Həqiqi ağıl sahibləri

  • By admin
  • 14 Yanvar 2020 10:59

Bismilləhir-Rahmənir-Rahim!

Əyyami-Fatimə (s.ə) günlərini yaşayırıq. Bu əyyam – Həzrət Fatimənin (s.ə) dünyadan getməsi ehtimalını ehtiva edən tarixlərin arasında olan günlərdir. Bu əyyam elə günlərdəndir ki, məzhəbindən, firqəsindən asılı olmayaraq, bütün müsəlmanların ürəyi qan ağlayır. Bu günlərdə Həzrət Zəhra (s.ə) – Peyğəmbərimizin (s) “gözümün işığı” adlandırdığı iffət və sədaqət rəmzi olan Xanım dünyasını dəyişmişdir.

 

 

İlahi qəzəbin və İlahi məhəbbətin meyarı

Həzrət Zəhra (s.ə) – bu müqəddəs xanım – Əhli-Beytin (ə) mübarək üzvüdür. Həmin o Əhli-Beytin (ə) ki, müqəddəs Kitabımızda onlara məhəbbətin vacibliyi barədə Allah Təala belə buyurub: “Ey Peyğəmbər! (İman gətirənlərə) de: Öz risalətim üçün sizdən, mənim Əhli-Beytimə (ə) məhəbbətdən başqa bir minnətdarlıq istəmirəm”. (“Şura” surəsi, 23).

 

Həzrət Zəhranın (s.ə) mübarək timsalında bəşəriyyət İslamın qadına verdiyi ən yüksək dəyəri görmüşdür. Bir toplumda ki, təzə dünyaya gəlmiş qız uşağını diri-diri torpağa basdırırdılar, bir toplumda ki, qadın əşya kimi qəbul edilirdi, heç bir hüququ yox idi – burada Peyğəmbərimizin (s) mübarək bağının nəcib meyvəsi olan Həzrət Zəhra (s.ə) kimi bütün dövrlərə ibrət olan bir insan irəli çıxır və əsrlərin ətalətini dağıdaraq, qadının həqiqi dəyərini insanlara çatdırır.

 

Bəli, İslam dini gəlir və qadının həqiqi dəyərini verir. Bunun ən yaxşı təzahürünü Həzrət Zəhranın (s.ə) timsalında görürük. Qadınların simvolu olan bu Xanım (s.ə), bir funksiya ilə müəyyənləşdirilir ki, misli belə yoxdur. Həzrət Zəhra İlahi qəzəbin və İlahi məhəbbətin meyarı kimi bəşəriyyətə tanıtdırılır.

Həzrət Peyğəmbərdən (s) nəql edirlər: «Fatimə – mənim bədənimin bir parçasıdır, gözümün işığıdır, qəlbimin meyvəsidir. O şey ki, onu qəzəbləndirir, məni qəzəbləndirmişdir; o şey ki, onu sevindirir, məni sevindirmişdir. O, Əhli-Beytdən mənə qovuşacaq ilk şəxsdir».

Həzrət Zəhranın (s.ə) bu cür uca məqamı o deməkdir ki, Xanım (s.ə) – haqla batilin müəyyən edilməsinin göstəricisidir Zəhranı (s.ə) qəzəbləndirən – Peyğəmbəri (s) qəzəbləndirər. O kəs ki, Peyğəmbəri (s) qəzəbləndirər – Allahı qəzəbləndirmiş olur. Və əksinə, Həzrət Zəhranı (s. ə) sevindirən – Rəsuli-Əkrəmi (s) şad etmişdir. O kəs ki, Rəsuli-Əkrəmi (s) şad edər – Allah Təalanı sevindirmiş olur. Bax, bu cür yüksək dərəcə verilir Xanıma (s.ə). Və Zəhra (s.ə) vasitəsilə, yüksək dərəcə ümumilikdə qadına verilir.

 

 

Niyə məxfi qaldı?

