Kimlərsə müxtəlif yollarla bundan milyonlarla qazanc əldə edir - ƏFLATUN AMAŞOV

  • By admin
  • 19 Fevral 2019 17:18

Milli Məclisin bu gün keçirilən iclasında “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Gununsesi.org xəbər verir ki, müzakirələrə qatılan deputat Əflatun Amaşov üzlədiyi fakt haqqında danışıb: “Bu məsələ də çox vacibdir. Tale elə gətirib ki, fəaliyyətimlə bağlı tez-tez xarici ölkələrdə oluram. Məlum problemlə mütəmadi olaraq qarşılaşıram. Tutaq ki, hansısa vacib məsələ ilə bağlı Bakıdan zəng gözləyirsən. Həmin zəng adətən başqa nömrədən və haralarasa dolaşıb gəlib çatır. Məsələn, Londondasansa sənə Bakıdan gələn zəng həm başqa nömrədən, həm də başqa məkandan, tutaq ki, Rusiyadan keçib gəlir. Yəni telefonun ekranında Azərbaycan yerinə, Rusiya yazılır. Bakıda da elə hallar olur və dəfələrlə təkrarlanır. Tutaq ki, Rusiyadan sənə kimsə zəng edir. Ekranda başqa nömrə və başqa ölkə. Görünür, kimlərsə müxtəlif yollarla bundan milyonlarla qazanc əldə edirlərmiş. Qanunun qəbulundan sonra yəqin bu hallar aradan qalxacaq.

Əgər söhbət telekommunikasiya sahəsindən gedirsə, mütləq bir məqamı da vurğulamaq istərdim. Bakıdan çıxıb Hacıqabula çatanda İran radiolarının dalğaları bizim radioların dalğalarını üstələyir. Hətta onları udur. Ağsu dolayında bizim radio dalğalarında ermənilərin radio verilişlərini eşidirik. Gəncədən o tərəfə gürcü radioları hakimdir. Hər bir dövlətin quru sərhəddi olduğu kimi, ona məxsus informasiya məkanının da sərhədləri var. Ölkəmizin gələcəyi naminə hər iki sərhəddimizi qorumalıyıq. İstərdim ki, bununla bağlı əlaqədar qurumlar qarşısında məsələ qaldırılsın”.