İranda vəziyyət gərginləşir - DOLLAR YENİDƏN BAHALAŞIR

  • By admin
  • 02 Noyabr 2018 10:15

Son bir neçə aylar İranda dolların məzənnəsi beş qat qalxdı, amma oktyabrda yenidən ucuzlaşma oldu. Bir neçə gündür ki, yenidən bahalaşma başlayıb. İrana qarşı II mərhələ sanksiyaların başlaması səbəbindən dolların bahalaşması müşahidə edilir. Yəni sanksiya öncəsi dollar psixoloji təsirini yaradıb.

Gununsesi.org xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı keçmiş səfiri, tanınmış diplomat Əfşar Süleymani Teleqraf.com-a müsahibəsində deyib.

Diplomat qeyd edib ki, bütün bunlara baxmayaraq, sanksiyanın təsiri düşünüldüyü kimi dəhşətli olmayacaq.
“Hesab edirəm ki, devalvasiya prosesi, qiymətlərin bahalaşması yalnız sanksiyalar və Trampın bəyanatlarının təsirindən doğmayıb. Əlbəttə, sanksiyanın təsir var, amma İran dövlətinin özü də əvvəlcədən proqnoz aparmalı, ölkəyə daxil olan dolların tənzimlənməsini həyata keçirməli idi. Məncə, bu istiqamətlərdə müəyyən nöqsanlar olub”.

Ə.Süleymani bildirib ki, İran ABŞ-da yeni hakimiyyətə qədər dözməyə məcburdur:

“Məncə, indi İran Konqresə keçiriləcək aralıq seçkiləri gözləyir. Seçkilərdə demokratlar qalib gəlsə, mümkündür ki, bunun Trampın siyasətinə müəyyən təsirləri olsun, prezidenti məhdudlaşdırsınlar. İndiki vəziyyətə iki il dözülsə, növbəti seçkilərdə ehtimal ki, Tramp qələbə çalmayacaq. Ancaq bunların hamısı ehtimallardır. Yəni bunlar baş verərsə, İranın vəziyyətdən çıxması üçün fürsət yarana bilər. Əks təqdirdə daha çətin dövr başlayar”.
Diplomat bu cür təqyiqlərə rəğmən, İranda hakimiyyət dəyişikliyi ehtimalını istisna edib:

“İranda hakimiyyət dəyişikliyini görmürəm. İranın öz daxilində təbii ki, hər zaman islahatçılar olub, istəyiblər ki, ölkənin problemləri həll edilsin, normal xarici siyasət qurulsun, daxildə sərbəstlik və azadlıq olsun. Nəzərə almaq lazımdır ki, 20-25 ildir ki, islahatçılar deyilən qüvvə bunu istəyir. Düşünürlər ki, xarici siyasətdə, daxildə müəyyən dəyişiklik etmək lazımdır ki, İran İslam Respublikasının sistemi bir qədər möhkəmlənsin, eyni zamanda ölkə inkişaf etsin, xalqın da rifahı təmin olunsun. Bu məqsədlə islahatçılar çalışıblar. Parlamentdə nümayəndələri olub, prezident seçkilərində iştirak ediblər. Əlbəttə, onların qarşısında maneələr də yaradıblar və s. Amma hər halda Həsən Ruhani kimi siyasətçi islahatçılar tərəfindən dəstəklənib. Fikrimcə, islahatçı qüvvələr ölkəni bu durumdan çıxarsalar, hakimiyyətin devrilməsi kimi fikirlərə də yer olmaz. İnsanlar arasında narazılıq var, amma bu daha çox iqtisadi məsələlərlə bağlıdır. Yəni xalqın hakimiyyətin qarşısında durması kimi mənzərə yoxdur. Bir sözlə, müxtəlif yollar və variantlar var. Amma sanksiyalar vasitəsilə hakimiyyəti dəyişmək, sistemi yıxmaq mümkün deyil”.

Ə.Süleymani vurğulayıb ki, Rusiya-İran əməkdaşlığı olsa da, bu, strateji müttəfiqlik səviyyəsində deyil:

“Sadəcə olaraq, bəzi məsələlərdə Rusiya və İranın maraqları üst-üstə düşdüyü üçün əməkdaşlıq olub. Məsələn, Suriya problemi. Suriya problemi həll olunana qədər bu əməkdaşlıq davam edəcək. Çünki Suriyada Rusiyanın qarşısında ABŞ var. Bu səbəbdən də İran Rusiyaya lazımdır. Elə Rusiya da İrana lazımdır”.

Diplomat İrana ABŞ tərəfindən hərbi müdaxilə olacağı təqdirdə Tehrana heç bir ölkənin dəstək verməyəcəyini bildirib:

“ABŞ tərəfindən İrana hərbi müdaxilə olarsa, nəinki Rusiya, heç bir ölkə İranın yanında olmayacaq. Bu, aydın məsələdir. Əlbəttə, İrana hərbi müdaxilə ehtimalı yoxdur. ABŞ rəsmiləri də İrana hərbi müdaxilənin tərəfdarı deyillər. Sadəcə bəzən deyilir ki, Tramp daxili məsələlərdə problem yaşayarsa, seçki ərəfəsində uduzduğunu görsə, mümkündür ki, müdaxilə haqqında düşünülsün.

Ancaq mən bunu real hesab etmirəm. Düzdür, Amerika güclüdür, amma İran da zəif deyil. Həm də ABŞ Əfqanıstanda, İraqda, Yəməndə, Suriyada uzun illərdir ki, əziyyət çəkir, çətinliklə qarşılaşıb. Yəni İrana hücum etmək məsələsi gündəmə gələ bilməz. Sanksiyalarla, siyasi məhdudiyyətlərlə, təzyiqlərlə İranı istədiyi yola gətirməyə çalışır. Hərbi qarşıdurma ehtimalı ya ümumiyyətlə yoxdur, ya da çox azdır”.