İnsan öz həyatına marafonçu kimi yanaşmalıdır

İnsan öz həyatına marafonçu kimi yanaşmalıdır

Bismilləhir-Rahmənir-Rahim! Allaha həmd olsun ki, bizlərə özümüz, vəziyyətimiz, halımız barədə düşünmək tofiqatını nəsib edib. Allahdan istəyimiz budur ki, Rəbbimiz yaxşı bəndələri üçün nələri nəzərdə tutubsa, bizlərə də onlardan bəhrələnməyi inayət etsin!

Dövrün peyğəmbərinin (ə) təyinatı, niyə birilərinə bəs etmədi?

Bugünkü mövzumuz mübarək Qurani-Kərimin “Bəqərə” surəsinin 249-cu ayəsində buyurulan məsələlərlə bağlı olacaq. Əslində bəşər tarixində ən önəmli qarşıdurmalardan olan Talut və Calut qarşıdurması və buradan götürülə biləcək dərslər barədə danışacağıq. İlk olaraq girişdə Talutun kim olması barədə qeydlər etmək istərdik. Bəni-İsrail qövmünün padşahı olan Talut kimdir? O, adı bəzi mənbələrdə Şəmun, bəzi mənbələrdə Şəmuil kimi qeyd edilən dövrünün peyğəmbəri (ə) vasitəsilə, Bəni-İsrail qövmünün xüsusi xahişi və müraciətlərindən sonra onlar üçün sərkərdə olaraq müəyyənləşən bir şəxsdir.

Sözügedən dönəm Həzrət Musanın (ə) dövründən sonrakı bir mərhələdir və Bəni-İsrail ənənəvi olaraq yanlış və xətalara yol verir. Onlar Calutun zülmü altındadır və yaşadıqları çətin durumdan çıxmaq üçün dövrün peyğəmbərinə (ə) müraciət edirlər. Onlar istəyirlər ki, bir sərkərdələri, padşahları olsun və Calutla döyüşə getsinlər və bu zalıma qalib gəlsinlər. Bundan sonra dövrün peyğəmbərinin (ə) vasitəsilə Talut onların başçılığına təyin edilir.

Bu mərhələni də Bəni-İsrail heç də rahatlıqla qəbul etmir və qəbul etməməsini onunla izah edirlər ki, onların içində bu rəhbərliyə daha layiq olanlar var və Talutun onlara başçılıq etmək üçün heç bir imtiyazı yoxdur. Ənənəvi olaraq burada büdrəmələr və yanlışlar davam edir. Bu mərhələdən sonra xüsusi olaraq Taluta bir aramlıq və səkinə gətirən sandıq verilir ki, bu, Bəni-İsrail üçün böyük əhəmiyyət kəsb edən bir tarixi-mənəvi artefakt statusunda olan olan bir əşya idi. Və Talutda bu sandığın, yaxud tabutun olması – onun xüsusi məqamını müəyyən edir. Bəni-İsrail Talutun rəhbərliyini qəbul edir.

“Bəqərə” surəsində imtahanlardan keçmə dərsi

“Bəqərə” surəsinin 249-cu ayəsinə qədərki ayələrdə gələn təfsir və izahlardan belə aydın olur ki, Bəni-İsraildən böyük sayda insan Talutla birgə olur. Burada Talut öz durum və vəziyyətini tam bəlliləşdirmək və nə qədər insanın onunla birgə sona qədər gəlməsini müəyyən etmək üçün qarşılaşacaqları imtahanı onlara çatdırır.

“Bəqərə” surəsinin 249-cu ayəsində Rəbbimiz buyurur: “Beləliklə, Talut qoşunla birgə (öz qərargahlarından) ayrılarkən dedi: ”Həqiqətən, Allah sizi bir çay ilə imtahan edəcək. Odur ki, kim ondan (doyunca) içsə, məndən deyil və kim ondan içməsə məndəndir, əlinə bir ovuc su götürən istisna olmaqa (ki, o da məndəndir)”.

Beləliklə, onların az bir hissəsi istisna olmaqla, hamısı ondan içdi. Talut və onunla birgə iman gətirənlər çaydan keçdikdən sonra (onlardan bəziləri) dedilər: “Bizim bu gün Calut və onun qoşunu ilə qarşılaşmağa taqətimiz yoxdur”. Allaha qovuşacaqlarına inananlar (axirətə imanları olanlar isə) dedilər: “O qədər az (saylı) dəstə Allahın köməyi ilə çox (saylı) dəstəyə qalib gəlib ki! Allah səbirlilərlədir”.

