Lənkəran aeroportu xarici şirkətə icarəyə verilə bilər -Beynəlxalq təcrübə deputatın haqlı olduğunu göstərir

  • By admin
  • 24 May 2019 15:43

Milli Məclisin deputatı Rüfət Quliyevin Lənkəran aeroportunun xarici şirkətə, xüsusən, Rusiya şirkətinə icarəyə verilməsi zərurəti haqqında təklifi ictimaiyyət arasında böyük rezonans doğurub.

Cəmiyyətin saxta vətənpərvər, populist hissəsi dərhal qarşı çıxıb, aeroportların strateji əhəmiyyətini və belə bir təklifin qəbuledilməz olduğunu bəyan edib.

Belə bir hal yaranıb ki, hazırda deputatlardan nadir hallarda konstruktiv təkliflər eşitmək olur və cəmiyyətin sağlam düşünən hissəsi bunu dərhal müsbət qiymətləndirib.

Hazırda Azərbaycanın regionlarındakı aeroportlar AZAL şirkətinə məxsusdur və səmərəsizdir. Bakıdan başqa, Gəncə, Qəbələ, Zaqatala və Lənkəranda aeroport var. Regional aeroportlar, demək olar ki, fəaliyyətsiz qalıblar. AZAL “nə mənə, nə də başqasına” prinsipinə sadiq qalır.

Amma aeroportun xarici şirkətə icarəyə verilməsi təcrübəsindən digər ölkələrdə fəal şəkildə istifadə olunur. Tbilisi və Batumidə Türkiyənin TAV şirkəti tərəfindən idarə olunan aeroportlar buna gözəl nümunədir. Türkiyə şirkəti 2005-ci ildən Tbilisidəki aeroportu idarə edir. Bundan sonra ildən-ilə sərnişindaşıma həcmi artmağa başlayıb, 2018-ci ildə 3 808 619 nəfərə çatıb. Hazırda Gürcüstan paytaxtındakı aeroportdan dünyanın 35-ə yaxın aviaşirkəti reyslər həyata keçirir.

2007-ci ildən TAV Batumidəki aeroportu da idarə edir. Hazırda hava limanından 10 aviaşirkət reysrlər həyata keçirir və 2018-ci ildə aeroportun buraxılış qabiliyyəti 600 min nəfər təşkil etdiyi halda, sərnişin axını 598 891 nəfər təşkil edib.

Qeyd etmək lazımdır ki, TAV Riqa aeroportunu da idarə edir, 2018-ci ildə burada 16 şirkət vasitəsilə sərnişindaşıma həcmi 7 056 099 nəfər təşkil edib.

Türkiyənin özündə də aeroportun xarici şirkət tərəfindən idarə olunması nümunəsi var. Sabiha Gökçen aeroportu “Malaysia Airports” şirkəti tərəfindən idarə olunur.

Yunanıstan paytaxtı Afinanın aeroportunu da xarici şirkət idarə edir. 1996-cı ildən aeroport konsessiya sazişi əsasında Athens İnternational Airport S.A. şirkəti tərəfindən idarə olunur, bu şirkətdə səhmlərin 55%-i Yunanıstan hökumətinə, qalan hissəsi isə Almaniyanın Hochtief şirkətinə məxsusdur. 2012-ci ildə idarə edən şirkət aviaşirkətlər üçün aeroport xərclərini azaldıb, bu da aviareyslərin artmasına gətirib çıxarıb. Beləliklə, şirkət artan dövriyyədən mənfəət əldə etməyə üstünlük verib.

Bu, aeroportların xarici şirkətlər tərəfindən idarə olunması nümunələrinin çox az hissəsidir. Hər bir halda xarici idarəetmə reys həyata keçirən aviaşirkətlərin, sərnişin axınının artmasına, aviabilet qiymətlərinin azalmasına gətirib çıxarıb.

Bu nümunələrdən fərqli olaraq, Azərbaycanda təkcə regionlarda deyil, paytaxtda da aeroport tam gücü ilə fəaliyyət göstərmir. Avropa Komissiyasının Nəqliyyat və Hərəkətlilik Komissiyasının baş direktoru Henrik Hololeyin “Turan”a müsahibələrindən birində bildirdiyinə görə, Bakı aeroportu gücünün 50%-i qədər fəaliyyət göstərir və Avropa İttifaqı ilə aviasiya sazişi sərnişin axınının artmasına kömək edər.

Bundan başqa, qeyd etmək lazımdır ki, Azərbaycan Avropada aeroportun və milli aviadaşıyıcının eyni şirkətə məxsus olduğu nadir ölkələrdəndir, bazar iqtisadiyyatı şəraitində bu, qəbuledilməzdir. Çoxları aeroportun milli aviadaşıyıcıdan ayrılması Azərbaycan və Avropa İttifaqı arasında hazırda müzakirə olunan aviasiya sazişində əksini tapacaq.

Ekspertlər qeyd ediblər ki, deputat Rüfət Quliyevin təklifində bir mənfi məqam var, bu da onun konkret olaraq Lənkəran aeroportunun kimə icarəyə verilməli olduğunu qeyd etməsidir. Əslində isə hökumət regionlarda hər bir aeroportun icarəsi üçün açıq tender elan etməlidir. Yeni aviaşirkətlərin cəlb edilməsində, qiymətlərin ucuzlaşdırılmasında və sərnişindaşımaların artmasında inhisarçı AZAL deyil, yalnız özəl investor maraqlı ola bilər. Nə qədər ki, bu edilməyib, regionlardakı aeroportları sərnişin intizarında “toz basacaq”.

turan.az