Həbsdəki müstəntiqdən Məmməd İsmayıla təbrik məktubu

  • By admin
  • 10 Dekabr 2018 15:04

Hazırda həbsdə olan sabiq müstəntiq Rüfət Səfərov şair Məmməd İsmayıla təbrik ünvanlayıb.

Gununsesi.org-un xəbərinə görə, buna səbəb şairin bu yaxınlarda mükafata layiq görülməsidir.

Rüfət Səfərov təbrik məktubunda yazır:

Çox hörmətli Məmməd müəllim!

Sizi həbsxana divarları arasından ürəkdən salamlayır və İ. Annenski adına yüksək mükafata layiq görüldüyünüzə görə səmimi qəlbdən təbrik edirəm.

Taleyin mənə nəsib etdiyi arzu və istəklərimi şəxsinizə ifadə etməklə özümü bəxtiyar hesab edirəm. Ziyalı sözünün bir neçə qarşılığı ola bilər. Fikrimcə, onların içərisində ən mükəmməli və bu dərinliyi tam ehtiva etməyə gücü çatan işıq sözüdür. Bu işıqdan mənə pay verdiyiniz üçün Sizə böyük minnətdarlığımı və şükranlarımı bildirirəm. İradəmin möhkəmliyini, haqsızlığa, ədalətsizliyə qarşı mübarizə yollarında əqidəmin üstünlüyünü qorumaqda Sizin kimi dəyərli və işıqlı insanlarımızın dəstəyinin xüsusi əhəmiyyət daşıdığını yüksək diqqətinizə çatdırmağı özümə mənəvi bir borc sayıram.

Məmməd müəllim, hüquqlarımın Müdafiə Komitəsinə göstərdiyiniz dəstəyi və komitənin üzvü olaraq hökumətə çağrışlarınızı heç vaxt unutmayacağam. Bütün bunlara görə var olun!!!

İşığınız həmişə yansın, dərdlərimizin üzərinə bir aydınlıq gətirsin.

Bir daha yüksək mükafata görə Sizi təbrik edir və Tanrıdan Sizə sağlıqlı ömür diləyirəm.

Dərin hörmətlə, Rüfət. 9 saylı cəzaçəkmə müəssisəsi. 10 dekabr 2018-ci il.

Gununsesi.org