Hər bir müsəlmanın özünə veriləcək suallar arasında ən mühümü odur ki, bəs nədən Anamızın məzarının yeri gizli qaldı? Niyə Həzrət Zəhra (s.ə) vəsiyyət etdi ki, onun mübarək məzarının yerini heç kəs bilməsin?

Nədən İslam Peyğəmbərinin(s) qəlbinin meyvəsi, bədəninin parçası, «atasının anası»nın mübarək qəbri məxfi qaldı?

Nə səbəb oldu?! Nədən Rəsulun (s) qızı dünyadan şəhid getdi?

 

Bu, insanların laqeydliklərinə, süstlük və biganəliklərinə olan bir etirazın simvoludur. Həzrət Peyğəmbərin (s) rehlətindən sonra ümmətin içində baş qaldıran fitnələrə etiraz edən Xanım (s.ə), sonadək vilayətin yolunda mübarizə apardı və bütün təzyiqlərə baxmayaraq, bu yoldan çəkilmədi.

 

Amma necə oldu ki, insanlar bu qədər süst və biganə qaldılar?

Hər bir müsəlmanın özünə veriləcək suallar ən azı bunlardır. Əslində bütün zamanlar üçün vücudi və diri olan, təfavütsüzlük və laqeydlik mərəzindən qurtutulmanın vacibliyini anladan bir Şəhid anma günləridir bu günlər. Öz pak qanı ilə sanki nəfəsləri daralmış bir müsəlman camiəsinə davamlı dirilik oksigenlərini vermə ilə səciyyələnən bir İlahi lutfdür bu.

Allahım! Bu Əyyami-Fatimə (s.ə) günlərində cəmi insanlara Kövsər bərəkətindən bəhrələnmək tövfiqini qismət  et!

 

 

Həqiqi ağıl sahibləri kimlərdir?

Bəli, Əyyami-Fatimə (s.ə) günləri – bir vücudi oyanış dönəmidir. İnsanın fitrətinə qayıdışını, əqli əsasında yaşamalı olduğunu xatırladan bir dönəmdir.

 

Allah Təala müqəddəs Qurani-Kərimdə bizlərə həqiqi ağıl sahiblərinin kimlər olduğunu tanıdır. Qurani-Kərimin “Ali-İmran” surəsinin 190-191-ci ayələrində Rəbbimiz bizlər üçün götürüləcək çox böyük ibrətlər təqdim edir.

Ayədə buyurulur: “Həqiqətən, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl və fikir sahibləri üçün (Allahın qüdrət, elm və hikmətini göstərən) nişanələr vardır”.

Ayədə keçən “ulul-əlbab” kəlməsi tərcümə edildikdə müxtəlif mənaları verə bilir və bu mənalar bəzən tam anlaşılmır. Ona görə də bəhsimizdə daha çox “ulul-əlbab” kəlməsi üzərində qalacayıq.

 

 

Ulul-əlbab kimdir?

İlk olaraq toxunulması zərur olan və üzərində durulmalı məsələ – “ulul-əlbab”ın kim olmasıdır. “Ulul-əlbab” kəlməsi iki hissədən ibarətdir. “Ulul” sözü – sahiblər deməkdir. İkinci söz – təmiz, dərin, həqiqəti dərk edə bilən ağıl mənasında işlənən “lub” sözünün cəm halı “əlbab”dır.

“Ulul-əlbab” o insanlara deyilir ki, onlar dərin, həqiqi ağıla malikdirlər. Hər ağıllı insan “ulul-əlbab” deyil. Amma hər “ulul-əlbab” olan insan dərin ağıla malikdir. Yəni, bir insanın savadlı olması, oxumuş olması, hansısa bir təhsilə malik olması “ulul-əlbab” olması anlamına gəlmir. Bilmək, məlumatlı olmaq hələ “ulul-əlbab”lığa gətirib çıxartmır. Deməli, “ulul-əlbab”lıq o bilgi, o dərkdir ki, orada ən ali bir yüksək dərəcə var. “Ulul-əlbab”lıq – vahimənin tam fövqündədir və dərkin aydın formasıdır.

