Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda bəzi irəliləyişlər var

  • By admin
  • 11 Noyabr 2019 16:28

Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla növbəti görüşümüzün dekabrın əvvəlində Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilməsi planlaşdırılır.

Gununsesi.org xəbər verir ki, bunu Report-un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

O qeyd edib ki, həmin vaxt Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası olacaq və Zöhrab Mnatsakanyanla görüşün də bu toplantı çərçivəsində baş tutacağı gözlənilir:

“Lakin bunla bağlı danışmaq bir qədər tezdir. Görüşün yeri və tarixi dəqiqləşəndən sonra bununla bağlı ictimaiyyətə məlumat verəcəyik”.

E.Məmmədyarov bildirib ki, Azərbaycan XİN Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün iddialarına və açıqlamalarına dərhal reaksiya verir:

“Ermənistanın Xarici İşlər Nazirliyi səviyyəsində olan bütün məsələlərə anında reaksiya veririk. Onların Dağlıq Qarabağ münaqişəsiylə bağlı öz siyasətlərini hansı istiqamətdə yürütdüklərini başa düşmək bir qədər çətindir.

Ümumiyyətlə, deyə bilərəm ki, danışıqlarda bəzi irəliləyişlər var, ancaq bunlar sözdədir. Biz istərdik ki, daha konkret məsələləri müzakirə edək. Əslində, tərəflər arasında konkret danışıqlara keçmək barədə razılıq var.

Bu da mənim sevdiyim tərzdir. Ümidimiz var ki, dekabrın əvvəlində Bratislavada baş tutacaq görüşdə bunu dəqiqləşdirəcəyik. Onda məlum olacaq ki, Ermənistan substantiv danışıqlara hazırdır ya, yox? Çünki artıq sənədlər masanın üstündədir”.

Gununsesi.org