Ölkəmizdə son illər uğurla həyata keçirilən dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan verib. Lakin bəzi sahibkarlar tərəfindən ayrılmış vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, iqtisadiyyatın inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən əhalini narahat edən korrupsiya hüquqpozmaları və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.
Baş Prokurorluqdan Gununsesi.org-a verilən məlumata görə, “Şahsevən Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində MMC-nin idarə heyətinin sədri Fayəddin Fərmanov rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə vətəndaşların razılığı olmadan onların adına kredit rəsmiləşdirməklə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən büdcə vəsaitləri hesabına ayrılaraq ona etibar edilmiş güzəştli kredit resursundan təyinatı üzrə istifadə etməyərək fondun 200.000 (iki yüz min) manat məbləğində pulunu mənimsəyib.
Hazırda F.Fərmanovun digər cinayət əməllərini törədib-törətməməsi, eləcə də cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.