“Lap Rövnəq Abdullayev istefa versin, nə dəyişəcək?” – Fazil Mustafa

  • By admin
  • 12 İyun 2019 12:08

Son günlərdə iki oyunda Azərbaycan yığmasının Slovakiya və Macarıstana uduzması bir çoxları tərəfindən AFFA rəhbərliyinin istefasının irəli sürülməsi ilə nəticələnib. Bəziləri problemi futbolçularda, digərləri isə idarəçilikdə görür.

Məsələylə bağlı millət vəkili Fazil Mustafa “Yeni Sabah”ın son oyunla, Azərbaycanda futbolun vəziyyəti, AFFA-nın istefa tələbi ilə bağlı suallarını cavablandırıb.

– Fazil bəy, dünən Azərbaycan yığması uduzdu. Yenə də gözlədiyimizin əksinə olmayan bir nəticə oldu. Nəticəylə bağlı nə deyə bilərsiniz?

– Güclü çempionat vacibdir. 8 komandalıq bir çempionat və birinci dəstənin zəif olması öz təsirini göstərir. Oyunçu seçimi üzərində müəyyən problemlər yaranır və alternativlər çox olmur. Ona görə ilk növbədə ölkə çempionatını gücləndirmək lazımdır. Çempionatın gücləndirilməsi üçün iş sferası canlı olmalıdır. Sahibkarlığın inkişafı o dərəcədə yüksək  səviyyəyə çatmalıdır ki, ayrı-ayrı insanların futbolda yatırım qoyması təşviq edilməlidir.

Həm də futbolda rəqabət olmalıdır. Bizdə birinci dəstə də, güclülər dəstəsi də zəifdir. 

Ona görə ikisindən oyunçu tapmaq və Avropa məkanında rəqabətə dayanıqlı komanda formalaşdırmaq çətindir.

İkinci isə ümumiyyətlə xarici məşqçi məsələsi strategiyası doğru anlaşılmalıdır. Xarici məşqçi zəruri ola bilər o halda ki, yerli səviyyədə bu problemi həll etmək mümkün olmasın. Əgər yerli məşqçilərin keyfiyyətinin müəyyən dərəcədə aşağı olması müşahidə olunursa, bu olar. Amma məncə, öz məşqçilərimizi yetişdirməliyik. Komandanın başında da öz məşqçilərimiz durmalıdır. Qurban Qurbanovun baş məşqçi olmasını səbirlə gözləmək lazım idi. Müqaviləni dərhal pozaraq, onu uzaqlaşdırmaq əslində öz mənfi təsirini göstərdi. Çünki çempionat zəif olursa, yerli futbolu bilən məşqçinin olması heç olmasa komandanı vəziyyətdən çıxara bilir. Həm də daha məsuliyyətli davranmağa sövq edir. Bir neçə problemlər var ki, bunlar çözülsə normal səviyyəyə gətirmək olar.

– Azakeşlər problemi daha çox idarəçilikdə, AFFA rəhbərliyində görürlər. Dünən stadionda da istefa şüarları səsləndi. Bu gün də sosial şəbəkələrdə  bu tələblər səslənir. Sizcə bu tələb haqlıdırmı? Əgər AFFA rəhbərliyi istefa verərsə, problem həll oluna bilərmi?

– Xeyr. Bu problem yenə də həllini tapmayacaq. Çünki futbola vəsait yatıran qurumlar yoxdur. SOCAR-dan başqa elə bir qurum yoxdur ki,  vəsait yatırsın. Rəqabətlilik yaratmaq lazımdır. Yəni daha çox müstəqil iş adamları, müstəqil iş sferası olsa futbol da  dirçələcək.

Lap o istefa versin, yenə həmin vəziyyət olacaq. Çünki  futbol həm biznesdir, həm də pul xərclənməlidir. 

Amma  bura könüllü pul xərclənməlidir, həm də pul xərclənərək qazanc götürülməlidir. Bunun üçün də iş bazarı, biznes mühiti  tam aydın, açıq olmalıdır ki, hər kəs hara pul qoyduğunu bilsin. Bu mühiti yaratmadıqca ölkədə voleybol, həndbol olsun, ya basketbol guya inkişaf edəcək?

Yalnız populyar idman növü futbol deyil ki… Digər məşhur idman növləri var ki, voleybol, basketbol, xokkey, onlarda da hansısa irəliləyişimiz yoxdur. Ancaq kənardan oyunçular gətirib, milliləşdirib oyuna çıxarırıq. Bir vaxtlar otüstündə xokkey var idi. Hamısı Kim Həsənova, Çen İbrahimova… Bununla xokkeyi inkişaf etdirmək olmaz. Səmimi şəkildə idman təsərrüfatına diqqət yetirilməlidir.