Bir vəziyyəti təsəvvür edək ki, dövrünün peyğəmbəri (ə) tərəfindən təyin edilən bir sərkərdə olan Talut, Bəni-İsrailin halını müəyyənləşdirmək üçün, onların hazırlığını, ruhi, psixoloji hazırlıqlarının nə səviyyədə olmasını müəyyən etmək üçün bəlli bir imtahanın olmasını onlara çatdırır. Bəlli olur ki, burada imtahan zamanı insanlar üç qrupa bölünür. Birinci qrup deyilən sudan içənlərdir ki, Talut həmin kəslərin ondan olmayacağını bəyan edir. Onlar imtahanadan çıxmırlar və Talutla birgə qalmırlar.

İkinci qrup Talutla birgə olanlar, sudan içməyənlərdir. Onlar imtahanlarını verirlər və imtahanlarını verdikləri üçün növbəti, ali bir məqama daxil olurlar. Üçüncü qrupda isə istisna olanlar var ki, onlar nə içən kimi içir, nə də içməyən kimi içmirlər, sudan sadəcə, bir ovuc götürürlər.

Ayədən başa düşülür ki, çoxluq sudan içir və Bəni-İsraildən olan böyük sayda insandan çox hissəsi bu imtahandan çıxa bilmir və beləliklə, onlar bu nurani ordunu tərk etmiş olurlar. Qalanlar arasında da əlini bir ovuc suya salanlar olur.

Yalnız bu keyfiyyətə malik olanlar sabitqədəmlik göstərir

Ayədə növbəti bir hissəni Rəbbimiz bizə çatdırır. Talut və ona iman gətirənlər çayı keçdikdən sonra bir qrup bəyan edir ki, Calut və onun ordusu ilə vuruşmaq taqətləri və halları yoxdur.

İmtahanın artıq növbəti bir hissəsidir. Bir imtahandır ki, özləri Calutun zülmündən qurtulmaq istəyən insanların böyük bir qismi, hətta birinci mərhələdən keçə bilsələr belə, bu mərhələdə ləyaqət və tutumları olmur ki, davam etsinlər.

Əslində bu mərhələdə də böyük bir hissə Talutun nurani zümrəsini tərk etmiş olur. Onlar bildirmiş olurlar ki, bu gün Calutla üz-üzə gəlməyi taqətləri və halları yoxdur.

Sona qədər tam məna ilə Talutun itaətində olan, sabitqədəmlik göstərənlər isə o kəslərdir ki, birinci imtahan zamanı hətta bir ovuc olsa da, əllərini suya salmırlar. Onların ləyaqət və tutumları var və onlar Allahla görüşə ümidlidirlər. Onlar bu imtahandan da başıuca çıxmış olurlar.

Allahdan istəyimiz budur ki, bizlərə bu ayədə olan İncəlikləri anlamağı, dərk etməyi nəsib etsin!

Talut 313 nəfərlə Caluta qalib gəlir

Ayə bəşər tarixində önəmli bir hadisəyə işarədir. Zülm altında bir qövm bu vəziyyətdən çıxmaq üçün özlərinin istəkləri ilə zamanın peyğəmbərindən (ə) bir başçı, sərkərdə istəyir. Sonradan onun qəbul edilməsində problemləri olur, sonradan onlar üçün xüsusi hüccətlər gəlir, növbəti imtahan zaman sınaqlardan çıxa bilməyənlər olur, növbəti mərhələdə də büdrəmələr olur.

Bununla yanaşı, bir qrup da olur ki, onlar gerçəkdən, həqiqi mənada Allahla görüşə ümidlidirlər və onlar bu imtahandan ləyaqətlə, başıuca çıxırlar. Onlar Calutun qarşısında döyüşürlər və qalib gəlirlər. Həzrət Davud (ə) da bu imtahanlı məqamda Calutu sıradan çıxardan şəxs olur.

