Məlahət İbrahimqızı: “Türkiyənin inkişafının qarşısını almaq üçün fitnə-fəsad çıxarmağa çalışırlar” MÜSAHİBƏ

  • By admin
  • 01 Sentyabr 2016 13:25

melahet

Millət vəkili Məlahət İbrahimqızı gündəmdə olan bir sıra məsələlərlə bağlı Turkustan.info saytının suallarını cavablandırıb.

– Məlahət xanım, Türkiyə builki Zəfər bayramını böyük təlatümlər fonunda qeyd etdi. Öncə, Zəfər bayramı ilə bağlı qardaş ölkəyə ürək sözlərinizi eşitmək istəydik.

– Öncə onu bildirmək istərdim ki, bu bayram – Türkiyənin Zəfər Bayramı tək Türkiyə xalqının deyil, bütün Türk dünyasının, eləcə də Azərbaycan xalqının da bayramıdır. Çünki, bu Zəfər – o dövrdə də bügünkü kimi, dünyanı idarəetmək və dünya xalqlarına ağalıq etmək iddiasında olanların Türk dünyası və hətta bütün İslam coğrafiyası üçün hazırladıqları qədəri pozmuş oldu. İnsanın taleyi və qisməti ilə bağlı belə bir deyim var: Qədər üzərində bir Qədər. Məhz bugün qeyd etdiyimiz Zəfər haqqında da onu deyə bilərik. Təssəvvür edin o zaman böyük Atatürk ,onun silahdaşları və qəhrəman türk xalqı bu zəfəri qazanmasaydı, bu gün tarix və dünya coğrafiyası necə olardı. Mən çox iftixar hissi ilə xatırlamaq istərdim ki, elmin, texnologiyanın, informasiya əldə etməyin çox geri olduğu zamanda bizim dədə-babalarımız, bir çox müsəlman xalqlarının nümayəndələri ilə  Türk xalqı ilə zalımlara və işğalçılara qarşı birgə mübarizə ediblər hətta şəhid olublar. Ümumiyyətlə, çox təəssüf ki, Türk xalqının bu zəfəri dünya tarixi üçün  beynəlxalq səviyyədə yetərincə öyrənilməyib. Sözsüz ki, bu da bir daha ikili standartlardan doğan bir yanaşmadır. Türkiyədə avqust ayı zəfərlər ayı kimi qiymətləndirilir. Malazgirt döyüşlərindən bu yana təxminən min ilə yaxın bir dövrdə çox qələbələr və zəfərlərə imza atmışdır Türk xalqı.  1918-ci ildə Osmanlının çöküşü, hər bir tərəfdən işğalçılarla mübarizə aparıldığı bir zamanda, erməni daşnaklarının xarici havadarları ilə birgə Azərbaycan türklərinə qarşı aparılan Mart soyqırımlarında da xalqımızın harayına çatmağa imkan tapdılar və onları darmadağın etdilər. Lap bu yaxınlarda 15 iyul “dərbə” cəhdində Türk xalqı öz qüdrətini bir daha  göstərdi. Biz elə həmin günlərdə FETÖ – terror quruluşunun pərdəsi altında  Çağdaş Turkiyə Cumhuriyyətinin və onun xalqınının qazandığı böyük uğurlarını görmək istəməyən qüvvələrin nələr törətmək istədiyinin şahidi olduq. Bu qüvvələr yüz illərdir ki, mövcuddur, gələcəkdə də bu çirkin niyyətlərini həyata keçirmək niyyətində olacaqlar. Eyni zamanda biz türk millətinin qəhramanlığının da bir daha şahidi olduq. Türk xalqı dünyanın üçüncü minilliyinin demokratiya zəfərinin simfoniyasını yazdı. Bu simfoniya türk şəhidlərinin və qazilərinin qanı-canı ilə  yazıldı. Necə ki, xalqımız 20 Yanvar 1990-cı ildə tanklar və hərbi təyyarələr qarşısına heç nədən qorxmayaraq, əliboş çıxaraq müstəqilliyə gedən yola işıq oldular, indi də türk qardaş və bacılarımız dünyaya hegemonluq etmək istəyən qüvvələrə layiqli dərs vermiş oldular. Bu mənada qürurla deyə bilərik ki, Türklər dünyanın nadir xalqlarındandır ki, bütün mübarizələrdən zəfərlə çıxmışdır.

melahet

– Hesab etmək olar ki, Türkiyə yüz ildən sonra yenidən bir Çanaqqala savaşı, İstiqlal savaşı içərisindədir. Türkiyənin bu qədər hədəf götürülməsinin sirri-səbəbi Sizcə nədir?

