“Məhkəmə-hüquq sistemindəki islahatlar vəkillikdən başlamalıdır”- FƏRHAD MEHTİYEVDƏN İTTİHAMLAR

“Məhkəmə-hüquq sistemindəki islahatlar vəkillikdən başlamalıdır”

Hüquqşünas Fərhad Mehdiyev: “Nümayədəlik institutu bərpa edilməli, vəkilliyə qəbulda müsahibə mərhələsində sui-istifadəyə yol verilməməlidir”

Azərbaycanda 2017-ci ildə vətəndaşların məhkəmələrdə nümayəndə ilə təmsil olunmasının məhdudlaşdırılması ilə bağlı qanunvericiliyə dəyişiklik edildi. Bununla da məhkəmələrdəki nümayəndəlik institutu faktiki ləğv edildi və bu səlahiyyət yalnız Vəkillər Kollegiyasının üzvü olan vəkillərə verildi.

Bundan sonra bir çox vəkillərin kollegiyadan uzaqlaşdırılması müşahidə edildi və onların əksəriyyəti siyasi işlərə çıxdıqlarına görə cəzalandırıldıqlarını bəyan ediblər. Vəkillər Kollegiyası bu iddiaları rədd edib. Son günlərdə Vəkillər Kollegiyası ətrafında müəyyən proseslər baş verir. Kollegiya üzvü olmuş və hazırda olan vəkillər tərəfindən VK rəhbərliyinə qarşı ittihamlar səsləndirilib. Kollegiya bununla bağlı bəyanat yayaraq, iddiaların əsassız olduğunu bildirib.

Bu prosesin fonunda deputat Fazil Mustafa parlamentin son iclasında nümayəndəlik institununun bərpasına çağırıb, VK-ya qəbulun sadələşdirilməsini təklif edib. VK Rəyasət Heyəti buna qarşı çıxsa da, təklifi dəstəkləyən hüquqşünaslar da var.

Bizimyol.info məsələ ilə bağlı hüquq üzrə professor Fərhad Mehdiyevlə müsahibə edib:

– Nümayəndəlik institutunun bərpası ilə bağlı təklif var. Bu institutun ləğv edilməsi və nəticələri nə oldu?
– Bu vacib və aktual məsələ ilə bağlı sual verdiyiniz üçün minnətdaram. Əvvəlcə baxaq ki, nümayəndəlik institutunun ləğvi ilə bağlı rəsmi bəhanələr nə və nəticələri nə oldu? Nümayəndəlik institutunun ləğvinin iki rəsmi bəhanəsi vardı:
1. Heç bir hüquq təhsili olmayan və hüquqdan başı çıxmayan insanlar gəlib nümayəndəlik edir.
2. 2012-ci ildə Avropa Şurası-Avropa İttifaqının “Şərq tərəfdaşlığı ölkələrində hüquq islahatları” layihəsi çərçivəsində hazırlanmış “Vəkil peşəsinə dair” hesabatda ölkəmizə münasibətdə mülki və inzibati işlər üzrə məhkəmə işlərində yalnız vəkillərin iştirakının əhəmiyyəti barədə tövsiyə edilib.

Hər iki məsələyə toxunmaq istəyirəm. Düzdür, həqiqətən də məhkəmədə nümayəndə qismində qeyri-peşəkarlar iştirak edirdi. Amma heç bir hüququ biliyi olmayan vətəndaşın məhkəmədə özünün çıxış etməsindən ondan bir az yaxşı bilən nümayəndənin çıxış etməsi daha yaxşıdır. Yəni istənilən nümayəndənin olması nümayəndənin olmamasından daha yaxşıdır. Vəkillərin aldığı xidmət haqqı məbləği nümayəndələrin aldığından ən azı iki dəfə, çox zaman bir neçə dəfə artıqdır. Nümayəndələr isə bəzən pulsuz da yardım göstərirdilər. Mən özüm hər il ən azı iki nəfərə tamamilə təmənnasız nümayəndə kimi kömək edirdim. Bu il isə yanıma Şəmkirdən bir nəfər gəlib, serebral iflic olan uşağına əlillik dərəcəsi vermirlər. Çox pis vəziyyətdə olan insanlardır, amma onlara heç cür hüquqi kömək edə bilmirəm. Yəni nümayəndəliyin ləğvi ilə çox adam pulsuz, yaxud az məbləğlə hüquqi yardım göstərilməsindən məhrum olundu.

