“Hagibis” tufanı can almaqa dəvam edir- 74 ÖLÜ

“Hagibis” tufanı can almaqa dəvam edir

Ötən həftəsonu Yaponiyanın mərkəzi hissəsinə çatan “Hagibis” tufanı nəticəsində ölənlərin sayı 74-ə çatıb, itkin düşənlərin axtarışı davam edir.

Gununsesi.org xəbər verir ki, Yaponiya hökuməti təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün dövlət büdcəsinin ehtiyat fondundan 710 milyon yen (təqribən 6,5 milyon dollar) vəsait ayırmaq barədə qərar qəbul edib.

Parlamentin büdcə komitəsinin iclasında çıxışı zamanı bu barədə məlumat verən Baş nazir Şinzo Abe deyib: “Oktyabrın 12-də ölkəmizin regionlarına çatan güclü tufan ciddi ziyan vurub, həmçinin çoxlu sayda insan həlak olub, itkin düşənlər var. Hazırda axtarış-xilasetmə işlərinə və infrastrukturun bərpasına özünümüdafiə qüvvələrinin əməkdaşları də daxil olmaqla, 110 min nəfər cəlb edilib. Bərpa işlərinə yardım məqsədilə biz cari il üçün dövlət büdcəsinin ehtiyat fondundan təqribən 700 milyon yen vəsait ayrılması barədə qərar qəbul etmişik”.

Tufandan sonra bir çox ərazilər hələ də su altında qalmaqdadır. Hazırda 12 min evin elektrik enerjisiz qaldığı bildirilir.

İmperator Naruhito və İmperatriçə Masako həlak olanların ailə üzvlərinə başsağlığı verərək, hədsiz kədərləndiklərini və onların dərdlərinə şərik olduqlarını bildiriblər. İmperator Saray Dəftərxanasının bununla əlaqədar yaydığı məlumatda İmperator və İmperatriçənin insanların tezliklə normal həyat qayıtmaları üçün dualar etdiyi, axtarış-xilasetmə işlərini aparanlara minnətdarlıqlarını ifadə etdikləri də öz əksini tapıb.

Həmçinin Fəxri İmperatorun və onun həyat yoldaşının hadisələri diqqətlə izlədiyi qeyd edilib.

 

 

Gununsesi.org 

COMMENTS