Biz burada iki peyğəmbərin (ə) missiyası arasında əlaqəni görürük. Bir peyğəmbərin (ə) – Şəmuilin vasitəsilə sərkərdənin təyini və onun da öz ardınca gələnləri sınaqdan keçirməsi, sınaqdan keçənləri növbəti sınaqdan keçirməsi baş verir. İmam Baqirin (ə) buyuruşuna əsasən bilirik ki, 313 nəfər sona qədər Talutla qalır.

Digər peyğəmbər (ə) – Həzrət Davud (ə) isə Talutun qoşununda önəmli yer alır və Caluta qalib gəlir.

Çoxları susuzluq imtahanından çıxa bilmir

Ayədən aydın olur ki, çoxları su içməmək və susuzluğa dözmək imtahanından başıuca çıxa bilmir. Onların Talutla birgə qərargahdan çıxan zaman kifayət qədər sayları olur, amma imtahanı verə bilmirlər.

Burada su imtahanı – əslində simolikdir. Su burada bir imtahan rəmzidir. Biz bütün imtahanları, sınaqları, bunu aid edə bilərik. Kifayət qədər böyük çoxluq bu imtahandan çıxa bilmir. Bu imtahandan başıuca çıxanların kifayət qədər böyük hissəsi də növbəti mərhələdə büdrəyir, Calutun çoxsaylı ordusu ilə üz-üzə gələn zaman taqətlərinin olmadığını bəyan edirlər. Bu, onu göstərir ki, özləri vaxtilə zülmdən qurtulmaq istəyən insanlar, meydana çıxmaq zamanı gələndə, fərqli-fərqli vəziyyətlərə düşürlər və elə deyil ki, rahatlıqla bu imtahanı verə bilirlər.

Bir an belə, büdrəməyənlər…

Birinci imtahandan çıxanların arasında bu imtahanı da verməyə hazır olanlar olur. O kəslərdir ki, Qiyamətə kamil imanları var, imanları çox yuxarı dərəcədədir. Onlar Allahla görüşə ümidlidirlər. Onlar qələbənin Allahın əlində olduğunu bilirlər.

Onların bəyan etdiyi mövzu çox mühümdür. Onlar: “Az olmayıb ki, kiçik qruplar Allahın izni ilə böyük ordulara qələbə çalıb” bəyanını etmiş olurlar. Onlar imtahanları gözəl şəkildə verə-verə, bir mərhələyə gəlib çatırlar ki, bir ovuc da olsun əllərini suya salmırlar, bir an belə, büdrəmirlər. Onlar Allahla görüşə ümidlidirlər və bu hal ilə az dəstələrin tarixdə nə qədər böyük ordulara qalib gəlməsini bəyan edirlər və sonra da əməli halda bu imtahanı ən ali şəkildə vermiş olurlar.

Yalnız bir imtahandan başıuca çıxmaq kifayət etmir

Ayədən çıxan təfsiri nöqtələrdən biri də budur ki, yalnız bir imtahandan başıuca çıxmaq kifayət deyil. İnsanlar var ki, bir imtahanlardan qələbə ilə çıxırlar, amma növbəti sınaq və imtahanlarda büdrəyirlər və məğlub olurlar. Ona görə də hamımız diqqətli olmalıyıq ki, hər hansı bir imtahanda uğur qazanmağımız bizdə rahatlıq, arxayınçılıq yaratmasın. Həyat imtahanlarla zəngindir və bunun fərqində olmalıyıq. Quranın bizə çatdırdığı bu hekayədən də ibrət götürülməlidir.

İki qrupun halı bəllidir. Bir qrup sudan içdi və onların Talutdan olmamaları tam aydın oldu. Bir qrup içmədi və onlar Talutla oldular. Bir qrup da bir ovuc həddində əllərini suya salmış oldular, amma onlar iki haldan istisnadırlar.

Müfəssirlərin bu ayənin izahında qeyd etdiyi nöqtələrdən biri də budur ki, əslində bütün imtahalar və sınaqlar öncəsi meydanda olanlarla meydana tamaşa edənlərin ayrılması zərurətdir. Ayədən də görsənir ki, Talut özünün İlahi missiyasını həyata keçirərkən döyüşənlərlə tamaşaçıları ayırır. Bəzən tamaşaçılar imtahanları verməyə mane olur.

