Kobudluğa, yekəxanalığa yol verməyin- İCRA BAŞÇISINDAN TAPŞIRIQ

Kobudluğa, yekəxanalığa yol verməyin

Horadiz şəhərindəki Muğam Mərkəzində Füzuli rayonunda məmur–vətəndaş münasibətlərinə həsr olunan ümumrayon müşavirəsi keçirilib. Müşavirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, ictimaiyyət nümayəndələri, QHT-lər və KİV-nin nümayəndələri iştirak edib.

Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək rayonun işğaldan azad olunmuş ərazisində görülən işlər həyata keçirilən tədbirlər barədə danışıb. Bildirib ki, hazırda Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 70 min nəfərə yaxın əhali yaşayır. 60 min nəfər füzulili isə məcburi köçkün kimi Bakı, Sumqayıt, şəhərlərində və respublikanın 50-dən çox şəhər və rayonlarında məskunlaşmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq məcburi köçkünlərlə əlaqə saxlanılır, onların problemləri həll edilir, müvafiq köməkliklər göstərilir.

Alı Alıyev Prezident İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Bildirib ki, ölkə başçısının “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm”, “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” sözləri Füzuli rayonunda bütün idarə, müəssisə və təşkilatların əsas fəaliyyət prinsibi olmalı, məmurlar vətəndaşlara xidmət etməlidir.

Rayonun inkişafı üçün vətəndaş-məmur münasibətlərinin önəmli olduğunu deyən Alı Alıyev rayonda hansı təşkilatda işləməsindən və tutduğu vəzifədən asılı olmayaraq bütün məmurların, dövlət işçilərinin, hüquq-mühafizə orqanlarının əhali üçün işləməli,  insanlara xidmət etməli olduqlarını vurğulayıb.

Alı Alıyev qeyd edib ki, “Prezident İlham Əliyev bizə inanaraq, bizə bu vəzifəni daşımağı həvalə edib. Biz–bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri insanlarla bir yerdə olmalı, onların qayğıları ilə yaşamalı, kobudluğa, yekəxanalığa yol verməməlidirlər.  Prezident cənab İlham Əliyevin dediyi kimi, məmurlar təmiz işləməli, xalqla bir yerdə olmalı, rüşvətxorluqla məşğul olmamalı, dövlətə, müstəqilliyə sadiq olmalıdırlar”.

Alı Alıyev Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman vətəndaşlarla bir yerdə olduqlarını, onların problemlərini, müraciətlərini vətəndaşların özlərindən dinlədiklərini bildirib, rayonun hər bir məmurunu, vəzifəli şəxsini ölkə başçısından və onun xanımından nümunə götürməyə çağırıb.

      
Müşavirədə rayon prokuroru Ramazan Hadıyev, rayon Polis şöbəsinin rəisi Xəqani Məmmədov, Füzuli rayon məhkəməsinin hakimi Məhəmməd Bağırov, DSMF-nin rayon şöbəsinin müdiri vəzifəsini icra edən Adil Həziyev, Məşğulluq Mərkəzinin direktoru Sərdar İsmayılov, İcra və probasiya şöbəsinin rəisi Yahya Məmmədov və ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri məmur-vətəndaş münasibətləri ilə bağlı çıxış ediblər.

Müşavirəyə yekun vuran Alı Alıyev xidmət təşkilatlarının işlərində yol verdikləri nöqsanlardan bəhs edib, Rayon İcra Hakimiyyətində vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, yerlərdə onlarla keçirilən səyyar-qəbul görüşlərin əhəmiyyətindən danışıb. Bildirib ki, Rayon İcra  Hakimiyyətinin başçısı, müavinlər və şöbə müdirləri  mütəmadi olaraq füzulili məcburi köçkünlərin sıx məskunlaşdıqları Bakı, Sumqayıt şəhərlərində, Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarında, o cümlədən rayonun iri yaşayış məntəqələrində əhali ilə görüşlər keçirir, söhbətlər aparır, vətəndaşları narahat  edən  məsələləri  yerindəcə  həll  etməyə  çalışır. Əsas müraciətləri yerində həll olunan əhali başqa  təşkilatlara  müraciət  etmir, əziyyət  çəkmirlər.

  
Alı Alıyev vurğulayıb ki, vətəndaşların müraciətlərinə baxılması, onların problemlərinin, qayğılarının həll edilməsi rayonda vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, ölkə başçısı İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin uğurla icra edilməsi deməkdir.

Sonda Alı Alıyev füzulililərin Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olduqlarını bildirib, Prezident İlham Əliyevin ətrafında sıx birləşrərək onun həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini söyləyib.

Gununsesi.org

COMMENTS