İran hökuməti təhlükəsizik qüvvələrinin etirazçıları öldürdüyünü etiraf edib

  • By admin
  • 04 Dekabr 2019 14:17

İran rəsmiləri çərşənbə axşamı ilk dəfə olaraq hüquq müdafiəçilərinin 1979-cu ildə İslam İnqilabından bəri hökumət əleyhinə ən ölümcül iğtişaş adlandırdığı etiraz nümayişləri zamanı təhlükəsizlik qüvvələrinin nümayişçiləri güllələdiyini təsdiq edib.

İranın dövlət televiziyası Birləşmiş Ştatlar prezidenti Donald Trampın “biz burada danışdığımız zaman çox güman ki, İranda minlərlə insan qətlə yetirilir” deməsindən bir neçə saat əvvəl rəqəmləri açıqlamadan etirazçıların öldürüldüyünü etiraf edib.

Noyabrın 15-də hökumətin yanacaq qiymətlərini kəskin şəkildə 300 faiz qaldırmasından sonra başlayan iğtişaşlar sürətlə 100-dən çox şəhər və qəsəbəyə yayılaraq, gənclər və fəhlə sinfindən ibarət nümayişçilərin din xadimlərinin istefasını tələb etməsi ilə siyasi etirazlara çevrildi.

Nümayişlər keçən həftə təhlükəsizlik qüvvələri tərəfindən dağıdılıb.

Amnesty International bazar ertəsi açıqladığı bəyanatda təşkilatın rəqəmsal dəqiqləşdirmə şöbəsinin təhlil etdiyi “çox sayda foto və video materialların təhlükəsizlik qüvvələrinin silahsız etirazçılara atəş açdığını” göstərdiyini bildirib.

“Üsyançıların əlində bıçaq və silah var idi. Onlar bəzi bölgələrdə yolları bağlayaraq, insanları girov götürürdü. Təhlükəsizlik qüvvələrinin onlarla qarşı-qarşıya gəlməkdən başqa çarəsi olmayıb…qarşıdurmalarda iğtişaşçılar öldürülüb” – deyə, İranın dövlət televiziyası bildirib.

İran ölənlərin sayı ilə bağlı rəsmin rəqəm göstərməsə də, Amnesty International 1979-cu il ABŞ-ın dəstəklədiyi şahın devrilməsi və şiə ruhanilərin hakimiyyətə gəlməsi ilə nəticələnmiş inqilabdan bəri ən qanlı bu nümayişlərdə azı 208 etirazçının öldürüldüyünü bildirib.

İranın Ədliyyə Nazirliyinin sözçüsü şərşənbə axşamı “düşmən qrupların” ölənlərin sayı ilə bağlı göstərdiyi rəqəmlərin yalan olduğunu deyib.

Tehran rəsmiləri iğtişaşlar zamanı bir həftə internet bağlantısını bloklayaraq, ölkə daxilində baş verənlər haqda video və məlumatların sosial mediada paylaşılmasına mane olub.

İranın ali dini rəhbəri Ayətulla Əli Xameneyi “çox təhlükəli bir sui-qəsd” əməli olaraq xarakterizə etdiyi iğtişaşlara görə Birləşmiş Ştatları və onun müttəfiqlərini günahlandırıb.

Xəbər amerikaninsesi.org saytında dərc edilib.

Gununsesi.org