Avropa qurumlarının hüquqi yardım işinin vəkillərə həvalə edilməsi ilə bağlı tövsiyəsinə gəlincə, 17 yanvar 2019 tarixli Avropa Parlamentinin qərarının 5-ci bəndində açıq formada yazır ki, Azərbaycan höküməti nümayəndəlik institutunu bərpa etməlidir. Diqqət edin, 2012-ci ildəki qərar “Şərq tərəfdaşlığı” ölkələrinə aid ümumi qərar xarakterli idi. 2019-cu il qərarı isə birbaşa Azərbaycana aiddir.

– Avropa Parlamentinin belə bir qərar verməsinin səbəbi nədir?
– Sirr deyil ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası müstəqil bir qurum deyil. Bunu siyasi səbəblərlə cəzalandırdıqları vəkillər siyahısına baxanda da görürük. Digər səbəb qurumun özündə demokratiklik və şəffaflıq prinsiplərinin olmamasıdır. Bütün bunlar müasir mədəni dünyada kollegiyanın işinin bərbad səviyyəyə gəlib çıxmasına səbəb olur. VK gedib Avropadan özünə baxmır. Məsələn, Brüsseldə Vəkillər Kollegiyası Asossiasiyası var, Avropa İnsan Haqları Komissarı Dünya Miyatoviç var, bir söhbət etsinlər, baxsınlar ki, bunlar haqqında nə düşünürlər? VK məsələyə sadəcə bu aspektdən baxır ki, hüquq-mühafizə orqanalrı VK Rəyasət Heyətindən razı qalsın. Belə yanaşdıqlarına görə də, VK vətəndaşın hüququnu müdafiə etməz hala gəlir. Bu mövqe təkcə siyasi işlərə çıxan vəkillərlərlə bağlı deyil. Çünki korrupsiyaya bulaşmış məmurun, bir yerdə bir qohumu, tanışı, tapşırdacağı adamı var. Bayaq dediyim misalda, Şəmkirdən olan həmin vətəndaş, məhkəmədə səhiyyə şöbəsinin müdiri ilə toqquşanda, əslində icra başçısı ilə toqquşur. İcra başçısının da sağda-solda qohumları çoxdur. Bir vəkil bu korrupsiya faktını üzə çıxartmağa cəsarət etsə, Yalçın İmanov məsələsində olduğu kimi onun haqqında təqdimat göndərəcəklər ki, bu adam kiminsə işgüzar nüfuzunu təhqir edir. Bu halda, vəkil ən azı töhmət alacaq. Dediklərimin sübutu da odur ki, 2017-ci ilin dekabr ayında VK “Vəkilin etik davranış kodeksi haqqında əsasnamə” çıxarıb. O əsasnamədə belə bir ifadə var:

“Vəkil KİV-də, sosial şəbəkələrdə, kütləvi çıxışlarda dövlət orqanlarının, vəzifəli şəxslərin, VK-nın qərarlarına qarşı cəmiyyətə çaşqınlıq yarada biləcək ifadələrdən çəkinməlidir”.

