Artıq yaşlanmışam, yaxın müddətdə istefa verib gedəcəyəm – MÜSAHİBƏ

  • By admin
  • 27 Noyabr 2019 11:26

Gununsesi.org Bakı Metropoteininin keçmiş rəisi Tağı Əhmədovun Bakupost-a verdiyi müsahibəni ixtisarla təqdim edir:

– Son vaxtların əsas müzakirə mövzusu aparılan kadr islahatlarıdır. Bu barədə nə düşünürsüz?

– Bəli, bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük addımlar atılır, güclü inkişaf gedir. Lukaşenkonun sözüdür, bu fikrə həmişə istinad edirəm, deyir ki, mən çox prezidentlər görmüşəm, təmasda olmuşam. Prezidentlərin hamısının içərisində ən yüksək səviyyədə olanı Azərbaycan prezidentidir. İstər diplomatik səviyyəsinə görə, istər danşıqlarına görə, istər apardığı islahatlara görə…Əlbəttə, biz yaxşı bilirik ki, Heydər Əliyev həmişə sinədəftər olub. Ancaq bizim hörmətli prezidentimiz bir-iki addım, üç addım da qabağa gedib. Nədir bu? Heydər Əliyev Azərbaycan və rus dillərində yüksək səviyyədə danışırdı, elə bil sinədəftər idi. Bu gün bizim Prezidentimizin də istər Azərbaycan dilində, istər rus dilində, istərsə də ingilis dilində yüksək səviyyədə danışır. Diplomatik danışıqlarda, əsasən, kağızdan istifadə olunur. Ancaq bizim prezidentimiz öz üzərində nə qədər çalışırsa, ölkə daxilində, ya da xaricdə, fərqi yoxdur, heç vaxt kağızdan istifadə etmir, birbaşa tribunadan nitq söyləyir. O, Azərbaycanın fəxridir…Bir dəfə Brejnev Bakıya gəlmişdi. Ona verilən məruzə səhv düşmüşdü, Əfqanıstandan danışırdı. Ona irad tutanda isə demişdi, burada nə yazıblar, onu oxuyuram… Azərbaycan xalqına bir neçə dəfə xoşbəxtlik nəsib olub. Onlardan ən böyüyü Heydər Əliyevin Azərbaycana qayıdışıdır. Şansımız onda gətirdi ki, Heydər Əliyev Naxçıvana getdi. O, Naxçıvanda olanda ermənilər Naxçıvanı ala bilmədi, elə ruslar da Heydər Əliyevə görə Naxçıvana girişməyə cürət eləmədi… Bir dəfə Vasim Məmmədəliyevə sual verdim ki, peyğəmbərlər nə vaxt zühur edir? Dedi, bir insanlar quduranda, bir də ən pis vəziyyətə düşəndə. Azərbaycanın ən pis vəziyyətində Heydər Əliyev gəldi, xalq ona inandı. Əlbəttə, burada Əbülfəz Elçibəyin fəaliyyətini danmaq olmaz. Çünki Əbülfəz Elçibəy prezident idi, qırğın da edə bilərdi, hakimiyyəti verməyə də bilərdi. Amma o dedi, mən Heydər Əliyevi bura nəinki dəvət edirəm, onun qabağında qurban da kəsirəm, təki gəlib Azərbaycanı bu vəziyyətdən çıxartsın. Azərbaycan 1988-ci ildən 1993-cü ilin birinci yarısına qədər acınacaqlı bir vəziyyətdə idi. Heydər Əliyev gələnə qədər xristianların tərtib elədiyi xəritəyə görə Zaqatala-Qax-Balakən Gürcüstana, Quba-Qusar-Xaçmaz Rusiyaya verilirdi. Bədnam Əlikram Hümbətov Talış-Muğan Respublikası yaradırdı, Kürdəmirdən o tərəfə ərazilərisə ermənilərə ərmağan edilirdi. Heydər Əliyevin gəlişi bunların hamısının qabağını aldı. Heydər Əliyev gəlişi ilə 5 min xalqın içindən Azərbaycan xalqını çıxarıb 193 dövlətin içində təmsil elədi. Bu gün prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan rəqabət qabiliyyətliliyinə, iqtisadi inkişaf potensialına görə dünya ölkələri sırasında 35-ci yerdədir. Bundan böyük fəaliyyət nə ola bilər?! 2019-cu ildə azı 50-yə yaxın sərəncam imzalanıb, hamısı da insanların maddi rifahının yaxşılaşması üçün.

