İclasdan yarımçıq çıxıb, Şəmkirdə yeyib-içən deputatlar kimdir? - ÇİNGİZ QƏNİZADƏ HƏMKARLARINI İTTİHAM ETDİ

  • By admin
  • 15 Noyabr 2018 14:51

“Saat 12-də Milli Məclisdə qeydiyyatdan keçən, saat 4-də isə gedib Şəmkirdə yeyib-içən deputatlar bilməlidir ki, onlar iclasda iştirak etməlidirlər”.

Gununsesi.org xəbər verir  ki, bunu deputat Çingiz Qənizadə parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, belə deputatların əgər ayrı işləri varsa, gedib, birdəfəlik onunla məşğul olsunlar:

 “Günün ikinci yarısında iclasların davam etdirilməsi məsələsi tamamilə doğrudur, və qaydalara uyğun olduğu üçün də mən bunu dəstəkləyirəm. Həmçinin hesab edirəm ki, deputatların əvəzinə, Milli Məclis əməkdaşlarının, texniki işçilərin səsverməsi, düyməni basması yaxşı hal deyil. Jurnalistlər də burdadır, istəmirəm ki, dediklərim başqa səmtə yozulsun. Amma bu məsələ Milli Məclisə, bizim fəaliyyətə kölgə salır. Deputatsansa, axıracan iştirak etməlisən və öz yerinə də səs verməlisən”.

Deputat İlham Əliyev isə həmkarı ilə razılaşmayıb:

“Günün ikinci yarısında iclasda  iştirak edib-etməmək deputatın öz işidir. Buna kimsə qarışa bilməz. Hər bir deputat yalnız özünə cavabdehdir”.

Spiker Oqtay Əsədov isə ikinci  hissədə  deputatların parlamentdə  iştirak məsələsinə belə reaksiya verib:

“Çox vaxt birinci hissədə iştirak edən deputatların 30 faizini ikinci hissədə iştirak etmir. Ona görə də yəqin bunun forması həm də ikinci hissəyə başlamadan əvvəl  təkrar deputatların qeydiyyatdan keçməsi ola bilər”.

Gununsesi.org