İmitasiya xarakterli Qarabağ danışıqları bölgəni müharibəyə sürükləyir - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 18 Yanvar 2018 11:18

Polşanın Krakova şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək. Görüşdə Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi məsələsi müzakirə olunacaq. Lakin bu görüşün də əvvəlki görüşlərdən heç nə ilə fərqlənməyəcəyi və nəticəsiz sonuclanacağını bəri başdan deyə bilərik. Çünki  görüşdə hər hansı nəticənin əldə olunması və irəliləyişin olması üçün elə bir ciddi əsas yoxdur.

Nəticəli danışıqların aparılması üçün İrəvanın danışıqlar prosesində destruktiv mövqeyindən əl çəkməsi və konstruktivlik nümayiş etdirməsi üçün ən azından ATƏT MQ həmsədr ölkələr tərəfindən  çağırışlar edilməli və təzyiqlər edilməlidir. Ancaq biz indiyədək belə bir  halın şahidi olmamışıq. Biz ümumiyyətlə ATƏT MQ həmsədr ölkələrin Qarabağ münaqişəsinin  danışıqlar yolu ilə tənzimlənməsində maraqlı olmadığını müşahidə etməkdəyik. Əgər ATƏT MQ həmsədr ölkələri münaqişənin həllində maraqlı olsaydı, konkret həll planlarına və bunu həyata keçirmək üçün işğalçıya hər hansı formada təzyiq edərdi. Biz isə bunu görmürük. Bunun bariz nümunəsi kimi ATƏT MQ-nin həmsdər ölkələrindən biri olan Rusiya XİN başçısı Sergey Lavrovun Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində heç bir plana malik olamdıqları barədə açıqlamasını çəkə bilərik.

Həmsədr ölkələrin işi ancaq tərəflərə təzyiq edərək cəbhə bölgəsində gərginliyin yaranmamasına və genişmiqyaslı hərbi əməliyyatlarının bərpa olunmasına imkan verməməkdir. Həmsədr ölkələrin digər bir işi də lazım gəldikçə işğalçı dövlətə hərtərəfli, maliyyə, siyasi, hərbi dəstək verməklə onun işğalçılıq siyasətinin möhkəmlənməsinə xidmət etməsidir.

Ona görə də bu görüşü də digər görüşlər kimi imitasiya xarakterli görüş kimi dəyərləndirmək olar. Baxmayaraq ki, Azərbaycan tərəfi nəticəli danışıqların, münaqişənin həllində konkret detallarn müzakirəsini tələb etsə də, İrəvan hər zaman olduğu kimi destruktiv mövqeyindən geri çəkilməməkdədir. Səbəb də yuxarıda  qeyd etdyimiz kimi ATƏT MQ həmsədr ölkələrin Ermənistanın işğalçılıq şıltaqlığına şərait yaratmasıdır. Nə qədər ki, Ermənistanın bu şıltaqlığına  göz yumulacaq, İrəvan nəinki  destruktiv mövqeyindən geri çəkilməyəcək, hətta, yeni yeni cinayətlər törətməyə  həvəslənəcək.

Əvvəlki yazılarımda qeyd etdiyim kimi, əslində ATƏT MQ həmsədr ölkələrinin belə bir mövqe sərgiləməsi Cənubi Qafqazda sülhün, sabitliyin, inkişafın, təhlükəsizliyin təmin olunmasına deyil, əksinə bölgədə onsuz də kövrək olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir. Odur ki, Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq üçün öncə problemin tənzimlənməsində vasitəçilik missiyasını yerinə yetirən Rusiya, ABŞ və Fransanın mövqeyində dəyişiklik etməlidir. Və bu ölkələr Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq konkret addım atmalıdırlar. Bunun üçünsə öncə Ermənistana təzyiqlər edilməli və İrəvanı işğalçılıq siyasətindən geri çəkilməyə vadar etməlidir. Bu olmayacağı təqdirdə bölgədə müharibə qaçılmazdır.

Mürtəza Bünyadlı

Gununsesi.info