“Kişi ilə yatan kişi müğənnisi efirdə qadınlara pozğun deyir”– Alovlu ilə qalmaqallı müsahibə

“Kişi ilə yatan kişi müğənnisi efirdə qadınlara pozğun deyir”

Ülviyyə Alovlu: “Müğənnilərin kimisi namusundan, kimisə uşağından keçərək varlanıb”

Tanınmış aparıcı, jurnalist Ülviyyə Alovlu musavat.com saytına müsahibə verib. O son günlər maqazin gündəmini zəbt edən qalmaqallara, televiziyanın durumuna və musiqi sahəsindəki boşluqlara toxunub. Onunla söhbətə isə “Maşın” şoudan iştirak etdikdən sonra efirlərdən uzaqlaşmasının səbəbindən başladıq:

“ “Maşın” şou kimi reytinqli veriliş olmadığı üçün efirlərdən uzaqlaşdım. Çünki ondan aşağı səviyyəli verilişə özümü layiq bilmədim. Həm də orada mənəvi və fiziki baxımdan çox yorulursan. Dincəlməyə, düşünməyə ehtiyacın olur. Dostunu, ikiüzlüləri tanıyırsan. Yaralarını sağaltmağa çalışırsan. Əslində “Maşın” insanları daha yaxşı tanımağımıza səbəb olur. Hazırda bir layihə üzərində  çalışıram. Telekanala təqdim etmişəm, cavab gözləyirəm. Bir ara mahnı sözləri yazmağı dayandırmışdım, amma artıq yenidən başlamışam”.

– Bir çox məşhur mahnının sözləri sizə aid olsa da, tamaşaçılar bundan xəbərsizdir. Müğənnilərin tanınmasında rol oynayan biri olaraq öz piarınızı niyə aparmırsınız?

– Mən hər zaman A kateqoriyalı müğənnilərə mahnı yazmışam, onlar da piara az meyl edir. Röya, Brilyant Dadaşova, Zamiq, Elnur Məmmədov, Ədalət Şükürov mənim mahnılarımı oxuyub. Röyanın ən məşhur “Mən Röyayam” mahnısının sözlərini mən yazmışam. Amma çox adam o mahnıların sözlərinin mənə aid olduğunu bilmir. Səhv məndədir. Öz işimi PR etməmişəm. Həm də ANS-də olanda ikinci bir iş görməyə icazə yox idi, yalnız mənə şans verilmişdi. Vahid Mustafayev məni görəndə dəhlizdə deyirdi ki, yenə o fındıq müğənnilərə mahnı yazmısan? Cavab verirdim ki, bəli, Vahid müəllim. Mən jurnalist fəaliyyətimlə öndə olmuşam. O vaxtlar məşhurların jurnalların üz qabığında olması dəbdə idi. Amma ANS jurnalı daha ciddi sahələrə üstünlük verirdi, şou-biznesdən uzaq idi. Tarkan Bakıya gələndə hava limanında qarşıladım, hotelin qabağında yatdım ki, şəkil çəkdirim, müsahibə alım. Sonra yanına pərəstişkarı adı ilə girib müsahibə aldım. Həmin müsahibə jurnalda çap olundu, 12 min tirajla satıldı. Bir jurnal üçün rekord idi. Hamı təəccüblənmişdi ki, bu qız dünən gəlib, Tarkandan müsahibə alıb. Indi jurnalistlər müğənniyə bir dəfə zəng edir, “yox” cavabını alanda bir də ondan müsahibə almaq istəmir. Mən Zülfiyyə Xanbabayevanın dalınca 2 ay düşdüm ki, verilişimə gəlsin. Onlar ulduzdur, hər verilişə gəlib, niyə reytinq verməlidir? Ulduzların dalınca düşmək lazımdır.

– Son illər efirdə ancaq eyni müğənniləri görürük və eyni mövzular müzakirə olunur. Bu da normal olaraq insanları qıcıqlandırır.

