İmpiçment işindəki informator Respublikaçıların suallarını cavablandırmağa hazırdır

  • By admin
  • 04 Noyabr 2019 11:48

 

Amerika kəşfiyyat orqanlarının əməkdaşı, ABŞ prezidenti Donald Trampla bağlı impiçment prosesinə yol açmış hesabatın müəllifi Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsindəki Respublikaçıların suallarına yazılı cavab verməyə hazır olduğunu bildirib.

Gununsesi.org-un xəbərinə görə, bu haqda onun vəkili CBS telekanalına bildirib.

Konqresin Nümayəndələr Palatasındakı Respublikaçıların nümayəndələri impiçment araşdırması prosesində onlar tərəfindən sualların verilməsinə məhdudiyyətlərin olduğunu bildirirlər.

Vəkil Mark Zaidin sözlərinə görə, informatorun vəkilləri bu təklifi Kəşfiyyat komitəsindəki respublikaçı nümayəndə Devin Nunesə çatdırıb. Zaidin sözlərinə görə, bu addım prezident Trampın rəhbərliyi ilə Respublikaçıların informatorun adının açıqlanması səylərinin qarşısının alınması məqsədilə atılır.

Bu təkliflə bağlı xəbərlərin verilməsi bazar günü prezident Trampın belə hallarda qəbul edilmiş normalardan kənar olaraq, informatoru “ortalığa çıxmağa” çağırdığı vaxta təsadüf edir.

İnformatorun kimliyi indiyə qədər açıqlanmayıb. Vəkil Mark Zaidin bildirdiyi kimi, Kəşfiyyat Komitəsinin uzun müddətdir mövcud siyasəti informatorların anonimliyinin müdafiəsindən ibarət olub.

Respublikaçılar impiçment prosedurunu ədalətsiz adlandırır və prosesin hazırda Nümayəndə Palatasında azlıqdan olan partiyadan sualların verilməsi imkanını məhdudlaşdırdığını bildirir.

Nümayəndələr Palatası oktyabrın 31-də prezident Donald Trampın impiçment prosesinin rəsmiləşdirilməsinə səs verib.

Səsvermədən dərhal sonra ABŞ prezidenti Donald Tramp Twitter sosial şəbəkəsində yazdığı mesajında bunu “Amerika tarixində ən böyük ifritə ovu” adlandırıb.