“Çaşqınlıq yaradacaq” olduqca geniş təfsir olunan sözdür və ora hər şeyi daxil etmək mümkündür. Bu, o deməkdir ki, vəkil ümumiyyətlə tənqidə yol verməməlidir, çünki hər hansı bir tənqid çaşqınlıq yarada bilər. Sizi inandırıram ki, indi böyük əksəriyyət vəkillər bunun haqqında danışmağa da qorxur. Çünki Əsasnamənin özünü tənqid etmək belə, əsasnamənin həmin müddəasını pozmaq anlamına gəlir. Bu adamlar öz çörəyini itirməkdən qorxurlar. Baxın, nümayəndəlik institutunun ləğvi başqa bir nəticəyə gətirib çıxardı. Əvvəllər VK-dan uzaqlaşdırılan vəkil öz çörəkpulunu nümayəndəliklə qazana bilir, həyatını təmin edə bildirdi. İndiki halda isə, VK-dan çıxarılan hüquqşünas sosial ölümə məhum edilir. Fərz edin ki, 40-45 yaşı var, kollegiyadan çıxarılıb, o yaşda heç bir iş tapa bilmir, pensiya təminatı da yoxdur. Ona görə də vəkillər üçün kifayət qədər ağır, gözqorxuducu bir şəraitdir. Məsələn, belə bir bəhanə varsa ki, qeyri-peşəkarlar nümayəndə olurlar, o zaman ancaq hüquqşünas diplomuna sahib olanlar nümayəndəlik edə bilərlər.

– Bəs dünya praktikasında bu məsələ necə tənzimlənir? Məsələn, Avropada vəkillər kollegiyası ilə yanaşı nümayəndəlik institutu varmı?
– Bir çox Avropa ölkəsində nümayəndəlik institutu yoxdur. Amma orada vəkilliyə giriş çox sərbəstdir. Həmçinin vəkillərin özü müstəqildirlər, basqı altında deyillər. Həm də Avropa ölkələrində bir vəkillər kollegiyası yox, bir neçəsi olur. Hər şəhərin, rayonun özünün vəkillər kollegiyası var. Onları biləşdirən sadəcə konfederasiyalardır. Vəkil səlahiyyətli şəxs – prokuror, hakim deyil, amma cəmiyyətdə şəffaflığın təmin edilməsində çox böyük rol oynayır. Məsələn, müdafiə etdiyi şəxsin həbsdə başına gələnləri çıxıb danışa, hüquqi cəhətdən əsaslandıra, həbsxana rəhbərliyinə etiraz verə bilər. Yəni birbaşa səlahiyyətli şəxs olmasa da, şəffaflığı təmin olunmasına böyük töhfə verə bilən vacib bir şəxsdir. Avropa cəmiyyətləri bunu başa düşərək, vəkillərə bu məsələdə də müstəqillik verirlər. Yəni nümayəndəlik olmasa da, keyfiyyətli və həqiqi vəkillik var. Bizdə isə vəkil məhdudlaşdırılır, çox şey danışa bilmir, çərçivəyə salınır.

– Vəkilliyə qəbul prosedurunda iki mərhələdən birinin – test saxlanılmaqla müsahibənin ləğv edilməsini də təklif edilir. Sizcə, testdən sonrakı müsahibə mərhələsi qəbul prosesində su-istifadə hallarına yol açır?
– Əfsuslar olsun ki, açır. Normal cəmiyyətlərdə müsahibə mərhələsi tamamilə lazımsız da deyil. Bu mərhələnin əsas funksiyası odur ki, şəxsin psixoloji vəziyyətinə, nitqinə və s. baxsınlar. Yəni, bir insan normal biliyə cavab verə bilər. Məsələn, məktəbə qəbul olunan müəllimlər də mütləq müsahibə mərhələsindən keçməlidir. Çünki psixoloji cəhətdən qeyri-sağlam olsa, onların həmin vəzifəyə təyin olunmaması lazımdır. Düzdür, imtahan verən şəxslərdən psixi xəstəliyin olmaması ilə bağlı arayış tələb edirlər, amma bütün hallarda şəxslə birbaşa söhbət vacibdir. Müsahibə mərhələsinin məqsədi bir insanın hansı siyasi görüşə malik olmasını müəyyənləşdirmək, biliyini bir daha yoxlamaq deyil, çünki onsuz da test imtahanı verib. Yəni bu mərhələ başqa məqsədlərə xidmət etməməlidir. Bizdə isə sui-istifadə hallarına gətirib çıxarır. Mən universitetdə müəllimlik etmişəm. Bir insanı imtahandan kəsmək istəsəm, professor belə olsa, ondan elə qəliz şey soruşaram ki, sadəcə sualı başa düşməz və təbii ki, cavab verə bilməyəcək. Bizdə test mərhələsini keçən 30-dan artıq müstəqil hüquqşünas var ki, testdən uğurla keçsələr də, müsahibə mərhələsindən keməyiblər. Onlar bu işi Avropa Məhkəməsinə götürəcəklər. Bu da onun sübutudur ki, müstəqil fiukirli hüquqşünasların kollegiyada olmasını istəmirlər.