İmtahan yollarından biri – müvəqqəti çətinlik yaradılmasıdır

İmtahanların yollarından biri – müvəqqəti çətinlik və sınaqların yaradılmasıdır. Talut ümumi döyüş öncəsi vəziyyətin nə olduğunu ayırd etmək üçün, sıralarında olan insanların durumunu müəyyən etmək üçün müvəqqəti və mövsümi bir imtahana dəvət edir. Bu imtahan və sınaq zamanı bəlli olur ki, bir çoxları bu mövsümi sınaqdan çıxa bilmir. Bizim buradan götürə biləcəyimiz ibrətlərdən biri budur ki, həyatımız boyu mövsümi və müvvəqəti imtahan və sınaqlar bərkiməmiz üçün çox önəmlidir. İnsanın yetişməsində müvəqqəti sınaqlar, çətinliklər çox böyük rol oynayır. Bəlli olur ki, düşmənlə üz-üzə gəlməmişdən öncə sınaqdan keçirilmə, məşq edilmə çox önəmlidir. Ayədən bu mesajı almış oluruq ki, düşmənlə üz-üzə gəlməzdən öncə bir məşq və sınaq çox önəmlidir.

Prosesə mane olan, döyüş ruhiyyəsinə, mənəvi ruhiyyəyə mane olan kəslər mütləq öncədən kənarlaşdırılmalıdır. Bunun üçün onlar müəyyən sınaqdan keçirilməli və nəticəsi əsasında onlar uzaqlaşdırılmalıdır. Ayəyə nəzər salanda görürük ki, imtahandan çox az insan başıuca çıxa bilir. Bu özü ayıldıcı məsələdir. Biz diqqətli olmalıyıq ki, heç bir durum və vəziyyətlərimizdə bizdə arxayınlıq yaranmasın. Bilməliyik ki, həyat imtahanlarından çıxmaq asan məsələ deyil. Çox az insanlar imtahanlardan çıxa bilir.

Yüksək ruhiyyədə olmaqdan çox, davamlı bu halda qalmaq önəmlidir

Yüksək ruhiyyədə olmaq mühümdür, amma daha mühümü yüksək ruhiyyədə qalmaqdır. İnsan impulsiv olaraq bu və ya digər faktorların nəticəsində yüksək bir ruhiyyəyə başlanğıcda malik ola bilər. Amma bu, yetərli deyil. Əvvəldə yüksək ruhiyyəli olmaq, heç də sona qədər bu ruhiyyədə qalınacağından xəbər vermir. Ona görə də həyatımız üçün ayədən bu dərsi götürməliyik. İnsan öz həyatına marafonçu kimi yanaşmalıdır. Sona qədər yüksək ruhiyyəni qorumağı bacarmaq lazımdır. Yalnız bu zaman nəticəyə çatmaq mümkündür.

Ayədən başa düşülür ki, məada, Qiyamətə, Allahın vədəsinə inam insana çox böyük  motivasiya verir. Sona qədər Talutun imtahanlardan çıxa bilənlərin, mahiyyət etibarilə Allaha böyük imanları var idi. Onların Allahla görüşəcəklərinə böyük imanıdır ki, bütün imtahanlardan onları keçirə bilir.

Ayənin digər bir təfsiri çaları da budur ki, düşmənin çoxluğu müharibənin taleyini həll etmir. Tarixdə o qədər olub ki, keyfiyyət kəmiyyəti üstələyə bilib. Bizim həyatımızda unutduğumuz, qəflət etdiyimiz mövzulardan biri də budur ki, biz bəzən qələbəni Allahdan bilmirik. Ayədən anlaşılır ki, qələbəni Allahdan bilmək zərurəti var. Əlimizdən gələn hər şeyi etməli, qalanlarında isə Allaha təvəkkül etməliyik.

Əgər biz səbir edənlərdən olsaq, Allah bizimlə olar. Əgər Allahın bizimlə olmasını istəyiriksə, Allahın bizə xüsusi inayətinin olmasını istəyiriksə, sınaq və imtahanlar zamanı səbir etməliyik.

Allahım, bizlərə imtahan və sınaqların mahiyyətini anlamağı nəsib et!

Allahım, imtahan və sınaqlardan bizə başıucalıqla çıxmağı nəsib et!

Allahım, bizlərə davamlı sabitqədəmlik nəsib et! Amin!

Gununsesi.org

COMMENTS