İlqar Məmmədov şərti azad edilməsi ilə bağlı məhkəməyə müraciət etməyəcək - VƏKİL

  • By admin
  • 11 Dekabr 2017 13:42

REAL hərəkatının lideri İlqar Məmmədovun vəkili Fuad Ağayev 2 saylı cəzaçəkmə müəssisəsində onunla görüşüb.

Bu barədə Gununsesi.info-ya məlumat verən vəkil F.Ağayev qeyd edib ki, görüş zamanı prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun səsləndirdiyi təkliflər, o cümlədən, məsələnin həlli yollarının axtarılması üçün konstruktiv danışıqlara dair təklifi müzakirə edilib:

“İlqar Məmmədov bir daha təsdiq edib ki, onun özü şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı yerli məhkəməyə müraciət etməyəcək. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi müəyyən edib ki, onun həbsi və məhkum edilməsi siyasi fəaliyyətinin dayandırılması və susdurulması məqsədi güdüb, buna görə də, o, dərhal və qeyd-şərtsiz azad edilməlidir. İqtidar nümayəndələrinin məsələnin həlli yollarının axtarılması üçün qısa və konstruktiv danışıqlar təklifi ilə bağlı bildirilib ki, Azərbaycan Respublikasının beynəlxalq-hüquqi öhdəliklərinin icrası kimi İlqar Məmmədovun cinayət işi üzrə icraata bəraətverici əsasla – cinayət hadisəsi olmadığına görə xitam verildiyi və siyasi fəaliyyətinə əngəllər yaradılmayacağı təqdirdə, o, Avropa Şurası Nazirlər Komitəsindən Azərbaycana dair Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən sorğunun geri çağırılmasına dair vəsatət verməyə hazırdır”.

Gununsesi.info