– Mən sizin bu sualla tam razıyam. Baxın, neçə illərdir ki, bu qüvvələr  Türkiyənin inkişafının qarşısını almaq üçün hər cür problemlər, fitnə- fəsadlar çıxartmağa çalışırlar. Bu  proseslər xüsusu ilə də Erdoğanın rəhbərliyi ilə AK Parti hakimiyyətə gəldikdən sonra daha da sürətləndi. Çünki, məhz bu dövrdə Türkiyə həqiqətən lider – söz sahibi olan bir dövlətə çevrildi. Beynəlxalq Valyuta Fonduna borcu olmayan nadir ölkələrdəndir. Hətta bu gün Türkiyə özü bu fondlara borc pul verən ölkələrdəndir. G20-lərin üzvü oldu. Hədəf G8-lərin üzvü olmaqdır. Təssəvür edin, neçə illərdir ki, ölkə daxilində və sərhədlərində PKK terroruna qarşı mübarizədə milyardlarla pullar xərclənir, eyni zamanda əsrin ən böyük layihələrinə imza atılır. Ölkədə  neçə illərdir ki, üç milyona yaxın Orta Doğudan gəlmiş qaçqınlara ev sahibi edilir və onlara Ermənistan kimi ölkənin dövlət büdcəsindən daha çox pul xərclənir. BMT bu il Türkiyəni dünyada ən çox humanitar yardım edən ölkə elan etdi. Bu nailiyyətlər yüz illərdir anti-türk və anti islam missiyasını daşıyan qüvvələri daha da çox narahat vəziyyətə salmışdır.

– Türkiyə daxildə yaşadığı “darbe” cəhdinin ağrılarını tam ortadan qaldırmamış Suriyanın şimalında əsgəri hərəkat başladı. Türkiyəni belə bir seçimə məcbur edən hansı faktorlardı?

– Türkiyə bu gün cənubda koalisiya qüvvələrinin “bacara bilmədiyi” (bəlkə də bacarmaq istəmədiyi) müxtəlif terrorçu dəstələrə qarşı uğurla mübarizə edir və bugünədək çox böyük uğurlar əldə edilib. Onlarla kənd, qəsəbə və rayonlar terrorçulardan azad edildi. Bildiyimiz kimi, uzun illərdir ki, Orta Doğuda torpaq günahsız insanların qanı ilə suvarılır. Sivilizasiyaların beşiyi olan Dəclə-Fərat, qədim Mesopotomiya terrorçu axtarışı adı ilə viran qoyulur. Minillər boyu o məkanlarda yaşayan xalqlar dərbədər olunur. Məsum körpələr və dinc insanlar Ağ dənizin suyunda qərq olurlar. Əslində bugün sübut olundu ki, terrorçu axtarışında olan bu qüvvələr, elə terrorçunu yaradanlar və bəsləyənlərdir. Nəticədə məlum oldu ki, Orta Doğudakı bu terror ovunun da son nəticəsi Türkiyə Cumhuriyyətini sarsıtmaq və onun içində yeni bir iç savaşı yaratmaqdır.  Ona görə də 15 İyul darbesindən sonra çox qaranlıq məsələlər aydınlığa çıxdı. Türkiyə hökuməti heç bir ölkənin ərazi bütövlüyünə göz tikmədiyini, əksinə onlara kömək niyyətini və məqsədini elan edərək, eyni zamanda öz ölkəsinə və xalqına qarşı təhlükəni önləmək məqsədilə sərhəd boyu yerləşmiş terrorçu dəstələrə qarşı hərbi əməliyyatlara başladı.

Bu mənada həqiqətən Türkiyə daxilində və xaricində bir Çanaqqala savaşı gedir. Hər kəsə məlumdur Ki, bugün Orta Doğunun coğrafiyasını yenidən şəkilləndirmək istəyən qüvvələr utanmadan bunu səsləndirirlər. Dünya ölkələrinə insan haqları, demokratiya dərsi vermək istəyən bir sıra Avropa ölkələrinin Türkiyəyə qarşı qərəzli mövqeyi göz qabağındadır.  Əgər dünyanın aparıcı media quruluşunun səlahiyyətlisi Erdoğanın öldürülməməsini 15 İyul çevrilişinin uğursuzluğu adlandırırlarsa, bügün Türkiyəyə qarşı geniş miqyaslı bu prosesləri də ikinci  Çanaqqala savaşı adlandırmaq olar. Və bu zəfəri də XXI əsrin Çanaqqala zəfəri adlandırmaq olar. Bu zəfər bir daha Türk Xalqının, Böyük Atatürkün söyləmiş olduğu; “söhbət vətəndən və ya cumhuriyyətdə gedirsə qalan hər şey təfərrüatdır” kəlamını Birliyi, Sarsılmazlığı, Qəhramalığı, Fədakarlığı ilə bir daha sübut etdi. Vətən, Dövlət, Ölkə, Bayraq, Şərəfli Millət olmaq hər cürə maraqlardan uca və müqəddəs tutuldu.  Hesab edirəm ki, bu gün 15 İyul hadisələrindən çıxarılası  çox da dərslər vardır.

– “Darbe” mövzusundan söz düşmüşkən, uzantıları Azərbaycanda da hiss edilən bu bədnam proseslə bağlı fikirlərinizi bilmək istərdik.

–  Bilirsiz,  Türk dünyasının böyük və ustad dövlət adamlarının Azərbaycan-Turkiyənin birliyi, qardaşlığı, dostluğu haqqında bizlərə vəsiyyəti hər kəsə məlumdur.  “Bir Millət İki Dövlət” və ya “Türkiyə burada yoxdursa, mən varam” tarixi tezisləri bizlərə gələcək fəaliyyətimiz üçün yol xəritəsidir. Biz Azərbaycan və Türkiyəyə qarşı pis niyyətli  hər cürə qüvvələrə güclənərək, inkişaf edərək birliyimizlə layiqincə  cavab verə biləcəyik.  Bunu tarix də dəfələrlə sübut etmişdir.

Gununsesi.info