Birinci növbədə dediyim kimi sahibkarlıq inkişaf eləməsə, bütün  idman növlərinin gələcəyi ümidverici görünmür.

– Maraqlı məqama toxundunuz. Zəif olan sahələr komanda şəklində olan idman növləridir. Bizdə də belə fikir formalaşıb ki, ümumiyyətlə Azərbaycanda komanda oyunları uğur qazana bilmir. 

– Əslində bu, kimsənin Azərbaycan xarakterini primitiv oxumasından irəli gəlir. Niyə kollektiv oyun alınmır ki? Birinci kollektiv ruh yaratmaq, ikinci ortaya kollektiv pul qoymaq lazımdır. Bu ikisi yoxdursa,  kənardan oyunçu gətirib milliləşdirmək yalnış ənənədir. Qoy zəif olsun, amma özümüzünki olanda hər halda himndən sonra Azərbaycanın varlığını dərk eləyir.

İkinci, gənclərimiz Lixtenşteynə uduzdu. Bu, təhsillə bağlı məsələdir. Azərbaycan futbolçusunun savadı da aşağıdır. Azərbaycan futbolçusunun dünya görüşü, davranışından test keçirsən xeyli hissəsi  bəlli bir orta savadından irəli gedə bilmir. Amma  alman futbolçusu elə deyil, o həm də yaxşı təhsil alır. Təhsil, dünya görüşü yerində olmayan futbolçu zəki, ağıllı futbolçu ola bilməz. Müasir dövrdə birinci növbədə futbolçunun zəkası önəmlidir. Fiziki imkanlarla yanaşı bu da vacibdir.

Əksəriyyət futbola ona görə gedir ki, artıq dərsini oxumur. Bəlkə futbolda uğur qazandısa, hansısa bilgi sahibi olmaq lazım deyil deyə düşünür.

 Halbuki, müasir  futbolda diqqət edirsizsə, bəlli bir dünya görüşü, düşüncəsi olmayan oyunçu oyunu bütövlükdə oxuya bilmir, ancaq öz cinahına oxuyur. Geniş mənada oyunun 90 dəqiqəsini görə bilmir. Özünə aid olan 10-15 dəqiqəni  görür. Ona görə də  oyunçu bu keyfiyyətlərə sahib olmalıdır.

Azərbaycan futbolunda məsələn, Maksim Medvedev baxmayaraq ki, rusdur, danışığı, davranışı çox xoşuma gəlir. Hiss edirsən ki, müəyyən biliyə malik futbolçudur. Yaxşı dünya görüş, hazırlıqlı futbolçu  olanda özünə də baxa bilir, öz məsuliyyətini daşıyır. Bunlar hamısı önəmli məsələlərdir. Ona görə də Azərbaycan yığması məsələsində yerli məşqçiyə qayıdılmalıdır. Yerli məşqçiyə imkan tanınmalıdır və  vaxt verilməlidir.

Bir də burada məsələn, qapıçı yetişdirilməsi və başqa məsələlər də var. Türkiyə və digər klublarla əlaqə genişləndirilməlidir. Ən azından onların köməyindən istifadə etmək olar. Onların bazasında başqa futbolçuların indidən, 10-12 yaşlı uşaqların yetişdirilməsinə çalışmaq lazımdır. Çünki ardı gəlmədikcə belə olacaq.

Ən böyük problemin biri futbol meydançalarının olmamasıdır. Binalar tikildi, binaların həyətində futbol meydançaları hamısı məhv edildi, əyləncə yerinə çevrildilər. 

Hansısa binanaın həyətində cüzi hallarda basketbol lövhəsi görərsən ki, orada uşaq məşq edə bilsin. Küçədə bu imkanlar məhv ediləndə, digər sahələrdə bunu inkişaf etdirmək olmur. Birinci küçədən, evdən başlamalıdır. Məsələn, pulsuz üzgüçülük hovuzu tapa bilmirsən. Hansı orta məktəbin üzgüçülük hovuzu, standarta uyğun idman meydançası var? Hamısı tikilir, guya boyandı verildi, 3 gündən sonra onun boyası da qopur, vurulan mismarlar da yerində durmur. Ölkənin gələcəyi ilə bağlı kompleks düşüncə ortaya qoymalıyıq ki, idman da onunla bərabər inkişaf etsin.