Kreditə yaşanan ömür

  • By admin
  • 21 May 2019 21:36

Kubra Məhərrəmova yazır…

Bəhsəbəs və ya “qonşudan qalma geri” prinsipi təkcə bizdə deyil. Bütün postsovet ölkələrində var. Amma bizdə elə bil daha çoxdur. Gözə kül üfürmək kimi bir şey.

Bir ara dəb idi, hamı kreditə avtomobil götürürdü. Özü də nəslinin telefon nömrəsini qoyurdu banka. Daha əminəvəsi, bibinəvəsi qalmırdı ki, bank onlara zəng etməsin. Bu bir tərəfə. Belə kreditləri götürənlərin çoxu da minimum maaş alanlar idi. Amma iddia dağ boyda, ən bahalı maşın götürürdülər kreditə. Bir ay, iki ay ödəmirdilər, bank gəlib avtomobili alırdı əllərindən. Ya da banklarda “pul qazanmaq” istəyən bəzi əməkdaşlar yaxşı “şapka” alıb krediti ödəməyə heç bir prespektivi olmayanlara da kredit yazırdılar. Sonra da bu qeyri-adekvatlar olurdu avtomobil yiyəsi. Düzdür, bu, uzun müddətlik olmurdu, amma yenə.

Ölkəmizin kredit bilbordunda ikinci yeri telefon krediti tutur. Kreditin bu növü tragikomediyadır. Uşağın üst-başına baxırsan və anlayırsan ki, aylıq gəliri 400 manatdan artıq olmaz. Amma telefon 4000 manatlıq. Və ya ictimai nəqliyyatdan istifadə edir, telefonunun qiyməti 2500 AZN. Adam elə istəyir soruşsun ki, a bala, handa bir iş adamı özünə belə bir telefon qıymır, sənə nə düşüb? Elə orda da anlayırsan ki, bu adamın istifadəsində telefon PUBG-dən başqa bir işə yaramır. Yəni bu telefonla ABŞ-ın NASDAQ birjasında alıb-satılan səhmlərin qiymətini izləmir. Beyin, zəka, vəssalam.

“TOP-10”luğun üçüncü  yerində cehiz üçün götürülən kredit durur. Yəni oldu-olmadı, kreditə televizor, mebel, məişət əşyalarının ən bahalısı olmaq şərtilə götürülür. Hələ mən pərdə, çilçıraq və s. əşyalardan danışmıram. Hə, bir də 24 nəfərlik bahalı serviz də olmalıdır, servanta yığılacaq axı. Bu kreditin o biri tərəfində də “gəlin üçün qızıl” krediti durur. Yəni borc-xərc, amma brilliant komplekt olmalıdır. Bir də mütləq şəkildə xonçaya gəlin üçün bahalı mobil telefon qoyulmalıdır. Əlbəttə, o da kreditə.

Daha sonra xəz üçün olan kreditlər gəlir. Yayda al, qışda geyin, qışda geyin, yayda ödə. Qısası, hər bir özünə hörmət edən kişinin xanımı xəz geyinməlidir. Dəxli yoxdur, bu xanım şəxsi avtomobildən istifadə edir, yaxud da evə gedəndə üç avtobus dəyişir. Əsas odur ki, qonşular görsünlər ki, əynində xəz var. Buna da bir quş.

Son zamanlar meydana çıxan daha bir kredit janrı – plastik əməliyyatdır. İndi elə, il boyu ödəyərsən, ya da əməliyyatdan sağ çıxsan, ödəyərsən. De, nə vacibdir axı, burnunu kreditə kəsdirəsən? Axı özün də bilirsən ki, sənin və ailənin gəliri bunu etməyə imkan vermir. Amma nə olsun, kreditə olar.

Yəni insanımız gözə kül üfürmək üçün hər işini kreditlə – borcla həll edir. Bahalı parfüm alır kreditə, bahalı brendlərdən paltar alır kreditə, istirahətə gedir, toy edir o da kreditə. Və bütün bunlar “Instagram”da foto paylaşmaq üçün olunur. Yəni mən səndən əskik deyiləm, a qonşu. Və bir də görürlər ki, təmtəraqlı yas mərasimi keçirmək üçün də kredit götürüblər. Beləcə, bütün ömürləri kreditə xərclənib.

Az sayda adam gördüm ki, krediti təhsil haqqını ödəmək üçün götürsün. Kreditə kitab alan görmədim, kreditə hansısa gənc istedadın sərgisini keçirən görmədim, hansısa istedadlı yazarın kitabını çap etməyə kredit götürən də görmədim. Əgər siz görmüsünüzsə yazın, biz də görək. Vallah sevinərəm.