– Çünki verilişin prodüseri əziyyət çəkib, müğənni dəvət etmir, ya da sözü eşidilmir. A kateqoriyalı müğənnilər gəlmir, keçirlər B kateqoriyasına. Onlar da 1 dəfə gəlir, sonra gəlmir. Beləliklə toyxananı yığırlar efirə. Bunun başqa adı yoxdur.

– Televiziyada Bədii Şura yaradılıb. Sizcə Bədii Şura nəyi dəyişə biləcək?

– Deyirlər ki, əvvəlki səviyyən qaytarmaq lazımdır. Əvvəlki səviyyənin tamaşaçısını televiziya artıq itirib. Efirə Zülfiyyə Xanbabayeva da, Brilyant Dadaşova da gəlsə, əvvəlki reytinqi vermir. Röya belə əvvəlki reytinqi vermir. Əvvəlki intellektual tamaşaçı indi efirə baxmır. Sanballı verilişlər yığışdırılıb. Siyasi verilişlər artıq yoxdur. İQ-su 150 ətrafında olan tamaşaçı efiri açanda ölkənin vəziyyətini görmürsə, son xəbərləri  sosial şəbəkədən oxuyursa, dünya xəbərlərinə xarici telekanallardan baxırsa, bizim efirə niyə baxmalıdır? Bir dənə bahalı dekoru olan veriliş “Maşın” şoudur. Sanballı dekor yoxdur. Bahalı dekoru olan verilişə qıyıb televiziya rəhbərliyi toy müğənnisini çağırmaz. Bundan sonra nə isə düzəlməyəcək. Şura ancaq təklifləri dəyərləndirəcək. Analitik verilişlər olmayacaqsa, intellektual tamaşaçının diqqətini çəkməyəcəksə, heç nə düzəlməyəcək. Efirdə olanları sosial şəbəkədə görürük. Televiziya sosial şəbəkəyə uduzur. Mənim kimi televiziyaya baxmayanlar Xoşqədəmləri, Zaurları instaqramda  görür.
– Şou-biznesdə də durum acınacaqlıdır. Bir ara birlik nümayiş etdirən sənət adamları hazırda gündəmə gəlmək üçün bir-birini əxlaqsız, pozğun adlandırır.

– Əvvəllər yeni tərz yarananda köhnələr ona çatmağa çalışırdı. Gələn daha keyfiyyətli musiqi idi. Röya Aygün rəqabəti belə başladı. Əvvəl müğənni gözləyirdi ki, ona mahnı hədiyyə gəlsin, Röya isə pul verib yaxşı mahnılar aldı, bahalı aranjemanlar etdirdi. O biri müğənnilər də ona çatmağa çalışdı.

Ad və yaxşı pul qazanan müğənnilər indi qazanmır. İndi onları keyfiyyətsiz musiqi ifa edənlər əvəzləyib. Hamı toya istiqamətlənib. Zeynəb Xanlarovanın oxuduğu toy mahnıları belə səviyyəli idi. İndi isə hər şey keyfiyyətsizdir. Hamamda oxuyanların səsi indiki müğənnilərdən daha yaxşıdır. Üzeyirin ifaları tənqid olunur. Baxırsan ki, mahnının sözləri yaxşıdır, musiqi və aranjeman pisdir. Erməni müğənni Super Sakonun “Mi Gna”  mahnısı ilə Amerikada “tutuzdurdu”. Azərbaycanlılar belə oynamaq istəyir. Özcan Dəniz oxuduğu üçün söyüldü. Bəlkə, Üzeyir də daha yaxşı aranjemanla dünya səhnəsinə çıxa bilər. Onun mahnılarında keyfiyyət problemi var. Onun mahnılarında etnika var. Rihannanı da musiqilərində etnika var. Üzeyir mahnılarını düzgün aranjemanla təqdim etsə, dünya səhnəsinə çıxar.

– Rəqsanənin “Bivəfa” mahnısını çox adam bəyənmirdi, amma reper “Cin” fərqli aranjemanda oxudu, insanlar sevdi. 

