II və III qruplar üzrə qəbul imtahanında qarşıya çıxan əsas problemlər açıqlanıb

  • By admin
  • 19 May 2019 20:02

“Bu gün qəbul imtahanı imtahan Respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılıb”.

Gununsesi-nin məlumatına görə, bunu bu gün bunu bu gün II və III  qruplar üzrə keçirilmiş qəbul imtahanı ilə bağlı sualları cavablandıran Dövlət İmtahan Mərkəzinin Təşkilati metodiki təminat və təlimlər sektorunun müdiri Adgözəl Həbibov bildirib.

A. Həbibov 35 min 722 abituriyentin imtahanda iştirak üçün müraciət etdiyini nəzərə çatdırıb: “Bunlardan 21 min 391 nəfər III ixtisas qrup, 14 min  31 nəfəri II ixtisas qrupu üzrə imtahan veriblər. 257 imtahan rəhbəri və 2 min 845 zal nəzarətçisi prosesə cəlb edilib. Buraxılış rejiminin təmin edilməsinə 490 nəfərə yaxın şəxs cəlb edilib. Mayın 12-də I və IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanda olduğu kimi bu gün II və III  qruplar üzrə keçirilmiş qəbul imtahanda da yenə də sənədlərin çatışmazlığı ilə bağlı çoxlu müraciətlər oldu.  Doğum şəhadətnaməsi, şəxsiyyət vəsiqəsinin surəti ilə ilə imtahana gələnlər oldu. Qaydalara uyğun  şəxslərin identifikasiyasının aparılması mümkün olmadığına görə onların imtahanda iştirak etmək tələbi təmin olunmadı. İmtahanlarımızda üz tanıma texnologiyası, skayner qurğusundan istifadə olunur, imtahan rəbərləri fotokataloqlarla şəxsiyyətləri bir daha dəqiqləşdirirlər. Bütün bunlara baxmayaraq, bu gün keçirilən imtahanda Mingəçevir şəhərində bir nəfər başqa bir şəxsin yerinə imtahanda iştirak etməyə cəhd etdi. Bu cəhdin qarşısı buraxılış rejiminin əməkdaşları tərəfindən alındı. Məsələ aktlaşdırıldı və hüquq-mühafizə orqanlarına müraciət edildi”.

DİM sektor müdiri imtahana gecikənlərin yenə olduğunu qeyd edib: “Abituriyent saat 10.45-ə qədər imtahan binasına gəlməlidir. Buraxılış vərəqəsində göstərilib ki, 10.45-ə qədər buraxılış rejimi başa çatır və ondan sonra abituriyentlər imtahan binasına buraxılmır. Bu sahədə qaydalar sərtdir. Bununla əlaqədar imtahan qərargahına müraciətlər oldu, amma biz müraciətləri təmin edə bilmədik”.

A. Həbibov sağlamlıq imkanı məhdud şəxslər üçün xüsusi şərait yaradıldığını bildirib: “Onlar imtahanlara ən azı bir həftə, 10 gün qalmış müraciət edilməlidir. Zəruri olduğu halda onlara sualların oxunması üçün nəzarətçilər ayrılır. Bu imtahanda bizim belə kateqoriyadan olan 19 abituriyentimiz vardı. Həmin abituriyentlər üçün də imtahan uğurla başa çatıb. Bəzən imtahan getdiyi vaxt valideyn müraciət edir ki, sağlamlıq imkanı məhdud övladı imtahan verir, dərhal ona nəzarətçi ayırın. Bəzən bunu təmin etmək mümkün olmur. Həmin valideynlər öncədən müraciət etməlidirlər”.