“Lənkəran aeroportunu Rusiyaya icarə verək” dedi, tənqid olundu

  • By admin
  • 23 May 2019 13:47

Bir neçə gün əvvəl Milli Məclisin deputatı Rüfət Quliyevin Lənkəran aeroportunu Rusiyaya icarə verməklə bağlı təklifi sosial şəbəkələrdə ciddi müzakirəyə çevrilib.

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, deputat 2018- ci ilin dövlət büdcəsinin icrası müzakirə olunan zaman bildirib ki, Lənkəran hava limanı Rusiyadan olan hər hansı güclü kommersiya strukturlarından birinə təklif edilərək icarəyə verilə bilər.

Deputatın bu fikri ciddi tənqid olunub. Bildirilib ki, onun bu təklifi Azərbaycanın əleyhinədir.

Rüfət Quliyev isə Modern.az-a açıqlamasında fikirlərinin yanlış anlaşıldığını bildirib:

“İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ikinci gün keçirilən iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi gedirdi. Müzakirələr zamanı iclasda əyləşənlərə sual ünvanlayaraq dedim: “Azərbaycanda bu qədər möhtəşəm idman kompleksləri var. Bundan başqa rayonlarımızda dünya standartlarına cavab verən  hava limanlarımız var. Bunlara büdcədən nə qədər pul ayrılır. Daha maraqlısı odur ki, büdcədən ayrılan pullar artır, azalır yoxsa yerində qalır?”.

Sözümün canı odur ki,  prezidentin tapşırığı ilə tikilən obyektlərin xərcləri, işçilərin əmək haqları məsələsi var. Elə edək ki, bu obyektlərə büdcədən ayrılmalar azalsın və özləri özlərini maliyyələşdirə, yəni dolandıra bilsinlər”.

Deputat bu obyektlərin tender formasında icarəyə verilməsini təklif etdiyini söyləyib:

“Düşünürəm ki, Lənkəran hava limanı Rusiyadan olan hər hansı güclü kommersiya strukturlarından birinə təklif oluna bilər. Həmin qurum hava limanını ya bütöv, ya da qismən Azərbaycanın hər hansı kommersiya strukturu ilə şərikli istifadə edə bilər”.