Hava limanına endirilən cənazələr və diaspora davası…- EL,ÇİN RÜSTƏMLİ SOYDAŞLARIMIZIN RUSİYADA BAŞINA GƏTİRİLƏNLƏRDƏN YAZIR

Hava limanına endirilən cənazələr və diaspora davası…

Rusiya çöllərində öldürülən Azərbaycan vətəndaşlarının sayı on minlərlədir. Tovuzda, Şəmkirdə elə kəndlər var ki, onun bir və ya iki şəhidi var, amma Rusiyada qətlə yetirilən sakinlərinin sayı onlarladır.
Rusiya cinayətkarlığın ən yüksək olduğu ölkələrdən biridir. Burada ticarət, bazarlar kriminal qruplaşmaların nəzarəti altındadır. Onların arasında tez-tez baş verən münaqişələr, nüfuz müharibələri çoxsaylı qətillərlə nəticələnir. Azərbaycanlılar, çeçenlər və s. millətlərin nümayəndələri belə kriminal razborkalarda çox fəaldırlar.
Rusiya hüquq-mühafizə orqanları bir çox hallarda bu qrupların arasında manevr edir, bəzən onları stimullaşdırır, faydalanır, amma ağır cinayət hallarında ortada görünməməyə üstünlük verirlər. Eynən filmlərdə olduğu kimi təpədən-dırnağa silahlı qruplar bir-birinin axırına çıxır, amma onları məsuliyyətə cəlb edən tapılmır.
Belə cinayətlərə qurban gedənlər arasında çoxlu sayda çörək qazanmaq üçün Rusiya bazarlarına üz tutan sadə vətəndaşlarımız da var. Onlar, xüsusən imkanlı soydaşlarımız tez-tez kriminal qrupların hədəfinə çevrilirlər.
öldürülənənlərin mütləq əksəriyyətinin qatilləri tapılmır, qanları batırılır. Azərbaycandakı yaxınları da cinayətkarların cəzalandırılması üçün çalışımırlar. Çünki bunu perspektivsiz sayırlar. Onların ağlına Azərbaycanın Rusiyadakı səfirliyinə, konsulluqlarına müraciət etmək də gəlmir. Çünki bizim diplomatik korpusun əslində biznes və s. maraqlar peşində qaçan şəxslərdən ibarət olduğunu bilirlər, orada dövləti təmsil etmək, soydaşlarımızın hüquqlarını qorumağı artıq iş hesab edirlər. Mən hələ rast gəlməmişəm ki, bizim səfirliyimiz, konsulluğumuz bir azərbaycanlının qətli ilə maraqlansın. İcitmailəşən müraciətlərlə bağlı uzağı polisə bir sorğu verərələr, bununla da işləri bitər. Bir səfirlik ki, öz xidmətlərini vətəndaşlara rüşvətlə sata, ondan nə gözləmək olar?!
Azərbaycanda da Rusiyada öldürülən saysız-hesabısz azərbaycanlıların taleyi ilə maraqlanmırlar. Hər gün Heydər Əliyev hava limanına endirilən cənazələrin sayı məmurları əsla narahat etmir. Hava limanında ölü sahiblərindən yaxşıca xidmət haqqı alırlar, vəssalam.
Təsvir olunan situasiyada Azərbaycan diasporu hansı vəziyyətdə ola bilər?

Diaspora təşkilatlarıın bir çoxu bu işə öz bizneslərinin qarantı və yeni əlaqələrin qurulması üçün yaxşı imkan kimi baxırlar. Gerçəkdən soydaşlarımızın hüquqlarını qorumaq, problemlərini həll etmək və başqa diaspora aid mədəni, kütləvi tədbirlərin keçirilməsi kimi fəaliyyətlər onlara yaddır. Aralarında dərin ixtilaflar var, bu da bilavasitə toqquşan maddi maraqlarla bağlıdır, heç biri digərini qəbul etmir, hamısı fürsəti əldən buraxmamağa çalışır.
Diaspora liderləri deyilən şəxslərin bir çoxu Rusiya xüsusi xidmət orqanlarına bağlıdır və Kreml qəti şəkildə istəmir ki, ölkəsində yaşayan milyonlarla azərbacanlını təmsil edən, maraqlarını müadfiə edən milli diaspora qurulsun. Onlar da soydaşlarımızın pərən-pərən düşməsinə, bir-biri ilə düşmənçilik etməsinə öz “töhflərini” verməkdə davam edirlər. Çox təəssüf ki, Bakıda diaspora haqqında başqa fikirdədirlər, soydaşlarımızın təşkilatlanması, maraqlarının, problemlərinin həlli ön planda deyil.
Belə bir məyusedici situasiyada əlbəttə jurnalisiti, diaspor liderini, iş adamını döyərlər, alçaldarlar, paketləyib üstümüzə göndərərlər.

Çünki onları nə Rusiyada, nə Azərbaycanda müdafiə edən, hesab soran yoxdur…

Elçin Rüstəmli

COMMENTS