– Necə fikirləşirsiniz, kadr islahatları, gəncləşmə YAP-ın öz daxilində -İdarə Heyətində, Siyasi Şurasında da aparılmalıdırmı?

– YAP-da da bu islahatlar aparılır. Bəlkə, siz görmürsünüz, öz işinizdir. Məsələn, BDU-da bizim gənclər təşkilatının sədri var idi, bu yaxınlarda onu partiya təşkilatının sədri seçdik. Bu gün gənclik YAP-da çox yüksək səviyyədə təmsil olunur.

– Təşkilat daxilində hər hansı dəyişikliklərin edilməsindən xəbərimizin olmaması qayət normaldır. Mən YAP-ın əsas simalarını nəzərdə tuturam…

– Siz, yəqin, məni nəzərdə tutursunuz ki, artıq yaşlanmışam, nəyə görə buradayam? Burada bir şey var, böyüklərdən təcrübəni öyrənmək lazımdır. Lakin zamanı gəldiyində istər-istəməz bu estafet gəncliyə verilməlidir. Hazırda partiyanın hardasa 45 faizi gənclərdən ibarətdir. Ulu öndərimiz dediyi kimi, gələcək gənclərin əlindədir. Bizim gəncliyimiz rusların Demokl qılıncı altından keçib. O vaxt səsimizi çox çıxara bilmirdik. Amma bugünkü gənclik azad, müstəqil Azərbaycanda yaşayır. Ona görə də daha çox aktiv olmalı, irəli getməlidir. Söz yox ki, mən hələ gənclərimizi istədiyim səviyyədə görə bilmirəm. Yəqin ki, xaricdə oxuyub vətənə dönənlər daha fəal, daha çevik olacaqlar. Onda bizlər də rahat olacağıq.

Sizə söz verirəm ki, yaxın müddətdə mən də istefa verib gedəcəyəm. Artıq yaş həddi gəlib çatıb. Gərək müxbirlərin sözünü yerə salmayım.

– Vacib postların gənclərə verilməsi heç də hamı tərəfindən birmənalı qarşılanmır. Belə fikirlər də səslənir ki, təcrübəli insanlara hələ çox ehtiyac var…

– Ona söz yox. Hörmətli prezidentimizin apardığı islahatların əhəmiyyəti bundadır: bir mesaj verməklə yaşlı icra hakimləri, akademiyanın prezidenti və başqaları ərizəsini yazıb vəzifədən getdi. Gələn il deputat seçkiləridir. Bəzi deputatlarımız var ki, ola bilsin, onlar da namizədliklərini verməyəcəklər.

– Yeni təyin olunan administrasiya rəhbərini tanıyırsınız?

– Yox, mən onu qətiyyən tanımıram. İslahatları aparan Prezidentdir və onun verdiyi sərəncam heç cür müzakirə mövzusu ola bilməz. Əgər prezidentimiz tanıyırsa, bilirsə, təyin edibsə, deməli, biz ona itaət etməliyik. Bu gün əgər Samir Nuriyev orada oturubsa, deməli, onun özünün də platforması, qarşısında məqsədləri var və bu məqsədləri yerinə yetirəcək. Amma onu da qeyd edim ki, məncə, Samir Nuriyev də, hətta Prezidentin özü də Ramiz Mehdiyevdən müəyyən məsləhətlər alacaq.

– Bu prosesdəki ən maraqlı məqamlardan biri də islahatların fərdi yox, komanda şəklində aparılmasıdır. Deyirlər, köhnə komanda gedir, təzə komanda gəlir. Doğrudanmı, köhnə, təzə komanda var?

– Əgər bu bölgü varsa, belə çıxır ki, mən köhnə komandadayam, amma təzə komandanı isə çox gözəl qarşılayıram. Mənim verdiyim tapşırıq onlar üçün, onların verdiyi tapşırıq da mənim üçün süzgəcdən keçir və qəbul olunur… Əslinə qalanda, köhnə komanda, təzə komanda fikrini doğru hesab etmirəm. Komanda bir dənədir, o da Heydər Əliyevin komandasıdır. 1969-cu ilin 14 iyulundan bu tərəfə 50 ildir ki, Heydər Əliyevin bütün tövsiyələri nəzərə alınır, verdiyi hər tapşırıq yerinə yetirilir. Bunu prezidentimiz də yerinə yetirir, mən də, qeyriləri də.