 

Qurani-Kərimdə Rəbbimiz dəfələrlə “ulul-əlbab”a müraciət edir. On altı ayədə Allah Təala “ulul-əlbab”ı Öz müxatəbi, həmsöhbəti qərar verir. Ən böyük “ulul-əlbab” – Həzrət Rəsulallahdır (s). O Həzrətin (s) ardınca digər Məsumlar (ə) “ulul-əlbab”dır. Ən dərin ağıla malik, ən dərin həqiqətləri dərk edəcək ağıla malik olanlar – məhz onlardır. Kim onlara bağlansa, onun imkanı var ki, gerçək ağıl, həqiqi dərk okeanına daxil ola bilsin.

 

 

“Ulul-əlbab”ın hansı keyfiyyətləri var?

Allah Təala büsbütün varlıq aləmində – göylərdə və yerlərdə, bütün zamanların içərisində baş verənə biləcək bütün mövzuların içərisində “ulul-əlbab” üçün, dərin düşünən insanlar üçün, həqiqi dərin ağıla malik olan insanlar üçün götürüləcək nişanələr qoyub. Təbii, sual yaranır ki, “ulul-əlbab”ın hansı keyfiyyətləri var?

Növbəti ayədə, “Ali-İmran” surəsinin 192-ci ayəsində Rəbbimiz bu xüsusiyyətləri bizə edir. Ayədə buyurulur: “O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: «Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru”.

 

“Ulul-əlbab” olanlar fərz oluna bilinəcək bütün vəziyyətlərində Allahı yad edirlər. Əgər bir savadlı insan, bir bilgili insan hər bir halında Allahı yad etmirsə, o insan “ulul-əlbab” ola bilməz.

Amma bir ucqar kənddə yaşayan qoca bir nənə, agah surətdə Allahı yad edirsə, “ulul-əlbab” məhz odur.

Onlar göylərin və yerlərin yaradılışı haqqında təfəkkür edirlər. Bu, adi təfəkkür deyil, dərin, oyadıcı, insanı özünə gətirə biləcək bir təfəkkürdür. Bu təfəkkürün bərəkətinə onlarda bir iman oyanışı baş verir. Bunun nəticəsində onlarda bir mənəvi vəcdə gəlmə baş verir.

Vəcdə gəlmiş halda onlar deyirlər: “Allahım, bunları, bu dünyanı, varlıq aləmində baş verən bu dəyişməni Sən əbəs yerə yaratmamısan. Sən bu qarışıqlıqdan paksan. İndi ki, bizi elə-belə yaratmamısan, yaradılmağımızda bir İlahi hikmət var, bizi sorğu-sual gözləyir – Səndən istəyirik ki, bizi Cəhənnəm əzabından qurtarasan”.

 

 

Hər ağıllı insan “ulul-əlbab” deyil

Deməli, ayələrdən çıxan ilkin nöqtə budur ki, “ulul-əlbab” o kəslərdir ki, bütün hallarda Allahı yad edir. Allah bütün hallarda yad edilməlidir. İşdə, gücdə, istirahətdə, səfərdə, evdə – bütün hallarda Allah yad edilməlidir. Allah yad edilməzsə, həyat bitir. Allahı yad etmək – əslində insanın kamil mövcudiyyətinin zərurətidir. Allahı yad etmənin ən bariz nümunəsi isə budur ki, Allahı yad edən kəs bütün yaradılışa təfəkkür gözü ilə baxar və təfəkkür gözü ilə baxan zaman mənəvi oyanışı baş verər, imanı diri hala gələr.

Bundan sonra həmin şəxs növbəti mərhələyə – dua mərhələsinə keçmiş olar. Belə deyə bilərik ki, fəlsəfi baxışdan ürfani vəcd durumuna keçmiş olar. Anlayar ki, Allah Təala heç bir şeyi boş yerə, mənasız yerə yaratmayıb. Belə olan halda sorumlu, mükəlləf, cavabdeh olduğunu anlayar və Rəbbindən onu Cəhənnəm atəşindən qorumasını istəyər.

