Keçmiş nazir və oğullarının MİLYARDLIQ biznes səltənəti üzə çıxdı (SƏNƏDLƏR+FOTOLAR)

  • By admin
  • 31 Yanvar 2020 18:49
Avropada yaşayan tanınmış araşdırmaçı-jurnalist Cavanşır Həsənli keçmiş müdafiə mənayesi naziri kimi çalımış Yavər Camalovun övladlarının ailə biznesi haqqında bir çox sənədlər və içi çoxsaylı mülklərin adları ilə dolu olan uzun siyahı paylaşıb.

Gununsesi.org xəbər verir ki, araşdırmaçı faktlarla və sənədlərlə keçmiş nazirin ailəsinin bitib-tükənmək bilməyən biznes imperiyasının səltənətlik halına gələn varidatının siyahısını araşdırıb. Həmin yazını sizə təqdim edirik:

“Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğlu TURQAY MÜSLÜMLÜ Edinburq Universitetini başa vurduqdan sonra biznesə girişib. 2017-ci ilin noyabrın 23-də o, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində 4 şirkət qeydiyyatdan keçirib. Şirkətlər Turqay Müslümovun yaşadığı ünvanda – BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV , ev 7A-da hüquqi qeydiyyata alınıb.
1.”ORİON GLOBAL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ əsasən xidmət sahəsini əhatə edir. Dəbdəbəli ORİON PALACE Səlim Müslümovun biznesində əhəmiyyətli yer tutur və bu şirkət üzərindən idarə olunur.
2.”ORİON CONSTRUCTİON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ tikinti sahəsində fəaliyyət göstərir.
3.”ORİON CARS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ şəhərin müxtəlif səmtlərində bahalı və VİP salonlu avtomobillərin icarəsi ilə məşğuldur.
4.”ORİON CREATİVE SOLUTİONS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ əvvəlcə Turqay Müslümlünün adına qeydiyyatdan keçirilsə də, sonradan Səlim Müslümovun digər oğlu ASİM MÜSLÜMLÜ SƏLİM oğlunun adına rəsmiləşdirilib.
Asim Müslümlü də Britaniyada, Edinburq Universitetində təhsil alıb, hazırda İsveçrədə yaşayır.
Səlim Müslümov 1995-ci ildən bəri hazırki iqtidarın komandasında yüksək vəzifələr tutub, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib”.
Qeyd edək ki, jurnalist Cavanşır Həsənli başqa bir araşdırmasında isə bunları qeyd etmişdi:

“46 saylı Şirvan seçki dairəsindən namizədliyi qeydə alınmış Rəşad Camalov 2009-cu ilin fevralından Rusiya Federal Vergi Müfəttişliyinin 31 saylı Moskva ərazi vergi xidmətində fərdi sahibkar kimi qeydiyyatdadır. Rəşad Camalov mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğludur.

 

 

Sənədlərə görə Rəşad Camalova Rusiya Federasiyasında daşınmaz əmlak biznesi dahəsində fəaliyyət göstərmək üçün lisenziya verilib.

2008-ci ildə 1087746656205 saylı lisenziya və 300 min rubl nizamnamə kapitalı ilə 24 saylı Moskva ərazi vergi xidmətində qeydiyyata alınmış “Olimpik Star” MMC-nin (“Олимпик Стар” ООО) təsisçisi də Rəşad Camalovdur. Şirkət Moskvanın Orexovıy Bulvar 31a ünvanında 2016-cı il iyulun 25-ə qədər fəaliyyət göstərib. Şirkət restoran biznesilə məşğul olub. Qeyd olunan ünvanda Rəşad Camalova məxsus “Olimpik Star” ticarət mərkəzi fəaliyyət göstərib.

Rusiya mənbələrindən məlum olur ki, Camalovun Moskvadakı biznesi geniş profilli olub, bura reklam xidməti göstərən şirkət, “Atrium” mebel salonu, “Pioner” Ticarət Mərkəzi, çoxsaylı daşınmaz əmlak aiddir.

