İlham Əliyev Avropanı qəsd edərək: “Stop İslam!” deyənlərə inteqrasiya etməliyik?

  • By admin
  • 27 Noyabr 2019 17:20

Xaricdəki “anti-Azərbaycan dairələr” ölkədə “ənənəvi müxalifətin olmadığını” deyərək gəncləri hədəf alıblar və onları “xalqa qarşı qaldırmaq” istəyirlər”.

Bu fikrləri ölkə başçısı İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxış edərkən səsləndirib.

“Azərbaycanı istəməyən qüvvələr” azərbaycanlı gənclərin “beynini zəhərləmək” istəyir, – deyən İlham Əliyev bildirib. “Azərbaycanda “ideoloji işə yenidən” baxılmalıdır, çünki burada “zəifliklər, boşluqlar” var və “bizi istəməyən qüvvələr və erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər”.

“Mən indi bu auditoriyada bəzi operativ məlumatları da bölüşə bilərəm sizinlə, Azərbaycan xalqı ilə. İndi anti-Azərbaycan dairələr, xaricdəki dairələr artıq açıq deyirlər ki, bizdə ənənəvi müxalifət yoxdur, ayrı-ayrı satqın dəstələr var ki, onların da kitabı bağlanıb, onlara ümid bəsləmək olmaz. Ona görə onlara pul təminatı da azalıbdır, ona görə çabalayırlar.

Əsas hədəf gənclər olmalıdır. Onlar gəncləri əsas hədəf seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, Vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər. Alınmır və alınmayacaq. Çünki Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar”.

 

“Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə?”

 

Prezident İlham Əliyev söyləyib ki, “bəzi ölkələrdə qadınlarla kişilər arasında artıq fərq qoyulmur, amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq”.

O, əlavə edib ki, “qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onlar bizi yox”.

“Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən “ağsaqqal”, “ağbirçək” sözləri çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir.

Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik”.

 

“Dördüncü Azərbaycan olmalı idi”

İlham Əliyev 2005-ci il parlament seçkilərini xatırlayıb, deyib ki, həmin vaxt Azərbaycan məxməri inqilabların sırasında növbəti yer kimi göstərilirdi. “Belə maykalar buraxılmışdı, üzərində yazılmışdı: “Gürcüstan, Ukrayna, Qırğızıstan, Azərbaycan”. Yəni, dördüncü biz olmalı idik və bizdən sonra da başqaları olmalı idi. Biz dayandırdıq bu vəbanı, bu xəstəliyi, bu azarı”.

İlham Əliyev hesab edir ki, bu gün müxalifət düşərgəsində “boşluq yaranıb” və “bizi istəməyənlər gənclərdən istifadə etmək istəyirlər ki, onları xalqın üstünə qaldırsınlar”.

Onun fikrincə, “sağlam müxalifət” yaradılmalıdır: “Dövlətçiliyə sadiq olan, xalqa bağlı olan, doğrudan da təklif verən, hakimiyyəti tənqid edən, amma konstruktiv təklif verən, yol göstərən. Ancaq biz sevinərik, əgər belə müxalifət yaranarsa. Doğrudan da bizim işimizə kömək olar. Biz hər şeyi indi öz üzərimizə götürmüşük, bəlkə də hansısa alternativ yanaşma, yaxud da ki, mövqe kömək edə bilər. Amma yoxdur və yaxın üfüqlərdə də görünmür”.

Azərbaycan əsas müxalif qüvvələri hesab edirlər ki, 2005-ci ildə parlament seçkilərində kobud qanun pozuntuları baş vermiş və ölkədə getdikcə fundamental insan azadlıqları məhdudlaşdırılmağa başlamışdı. İlham Əliyev hakimiyyəti tez-tez yerli və beynəlxalq təşkilatlar tərəfindən söz və media, sərbəst toplaşma azadlıqlarının pozulması, siyasi-ictimai fəalların təqibi və həbsi tənqidləri ilə üzləşir.

 

Gununsesi.org