İşsizlər üçün ümidverici xəbər

  • By admin
  • 26 Noyabr 2019 16:24

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi (MAS) istifadəyə verilib.

Gununsesi.org xəbər verir ki, noyabr ayının başlanğıcından istifadəyə verilən “Məşğulluq” altsistemi boş iş yerlərinin, habelə işsiz və iş axtaranların real mənzərəsini əks etdirən, daim yenilənən məlumat bazasına malikdir. Hər gün vakansiyaların elektron məlumat bazasına daxil edilməsi üzrə işlər aparılır.

“Məşğulluq haqqında” qanuna əsasən, işəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları ən geci 5 iş günü müddətində vakansiya bankına daxil etməlidirlər.

Müraciət edənlər isə, öz növbəsində, “e-sosial.az” və ya “e-gov.az” portalı vasitəsilə “Məşğulluq” altsisteminə daxil olub, vakansiyalarla tanış ola, özünün iş üçün müraciət anketini formalaşdıra, ardından isə məşğulluq mərkəzinin onun üçün təklif etdiyi işlərdən özünə uyğun olanı seçərək işə dair göndərişi təsdiq edə bilərlər.

Mövcud vakansiyalar haqqında məlumatları “Vakansiyalar bankı”nda təqdim etməyən işəgötürənlər inzibati qaydada cərimələnəcəklər.

“Məşğulluq” alt sisteminə daxil edilən vakansiyalar arasında aşpaz, bələdçi, mexanik, müxtəlif sahələrdə operator, elektrik, İKT mütəxəssisi, mühasib və s. ixtisaslar üstünlük təşkil edir.

“Məşğulluq” xidmətindən istifadə edən iş axtaranlar və işsizlərin dəqiq sayını hələlik müəyyənləşdirmək mümkün olmayıb. Çünki məlumatlar işlənmə mərhələsindədir.

Gununsesi.org