Ən maraqlı məqam isə Rəşad Camalovun vətəndaşlığı ilə bağlı məqamdır. Federal Vergi Xidmətinin fərdi sahibkarlıqla məşğul olanlar haqqında qeydiyyat bazasında 2017-ci ilin avqustun 10-a aid məlumata əsasən Rəşad Camalov Rusiya vətəndaşı olub.

Rəşad Camalov bağlı Rusiya mətbuatında keçən bir xəbər də diqqətçəkicidir. “Novaya Vremya” qəzetinin 2013-cü il 16 dekabr tarixli 42-ci saylı buraxılışında Rusiya oliqarxları ilə bağlı “МОСКВА ЧИНОВНАЯ” başlıqlı maraqlı bir araşdırma dərc olunub.

(https://newtimes.ru/articles/detail/76009)

Jurnalist ОЛЕГ РОЛДУГИН yazırdı ki, Kremlin yaxınlığındakı Şvedskiy dalanı 3-də Rusiya prezidentinin İşlər İdarəsinə aid bina Moskvanın superstatuslu yaşayış binalarındandır.

Bu binada Rusiya xarici işlər naziri Lavrov, Rusiya hökumət başçısının müavini İqor Seçin, Rusiya Hesablama Palatasının hazırki sədri (keçmiş maliyyə naziri) Aleksey Kudrin, baş nazirin müavini Sergey Prixodko (Putinin xarici siyasət məsələləri üzrə keçmiş müşaviri), Rusiya 1-ci telekanalının baş direktoru, mediamaqnat, Konstantin Ernst, neft maqnatı Gennadi Timçenko ilə qonşuluqda azərbaycanlı işadamı Rəşad Yavər oğlu Camalov da var.

Ralduqin qeyd edib ki, Moskva nomenklaturası üçün prestij sayılan bu binada mənzillərin q kv. metri 50 min dollardan başlayır. Məsələn, Kremlə panoraması və böyük terrası olan 1000 kvadrat metrlik mənzillərdən biri əmlak şirkətləri tərəfindən 50 milyon dollara təklif olunur.

Jurnalist qeyd edib ki, Camalov “Olimpik Star” şirkətinin (RООО «Олимпик Стар») sahibidir, restoranları, otelləri var, çörəkdən spirtli içkilərə kimi ən müxtəlif məhsulların parakəndə satışı ilə məşğuldur. Moskvada meyvə-tərəvəzin satışı ilə məşğul olan “Zarya” ticarət şəbəkəsi ona aiddir.

Şirkət 2004-cü ilin iyulunda 1 milyon rubl nizamnamə kapitalı ilə Moskvada qeydiyyatdan keçib, 2007-ci ilin dekabrından təsisçisi dəyişdirilib və Rəşad Camalovun qohumu Şahin Əliyevin adına rəsmiləşdirilib. Əsasən ticarət sahəsində fəaliyyət göstərib, 2016-cı ilin aprelin 11-də ləğv edilib.

Moskvada Rəşad Camalovla bağlılığı olan daha bir şirkət MPK-GLADİATOR MMC (ООО “МПК-Гладиатор”) 1996–cı ildə Moskva Qeydiyyat Palatasında 1 milyon rubl nizamnamə kapitalı ilə Şahin Baratxan oğlu Əliyevin adına qeydiyyatdan keçib.

MPK-GLADİATOR MMC (lisenziya nömrəsi7719119858) də Rusiya paytaxtında daşınmaz əmlak biznesi sahəsində fəaliyyət göstərir. 2016-cı il martın 10-dan baş direktoru Şahin Baratxan oğlu Əliyevdir. Şirkətin 2016-cı il maliyyə sənədlərinə görə gəliri 28 milyon 268 min rubl, yaxud 460 min dollar, xərcləri isə 47 milyon 509 min rubl təşkil edib.