– Vəkillər Kollegiyası açıqlayıb ki, nümayəndəlik institununu ləğvi vətəndaşların hüququnun qorunmasına mənfi təsir göstərməyib və son bir ildə minlərlə adama pulsuz hüquqi yadım göstərilib. Pulsuz hüquqi yadımın keyfiyyəti vətəndaş üçün qənaətbəxşdirmi?
– Həqiqətən də rayonlarda müəyyən günlərdə VK vətəndaşlara pulsuz hüquqi məsləhət verir. Amma bu o demək deyil ki, onlar vətəndaşların işlərini məhkəməyədək götürürlər. Biz də o qədər adama pulsuz məsləhət veririk, amma işi məhkəmə instansiyalarına daşıya bilmirik. Böyük ehtimalla VK da sadəcə hüquqi məsləhət verməklə kifayətlənir. Əgər işləri məhkəməyə çıxarıblarsa, bizə bunun dəqiq siyahısını versinlər. Bizdə “Pulsuz hüquqi yardım haqqında” qanun hələ də tətbiq edilmir. Amma belə bir qanunun olmasına çox böyük ehtiyac var. İnsanlar var ki, hüququnu təmin etmək üçün gözləməyə vaxtı yoxdur. Çünki məhkəmədə iddia qaldırmaq və ya qərarlardan şikayət vermək üçün müəyyən müddətlər var. Həmin müddət ərzində iddianı verməsən, artıq bu hüququnu itirirsən. Qanun yoxdur deyə, vətndaş da bilmir ki, kimə, hara, necə müraciət etməlidir. Məsələn, məhkəməyə ərizə yaza bilər ki, vəkil tutmağa pulum yoxdur, pulsuz vəkil təyin edilsin. Amma bu hüququ ona izah etməyə, həmin ərizəni tərtib etməyə də hüquqşünas lazımdır axı. Lap tutaq ki, pulsuz vəkil təyin edildi. Vəkil pulsuz, sadəcə dövlətin saathesabı verdiyi məbləğə görə o işi keyfiyyətli görmür. Yəni dövlət tərəfindən verilən məbləğ o qədər cüzidir ki, müqavilə əsasında çıxdığı işdən aldığı məbləğlə, dövlətin verdiyi məbləğ arasında azı 8-10 dəfə fərq yaranır. Müştəri ilə 800-1000 manata müqavilə bağladığı iş üçün dövlət orta hesabla 130-140 manat pul ayırır. Vəkil də deyir ki, bu, heç mənim benzin pulum etmir. Ona görə də, burada keyfiyyətli hüquqi yardımdan danışmaq olmur.

– Problemlərdən çıxış yolu kimi nə təklif edirsiniz?
– Ölkə prezidenti elan edib ki, məhkəmə-hüquq sistemində islahatlara ehtiyac var. Yəni, məhkəmə-hüquq sistemində islahat olacaqsa, bunu ən rahat, ən tez, ən effektiv yolu Vəkillər Kollegiyasından başlamaqdır. Yəni, burada islahat etməsən, nə prokurorluqda, nə məhkəmədə islahat mümkün deyil. O sahələrdə islahat daha çətindir, nəinki kollegiyada. Azərbaycanda həqiqətən demokratik yolla təşkil olunan, vəkillərin hüquqlarını müdafiə edən müstəqil bir qurum olmalıdır. O qurumun rəyasət heyəti daxil olmaqla ordakı insanları vəkillər özləri seçməlidir. Vəkil də bilməlidir ki, sabah kiminləsə prpoblemi olanda seçdiyi adam qanunun tərəfində olacaq, tapşırıqdan, təhdiddən qorxmayacaq. Əgər bunları edə bilməsək, müsbət yöndə heç nə dəyişməyəcək.

Rəşad VAQİFOĞLU

COMMENTS