Məhkəmə ədaləti bərpa edəcəkmi ?     

  • By admin
  • 26 May 2016 13:00

Oruceli

Mingəçevir şəhər sakini Zoya Cumar qızı Süleymanova  ondan rüşvət alınması və hüquqlarının tapdalanmasıyla bağlı redaksiyamıza müraciət edib. Gununsesi.info-nun məlumatına görə, vətəndaş qeyd edir ki, ADPU-nun Zaqatala filialının (o zaman AMİ – nin Mingəçevir filialı) rəhbəri Orucəli Rzayev ondan rüşvət alaraq iş yerini dəyişdirib. Nəticədə, Zoya Cumar qızı ixtisar olunaraq işsiz qalıb. O, dəfələrlə müxtəlif məhkəmələrə və digər qurumlara müraciət etsə də, bir nəticə hasil olmadığını və qərarların Orucəli Rzayevin xeyirinə çıxarıldığını qeyd edir.

Mingəçevir sakini bildirir ki, Orucəli Rzayev də müvafiq olaraq onu məhkəməyə verib. İddia kimi 500 min manat pul və üzr istəmə tələb edir.

Ailənin maddi yükünün öz üzərində olduğunu söyləyən Zoya Cumar qızı acınacaqlı vəziyyətdə xəstə anası və ödənişli təhsil alan tələbə övladıyla çətin həyat şəraitində yaşadığını qeyd edir. Mingəçevir sakini bildirir ki, məhkəməyə Orucəli Rzayevin rüşvət faktını təsdiq edən 2 şahiddən – nə filialın dekanı Sevinc Məmmədova, nə də filialın direktor müavini Xatirə Həsənovanın çıxışları  məhkəmə materiallarında öz əksini tapıb.

Onun sözlərinə görə, audit yoxlamaları zamanı Rzayevlə bağlı rüşvət faktları üzə çıxsa da, məhkəmə müvafiq faktlara göz yumaraq qərar çıxararkən nəzərə almayıb. Bizə müraciətində həmin faktları təqim edən Mingəçevir sakini intihar həddində olduğunu və Ali Məhkəmədən ədalətli qərar çıxaracağına ümid etdiyini bildirir. Qeyd edək ki, təqdim edilən sənədlərdə audit yoxlamaları 100 min manatlarla ölçülən yeyinti faktlarını üzə çıxarıb.

İki ildir bu vəziyyətlə qarşılaşdığını və heç bir nəticənin hasil olmadığını bildirən vətəndaş, 27 may 2016-cı ildə olacaq son məhkəmə iclasına  ümidlə baxır. Onun şikayətində qeyd etdikləri şəxslər və qurumlar arasında təkcə Orucəli Rzayev və Məhkəmə hakimləri deyil, Təhsil Nazirliyinin əməkdaşları da səbəbkar kimi qeyd edilir.

Vətəndaş intihar edəcəyini yazır.  O, intihar edəcəyi  təqdirdə, bütün tərəflərin onun ölümündə məsuliyyət daşıyacaqlarını qeyd edir.

Məsələ ilə bağlı Orucəli Rzayevlə əlaqə saxlamaq istəsək də, müsahibə almaq istəyimiz reallaşmadı. Qarşı tərəfin mövqeyini hər an dərc etməyə hazırıq.

Qeyd edək ki, adıçəkilən Orucəli Rzayevlə bağlı  Google-də axtarış verdikdə onun adının hallandığı bir sıra qeyri-qanuni  məlumatlarla rastlaşdıq.

 

 

İnstitutun dekanı