Məhkəmə deputatlığa namizəd olmuş şairin cəzasını azaltdı

Məhkəmə deputatlığa namizəd olmuş şairin cəzasını azaltdı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Əli Hacı Ağaevli və Fuad Kərimovun apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Gununsesi.org xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib və təqsirləndirilən hər iki şəxsin cəzası azaldılaraq qəti olaraq hər birinin üzərində 1 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Qərarda qeyd edilib ki, Əli Hacı Ağaevli dəymiş ziyanı tam ödəyib.

Qeyd edək ki, Ə.Ağaevli və F.Kərimov zərərçəkmiş Qabil Mehdiyevdən yarım milyon manata yaxın pul alaraq, dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunurlar. Lakin təqsirləndirilən şəxslər ittihamları qəbul etməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Hacı Ağaevli 7 il, Fuad Kərimov 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hər iki şəxs məhkəmə zalından həbs edilib.

Xatırladaq ki, 2015-ci ildə Əli Hacı Ağaevlinin 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb və qeydə alınıb. O, “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnstitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresinin Məşvərət Məclisi sədrinin birinci müavini olub. “Varliq” qəzetinin təsisçisi və baş redaktoru olub. 1996-1998 ci illərdə “Varlıq” şirkətinin prezidenti kimi fəaliyyət göstərib. O, eyni zamanda şairliklə məşğul olur, bir neçə şeir kitabı çap olunub.

COMMENTS