İlqar Məmmədov polisə çağrılıb

İlqar Məmmədov polisə çağrılıb

REAL Partiyasının lideri İlqar Məmmədov bu gün Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. O, polisdə 20 dəqiqəyə yaxın qalıb.

Gununsesi.org-un xəbərinə görə, İ.Məmmədov binadan çıxdıqdan sonra jurnalistlərə bildirib ki, ictimai təhlükəsizlik şöbəsinin rəisi Nurulla Məmmədxanovun qəbulunda olub.

Onun sözlərinə görə, görüş zamanı Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə REAL-ın mayın 28-nə planlaşdırdığı tədbirlərə toxunulub. İ.Məmmədov qeyd edib ki, yaxın vaxtlarda Real İdarə Heyəti vəziyyəti müzakirə edəcək və öz qərarını açıqlayacaq.

Bundan öncə partiya Bakının mərkəzində İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyəti obeliskinin önünə çiçək qoyacağını bildirib.

Bir il öncə REAL-ın analoji aksiyası Bakının mərkəzində kütləvi bayram yürüşünə çevrilmişdi. Lakin sonrakı günlərdə bəzi partiya fəalları inzibati qaydada həbs olunmuşdu, onlarla fəal polisə çağırılmışdı.

COMMENTS