– Deməli, təqdimatdan çox şey asılıdır.  Mən çox bəyəndim. Rəqsanə paxıllığından əlindən mahnını aldı. Tamaşaçının dinlədiyi musiqi ilə zövqü düz mütənasibdir. İndi dünyanın bütün mahnılarını dinləmə imkanımız var. Keyfiyyətli mahnını qoyub, kim toyxana mahnısına qulaq asar? Ona görə müğənnilərimiz də keyfiyyəti qaldırmalıdır. Hazırda şou aləmindəki bazar pul qazana bilməyənləri qıcıqlandırır və digərlərini beldən aşağı vurmağa başlayırlar.

– Onların bu davranışının haqlı tərəfləri varmı?

– Guya indiyə kimi hamısı qız uşağı idi, indi əxlaqsız olublar? Bütün kişilər indiyə kimi kişi idi? Bizdən öncəki nəsil haqqında da müxtəlif sözlər danışılır. O vaxt Flora Kərimova dekolte geyinəndə, adi insanlar da dekolte geyirdi? Yox. Zeynəb Xanlarova tüllü, fış-fışalı geyinirdi. Kimsə elə geyinirdi? Yox. Həmişə varlıya qısqanclıqla  yanaşılıb. Bundan başqa insanlar düşünməlidir ki, müğənnilərə o var-dövlət boşuna verilməyib. Kimisi namusundan, kimisi mənliyindən, kimisə uşaqlarından, kimisə ailəsindən keçib, o səviyyəyə qalxıb. Heç kimə göydən heç nə düşmür. Müğənnilər də var-dövlətini göstərməklə tamaşaçının gözündən düşür.

– Müğənnilərin gözdən düşməkdə öz rolları böyükdür.

– Sosial şəbəkələr onsuz da müğənniləri əl çatan etdi. Kulis arxası söhbətləri gündəmə gətirdikcə, daha da tamaşaçıları iyrəndirəcəklər. Sponsor məsələsini Rəqsanə gündəmə gətirib, müğənniləri gözdən saldı. Dedi ki, müğənnilərin sponsoru, onun məşuqudur. Çünki özü elə idi. Yaxşıya da, pisə də o damğanı vurdu. İndi də Aqşin kimi yaxşı oğlanlar müğənniləri təhqir edirlər. Müğənnilər də çıxıb desin ki, bütün meyxanaçılar narkomandır.  Bu nə dərəcədə düzdür? Türkiyədə müğənnilərə millət vəkili kimi baxırlar, hörmət göstərirlər. Xaricilərin ən səviyyəsizini göyə qaldırırıq, amma özümüzün sənət adamlarını yerə çırpırlar. Türkiyəli məşhur qadınlar Bakıya gələndə, yüksək vəzifəlilərin evinə gedir. Və ya Tarkan, Kənan Doğulu kimi müğənnilər gələndə onlar üçün qızlar göndərilir. Bunu hamı bilir. Hamısının da qiyməti bəllidir. Ona görə hər şeyi açıb-ağartmaq olmaz. Zeki Mürən, Bülənt Ərsoyu başlarında gəzdirirlər. Bizdə trans, dönmə olsaydı, daş-qalaq edərdilər. Bizim şou-biznesdə də homoseksuallar var. Amma onlar açıqlamır ki, sabah toyları bağlanacaq, insanların gözündən düşəcək. Kişi ilə yatan kişi müğənnisi efirdə əxlaqdan, kişilikdən danışır. Elə bilib ki, türkdür, transla gedib görüşüb. Yaxşı pul verib.  Amma çıxıb efirdə deyir ki, filan kəs pozğundur. Müğənninin əxlaqlı olması kimə lazımdır? Bu mövzunun bu qədər müzakirə olması yersizdir.

– Rəqsanə demişkən, sizin aranızda pul qalmaqalı vardı. Siz açıqlamam vermişdiniz ki, sizi işlədib, pulunuzu verməyib. Əmək haqqınızı ala bildiniz?

-Almadım, özüm də istəmədim. Enerji ilə işləməyə başladım. Boş verdim.

Könül İbrahim
Fotolar Elçin Əkbərovundur.
Musavat.com

COMMENTS