndir.

Aldığınız təqaüddən danışa bilərsinizmi?

Alman hökümətinin maliyələşdirdiyi Deutschlandstipendium təqaüdünü qazanmışam. Normalda hər il  iyun ayında elan olunur. Təqaüdə namizədləri bir çox meyarlara görə seçirlər. Bunların arasında akademik göstəricilər, sosial aktivlik, motivasiya məktubu, gələcək planlar və s. var.

Qeyd edim ki, bu təqaüd hüquq üzrə Almaniyada Europa-İnstitut’a qəbul olmuş 70-ə yaxın seçilmiş tələbə içində yalnız 2 nəfərə verilir.

Bu təqaüd yaşayış xərclərini qarşılamaq üçün nəzərdə tutulub, təhsil haqqını qarşılamır. Mənim Lüksemburqda keçdiyim praktika ödənişlidir deyə qazandığım pulla öz  təhsil haqqımı qarşıladım.

Təqaüdlə bağlı sualı olan gənclər mənə müraciət edə bilər.

Yaşamaq üçün Lüksemburqu seçməyinizin səbəbi nədir? Ölkənin hansı cəhətlərini vurğulaya bilərsiniz?

Lüksemburqu ideal hesab etməyimə bir çox səbəb var. Buranın nəqliyyat, sığorta, səhiyyə və təhsil sistemini çox bəyənirəm. Rəsmi olaraq Lüksemburq dünyanın ən təhlükəsiz ölkəsi hesab olunur. Burda insan özünü yad immiqrant kimi hiss etmir çünki əhalinin 50%-i immiqrantdır. Məncə çoxlarına bəllidir ki, Lüksemburqda maaş dünyada öndədir.

Görünür ki, evliliyiniz karyera və digər ambisiyalarınıza mane olmayıb…

Bizim cəmiyyətdə çox vaxt düşünürlər ki, əgər bir qadın ailə həyatı qurdusa o, artıq təhsil və karyera haqqında düşünə bilməz. Özünün hədəf və inkişaf planını ailəsinə ‘qurban’ verməlidi.

Mənim inandığım budur ki, hər bir qızın təhsil alma və karyera haqda düşünmə haqqı var. Uşaqlıqdan valideynlərim məni yaxşı təhsilə, karyeraya həvəsləndirib və həmişə dəstək olublar. Zaman keçdikcə həmin həvəsim prinsipə çevrilib və prinsiplərim həyat yoldaşım Eminin dəstəyilə daha da artdı.

Düşünürəm ki, əgər iki insan oxşar baxışa malikdilərsə, eyni ambisiyaları varsa, o zaman ailədə qadının uğurlu olması kişini qıcıqlandırmayacaq. Mənim üçün evlilik nəinki mane yaratmayıb əksinə çox böyük dəstək olub. Çünki necə deyərlər, ‘güc birlikdədir’. Hər işdə bir-birimizə dəstək oluruq.

Bildiyimiz qədərilə həyat yoldaşınızla startup qurmusunuz. Bu necə baş verdi? Bir tərəfdə təhsil, praktika və digər tərəfdə şirkəti idarə etmək çətin deyil?

Bəli yoldaşımla startup qurmuşuq və oktyabr ayında qlobal bazara çıxmağı planlayırıq. Əlbəttə ki, asan deyil bəzən gecələri yatmayıb proyektin üzərində çalışırıq. Artıq 6 aydır ki, gərgin işlər gedir. Amma gördüyümüz iş bizə maraqlı gəldiyindən bu, xoş bir yorğunluq olur. Çatdırmağa gəlincə isə mənim üçün ‘vaxtım çatmadı’ ifadəsi bəhanədən başqa bir şey deyil. Şəxs öz vaxtını düzgün bölüb planlayanda və prioritetlərini seçəndə hər şeyi çatdıra bilər.

Gələcəkdə başqa ölkəyə köçməyi və ya Azərbaycana qayıtmağı planlayırsınızmı?

Biz yoldaşımla macəra sevən insanlarıq və yeniliklərə daima açığıq. Lakin hələki yaxın 3 ili Lüksemburqda qalmağı planlayırıq. Haçansa gələcəkdə Azərbaycana qayıdıb biliklərimizlə ölkəmizə töhfə verməyi də düşünürük.

Azərbaycanda sanki bəzi qadınlar azadlıqdan, fikirlərini ifadə etməkdən və ümumiyyətlə aktiv olmaqdan çəkinirlər. Sizcə buna səbəb nədir?

Mən düşünürəm ki, hər şey ailədən başlayır. Əgər bir evdə oğlan uşağını daha üstün tuturlarsa ‘sən qızsan, otur oturduğun yerdə, qız uşağı səsini qaldırmaz,  qız nədi xaricdə oxumaq nədi’ kimi ifadələr işlədilirsə normal olaraq o qız uşağı böyüyəndə komplekslərlə dolu və özünə güvənməyən, sərbəst qərarlar verə bilməyən bir qadına çevrilir. Uşaqlıqdan valideynlər övladlarına əksər mövzularda seçim azadlığı verməlidilər.

Mən xoşbəxtəm ki, mənim səsim ailəmdə həmişə eşidilib və nəzərə alınıb. Hazırda həyat yoldaşımla cəmiyyətimizdə bu problemlə mübarizə üçün edə biləcəklərimizi ciddi müzakirə edirik.

Bizim cəmiyyətdə yeniyetmələr bəzən valideynlərinin verdiyi azadlığı yalnış istiqamətdə istifadə edir. Mənə görə azadlıq amili mükəmməl şəxsiyyət və karyera istiqamətində sərf olunmalıdı. Təəssüf ki, bu amilləri tam kənara qoyub azadlığı sırf gecə klubları, içkilər, narkotik vasitələrə sərf edənlər az olmur. Əylənmək də həyatın bir parçası olmalıdı amma inkişafı kənara qoyan ‘azad adam’ cəmiyyətdə digərlərinə nümunə ola bilməz.

Sosial şəbəkələrdəki hesablarınızda paylaşdığınız fotolardan görünür ki, səyahət etməyi çox sevirsiniz. Səyahət zamanı başınıza gələn ən maraqlı hadisəni danışın.

Bəli, səyahət etmək yoldaşımla mənim ən əsas hobbimizdir. Hər ay çalışırıq yeni bir ölkəni  kəşf edək.

Və səyahət zamanı başımıza çox macəralar gəlir. Məsələn, bir dəfə İtaliyanın bir şəhərindən  digərinə  getdiyimizi planlamışdıq,  amma avtobusda yatıb qalmışdıq deyə oyananda gördük ki, Sloveniya ilə Xorvatiyanın sərhədindəyik. (gülür)

Müsahibənizi oxuyan həmyaşıdlara, xüsusilə xanımlara nə məsləhət görərsiniz?

Özlərinə güvənməyi, özlərinə  dəyər verməyi, daima üzərilərində çalışmaqlarını təklif edirəm. Daima nümunəvi insanlarla yoldaşlıq etsinlər çünki bu,onların kamilləşməsinə kömək edəcək. Tanışlarının uğurlarında sevinclərini paylaşsınlar. Bunlardan başqa hədəflərini xəyal edib o istiqamətdə addımlar atmaq lazımdı. Bunları etdikdən sonra uğur qaçılmaz olur deyə düşünürəm.

 

Gunay Təhməzova

Gununsesi.org

COMMENTS