Kreml Türkiyə-Amerika gərginliyindən öz məqsədləri üçün də istifadə edir- ABŞ-ın Türkiyə qarşısında şərti

Kreml Türkiyə-Amerika gərginliyindən öz məqsədləri üçün də istifadə edir

Türkiyənin Rusiyadan alacağı “S-400″ raketləri ABŞ başda olmaqla bir sıra Qərb dövlətlərinin yuxusunu ərşə çəkib. Bir-birinin ardınca rəsmi Ankaranın silah almaqdan imtina etməsi üçün çağırışlar səslənir. Qardaş ölkə rəsmiləri isə ”S-400″-dən imtina edilməyəcəyini bildirirlər.

Bütün bunlar çoxsaylı müzakirələrə səbəb olub. Bir çox təhlilçilər hesab edirlər ki, Türkiyə sona qədər “S-400″ almaqda israrlı olacaq. Bütün bunların isə daha bir Türkiyə-ABŞ gərginliyinə səbəb ola biləcəyi ehtimal edilir.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyənin məcburiyyət qarşısında “S-400″ aldığını düşünür: ”Əslində Türkiyənin Rusiyadan S-400 almasının səbəbi Amerika və Avropa dövlətləridir. Çünki əvvəl Türkiyə NATO ölkəsi kimi öz tərəfdaşlarından bu tipli raketlər almaq istəyirdi. Amma nə Amerika satırdı, nə də Avropa dövlətləri. Türkiyə də məcbur qalıb Rusiya ilə anlaşmalı oldu. Çünki öz sərhədlərinin təhlükəsizliyini düşündü. İnanmıram ki, Türkiyə bu siyasətindən vaz keçsin. Çünki artıq müqavilə işləyir. “S-400″ raketləri yerləşdirilmək üzrədir. Rusiya ilə Türkiyə arasında birgə istehsal da nəzərdə tutulur. Bu məsələdə Türkiyə geri addım atmayacaq. Digər tərəfdən, Türkiyə ”S-400″dən əlavə, Amerikanın “Patriot” raketlərini də istəyir. ABŞ isə gah satacağını deyir, gah da satmayacağını. Qeyri-rəsmi cavablar verirlər. Amma Rusiya ilə bu məsələni həll etmək asandır. Çünki Rusiyada bu məsələni bir nəfər həll edir, o da prezident Vladimir Putindir.

Картинки по запросу Elxan Şahinoğlu

O “hə” deyəndən sonra bütün dövlət institutları onun dediyini deyir. Amerikada isə fərqli durumdur. Prezident Donald Tramp raketləri Türkiyəyə satmaq istəsə də, müxtəlif qurumlar var ki, buna mane olur. Ona görə də Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana verdiyi vədi yerinə yetirə bilmir. Rusiyanın özü də çox sevinclidir ki, tarixində ilk dəfə NATO dövlətinə raket satacaq. Heç bir NATO ölkəsi indiyə qədər Rusiyadan silah almamışdı. Amma indi Türkiyə NATO ölkəsi olaraq bu raketləri alır. Bu, həm də Rusiyanın uğurudur. Kreml Türkiyə-Amerika gərginliyindən öz məqsədləri üçün də istifadə edir. Bu, onun siyasətidir. Türkiyə üçün önəmli olan təhlükəsizliyini qorumaqdır. Rəsmi Ankara haradan mümkün olsa, silahları almağa çalışacaq”.

COMMENTS