– Əgər komanda birdirsə, onda niyə hökumət daxilində gizli də olsa, islahatlara qarşı çıxan qüvvələrin varlığı açıq hiss olunur? Nə vaxt ki İlham Əliyev ciddi islahatlara başlayır, ölkədə gərginlik yaranır. Və bu gərginliyin bir qolunun da hökumətin daxilindən gəldiyi fikri ən mötəbər insanların dilindən səslənir. Yoxsa bu iddiaları ciddi hesab etmirsiniz? 

– Bunların heç birindən xəbərdar deyiləm.O vaxt demişdim ki, mən işdən çıxandan sonra Prezidentimə daha çox vurğun olacam. Ümidvaram ki, Prezidentin komandasında işləyib çıxan hər bir şəxs həmişə Prezidentə olan borcunu yerinə yetirib və bu gün də yerinə yetirməkdə davam edir.

– Yəni deyirsiniz, hökumətin içində elə bir adam ola bilməz?

– Xeyr, ola bilməz. Əgər siz bilirsinizsə, üzə çıxardın.

– Yəni islahatlara start verən kimi ölkədə ardıcıl aksiyaların, mitinqlərin, ayrı-ayrı qurumlarda baş verən piketlərin heç birində məmur barmağı ola bilməz?

– Müsahibənin əvvəlində qeyd etdim ki, müxalifətin keçirdiyi mitinqin səhəri bizim flaqman universitetimiz olan BDU-nun 250 tələbəsi gəldi ki, biz onlara cavab olaraq YAP-a üzv oluruq. Yəni 5-10 adamın orada çıxıb “Vağzalı” oynamağı ilə deyil. Girmişdilər qoluna ey, bir dənə o qalırdı, “Vağzalı” çalınsın ki, Əli Kərimli oynasın… Mitinqdə səslənən çıxışlarla bağlı deyim ki, orada öyrədilmiş adamlar var idi. Adi bir misal göstərim: Masallıdan bir adam gəlib deyir, mən Masallıda yaşayıram, bir dənə yumurta tapmıram, uşağa verim. Görün, nə qədər naqislikdir! Kənddə yaşayırsan, yumurtanı şəhərə sən gətirməkdən çıxıb deyirsən ki, bəs mən yumurta tapmıram. Bu nədir? Bu ancaq və ancaq aldığı qrantlar hesabına çıxıb qışqırmaqdır. Bu mitinq xarici qüvvələrin sifarişi ilə baş verdi. Ancaq hörmətli Prezidentimizin nüfuzu sayəsində bu gün Azərbaycanda olan əmin-amanlıq heç yerdə yoxdur. Biz o qədər də böyük millət deyilik – cəmi 10 milyonuq. Bu 10 milyon 7 milyardın içində dəryada damla olsa belə, bütün dünyada tanınırıq. Gərək, ya qulaq kar olsun, eşitməsin, ya da göz kor olsun, görməsin. Bu qədər təhsilin, səhiyyənin inkişafı, komplekslərin tikilməsi, yolların salınması… Mən nəqliyyat işçisi kimi deyirəm ki, Azərbaycan nəqliyyat yolları baxımından ən axırda qalırdı və heç siyahıya da alınmırdı. İndi isə yolların abadlığına görə ön sıralardadır. Bu nəyin hesabınadır? Müxalifətin qaş-gözünün? Ya indiki müxalifətin vaxtı ilə bizi saldığı tənəzzülün? Yox, tərəqqinin hesabına, neftdən gələn gəlirin düzgün yönləndirilməsi hesabınadır. Amma bizi istəməyən düşmənlərimiz, o cümlədən bizim özümüzdə olan o dırnaqarası müxalifət Azərbaycanın bu cür inkişafını görmək istəmir, gözü götürmür. Əlbəttə, onları kənardan öyrədənlər də var. Kim hansı sferada olur olsun, onu çox yağlanmağa qoymaq olmaz. Çünki yağlananda artıq quyruğu qalxır. Bəzilərini ki, yağlayıb ötürmüşük xaricə, bax onların hesabına bu gərginliyi yaradırlar. Bir az pis səslənsə də, yaxşı bir məsəl var, deyir, küçüyün qulağını küçüklükdə kəsmək lazımdır, yekəlib it olandan sonra daha xeyri yoxdur. Artıq onlar yekəlib it olublar, 5-6 manatları var, onu da Azərbaycanda iğtişaş törətmək üçün istifadə edirlər. Ancaq bu, mümkün deyil. Camaat 1992-93-cü ildəki kimi deyil. Azərbaycan xalqı artıq taleyini, müqəddəratını özü həll edə bilir.

Gununsesi.org