 

Deməli, dərin ağıl sahibini səciyyələndirən xüsusi keyfiyyətləri budur ki, Allahı bütün hallarda yad edir, varlıq aləminə təfəkkür prizmasından yanaşır, nə baş verdiyini anlamağa çalışır, varlıq aləminin xəlqindəki nişanələri dərk etmək istəyir və onun təfəkkürünün bünövrəsində zikr dayanır. Zikr və təfəkkür yanaşı olmalıdır. Allahı xatırlama və təfəkkür bir yerdə olmalıdır. O Allahı xatırlama ki, orada təfəkkür yoxdur onda inkişaf yoxdur. O təfəkkür ki, orada Allahı xatırlama yoxdur, əksinə, insanı məhvə apara bilər.

 

Ayədən çıxan nəticələrdən biri də budur ki, insanın inkişafının, təkamülünün mərhələləri var. Birinci mərhələ – zikr, Allahı xatırlamadır. İkinci mərhələ – təfəkkür, düşünmə, yaradılışın fəlsəfəsini anlamadır. Üçüncü mərhələ isə, insanın imanının dirilişi və dua-münacat mərhələsinə keçiddir. Bütün bu üç mərhələdən keçmiş insan “ulul-əlbab” hesab olunur.

 

 

Əhli-Beyt (ə) bu ayələri daim xatırlamağı tövsiyə edir

Bu ayənin təfsirində İmam Cəfər Sadiq (ə) Həzrət Əli (ə) aşiqlərini, ardıcıllarını “ulul-əlbab”dan sayır. Çünki, onlar həqiqi, təmiz ağıl sahibinə qovuşublar. Həzrət Əlinin (ə) vilayətini qəbul etmək üçün vahimənin fövqündə olan, təmiz ağıl lazımdır.

 

İmam Museyi Kazım (ə) buyurur: “Allah Təala “ulul-əlbab”ı ən yaxşı şəkildə təriflədi və onları ən ali sifətlərlə zinətləndirdi”. Bunu buyurduqdan sonra İmam Kazım (ə) “Ali-İmran” surəsinin 190-cı ayəsini tilavət edir. İmam Kazım (ə) bəyan edir ki, məhz “ulul-əlbab” yaradılışda “nə var nə yox”u bilir və Allah Təala onları ən ali sifətlərlə zinətləndirir.

 

İmam Sadiq (ə) buyurur: “Ey Zeyd! Sən göyə baxan vaxt de: “Ey Allahım! Mənim düşüncəmi göylərin və yerlərin yaradılışında, gecənin və gündüzün dəyişməsində qərar ver!

Məni qəflət edənlərlərdən qərar vermə!

Mənə göydən bərəkət nazil et!

Mənim üçün bir qapı aç ki, o qapının vasitəsilə mənim saleh əməlim Sənə tərəf ucalsın, ta Sənə qovuşana qədər!

Və pis əməllərimi bağışla! Onları toz kimi pərakəndə et və onları aradan apar!

Mənə ruh qapısı, fərəc qapısı, rəhmət qapısı aç! Mənim üçün Öz bərəkətindən və rəhmətindən olan iki payı artır!

Mənim üçün bədbəxtlik, Sənin qəzəbin, Sənin istər kiçik, istər böyük əzabın nazil olan qapını bağla!””.

Bunu deyəndən sonra da İmam Sadiq (ə) “Ali-İmran” surəsinin 190-cı ayəsini tilavət edir. İmam (ə) bu ayə ilə bağlı izah edir ki, bizlər yaradılış aləminə baxanda bu duaları edək.

Allahdan istəyimiz budur ki, bizləri “ulul-əlbab”dan qərar versin!

 

Allahım, bizləri ən ali “ulul-əlbab”a – Peyğəmbər (s) və onun pak Əhli-Beytinə (ə) bağlananlardan qərar ver!

Allahım, bizə həqiqi zikr, təfəkkür və münacat ruhiyyəsi nəsib et!

Allahım, bizləri özbaşına buraxma! Amin!

 

Gununsesi.org