Bu şirkət üzərindən 1997-ci ilin sentyabrında daha bir şirkət “Bejetsk” Qapalı Səhmdar Cəmiyyəti qeydiyyatdan keçirilib, lakin 2007-ci ildə onun fəaliyyəti dayandırılıb. Şirkətin digər təsisçisi “Moloko” ASC olub.

Şahin Baratxan oğlu Şİrvan şəhərindəndir, qardaşı Əliyev Şamil Baratxan oğlunun adı 3 il əvvəl “Unibank”la məhkəmə çəkişməsində keçir.2017-ci ildə Şirvan məhkəməsində “Bank of Baku” tərəfindən də Şamil Əliyevə qarşı pul tələbi ilə iddia qaldırılmışdı.

Daha bir məhkəmə çəkişməsi 2018-ci ildə Şahin Əliyevin özü ilə “Atabank” ASC arasında baş verib. Hər iki halda Camalovun qohumlarının məhkəməyə verilməsinə səbəb onların banklara borcları ilə bağlı olub.

Adıçəkilən şəxslərin Azərbaycanda faktiki biznesləri olmayıb, Rusiyada fərdi sahibkar kimi qeydiyyatdadırlar, orada şirkətləri var. Belə çıxır ki, Azərbaycan banklarından götürülən kreditlər ölkədən çıxarılıb və Rusiyadakı biznesə yönəldilib, yaxud vəsait Azərbaycanın özündə başqa şəxslərin adına biznesə yatırılıb.

Şahin Əliyev 2009-cu ildən 43 saylı Mosvkva şəhər regional vergi müfəttişliyində sahibkar kimi qeydiyyatdadır. Fəaliyyəti daşınmaz əmlak biznesindən tutmuş, ticarət və restoran biznesinə qədər ən müxtəlif sahələri əhatə edir.

Yeri gəlmişkən, onların daha bir qardaşı – Əliyev Mehdi Baratxan oğlu da ötən ilin dekabrından Tver şəhərində fərdi sahibkar kimi qeydiyyata alınıb. Mehdi Əliyev Tver vilayətində parakəndə ərzaq ticarəti ilə məşğuldur.

Yavər Camalovun qardaşı Əlikram Camalov da 2008-ci ildən Rusiyada fərdi sahibkar kimi qeydiyyatdan keçib. Moskvada sahib olduğu daşınmaz əmlakın biznesi ilə məşğuldur. Onun 2006-cı ilin avqustun 18-də Rusiya paytaxtında 10 min rubl nizamnamə kapitalı ilə qeydiyyatdan keçirdiyi “AQROPLYUS” MMC (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “АГРОПЛЮС”) ötən ilin fevralına qədər fəaliyyət göstərib, hazırda ləğv prosesindədir. 99 faiz sahiblik hüququ Yavər Camalovun qardaşına aid olan bu şirkət də daşınmaz əmlak biznesi sahəsində fəaliyyət göstərib.

Əlikram Camalov Rusiya vətəndaşıdır. Vaxtilə Azərbaycanda Şirvan və Salyan rayonlarını əhatə edən “Hacı Camalxan” adlı fermer təsərrüfatı da açmışdı. Bu təsərrüfat vasitəsilə 2010-cu ildə “Dəmirbank”dan 5 milyon dollardan artıq kredit götürmüşdü və 2013-cü ildə krediti qaytarmadığı üçün bankla qalmaqal yaranmışdı.

Yavər Camalovun digər qardaşı Mərdan Camalov isə hazırda Zərdab rayon icra hakimiyyətinin başçısıdır. Mərdan Camalovun oğlu Alı Camalov da 2007-ci ilin iyunundan 2013-cü ilin fevralına qədər Rusiyanın Tümen vilayətində fərdi sahibkar kimi qeydiyyatda olub.

Vaxtilə Yavər Camalovun ailə biznesində çalışmış Salamov Elcin Zahid oğlu bu ailənin Azərbaycandakı biznes obyektlərinin geniş siyahısını açıqlamışdı.