“Məni Azərbaycana FETÖ buraxmadı” - HÜSEYN BÖYÜKFIRATDAN SENSASİON AÇIQLAMALAR (ÖZƏL)

  • By admin
  • 14 Sentyabr 2016 14:33

huseyn

“Gülən Türkiyədən sonra Azərbaycanda özünə ən güclü yuvanı qurub”

 

Gununsesi.info-nun xəbərinə görə, Azərbaycanda uzun illərdir ki, iş adamı kimi fəaliyət göstərən “Böyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Böyükfırat ölkəmizə gələrkən Hava Limanından geri qaytarılıb. Qeyd edək ki, FETÖ işi ilə bağlı son günlər Türkiyədə bir sıra məhkəmə proseslərinə qatılan Hüseyn Böyükfırat həmin ifadələrində FETÖ-nun ən güclü dayaqlarının Azərbaycanda olduğunu dilə gətirib.

Gununsesi.info Hüseyn Böyükfıratla danışa bilib. Türkiyəli iş adamı ilə eksklüziv söhbətimizi təqdim edirik:

 

  • Hüseyn bəy, uzun illərdir ki, Azərbaycanda çalışırsınız və ölkəmizdə ünlü iş adamı kimi statusunuz var. Sizi niyə, Azərbaycana buraxmadılar? Doğrudanmı, Sizi sərhədçilərimiz geri qaytarıb?
  • Bəli, təəssüf ki, belə bir olay baş verdi. Bu günlərdə Türkiyədən Azərbaycana gəlirdim. Hava limanında Sərhəd-buraxılış məntəqəsində dedilər ki, qadağa var. Mən gecə saatları olduğuna görə kimsəni rahatsız etmədim və geri qayıtdım.

husyin

  • Sizi niyə Azərbaycana buraxmadılar, səbəbini bilirsinizmi?
  • Bu mənim üçün sual deyil. Məni Azərbaycana FETÖ buraxmadı. Mən uzun illərdir ki, FETÖ-nun Türkiyə və Azərbaycan üçün xain plan qurduğunu bilirdim. Uzun illərdir ki, bu örgütə qarşı mübarizə aparmışam. Türkiyədə mənim araşdırmalarım nəticəsində bir çox şəxslər həbs edilib. Məhkəmədə və türk telekanallarına müsahibələrimdə də söylədim ki, FETÖ Türkiyədən sonra Azərbaycanda özünə ən güclü yuvanı qurub. Sayın cumhurbaşkanımız Ərdoğanla uzun illərdir ki, bir-birimizi tanıyırıq. Mən ona və Türkiyə dövlət qurumlarına həmişə bu barədə məlumat vermişəm. Məlumat vermişəm ki, FETÖ Bakıda çox güclüdür. Bu örgüt görün, nə qədər güclüldür ki, Hüseyn Böyükfıratı Azərbaycana buraxmadı. Mən uzun illərdir ki, Azərbaycanda çalışıram. Məni ölkənizdə hamısı yaxşı tanıyır. İndi görün, mənim kimi adama bunu edənlər, başqalarına nələri edə bilir.
  • Sizin Azərbaycana girişinizə qadağadan Türkiyə hökumətinin xəbəri varmı?
  • Əlbətttə, Türkiyə hökuməti bu barədə bildi. Bu gün mənə xarici işlər nazirimiz Mövlud bəy (Mövlud Çavuşoğlu-red) telefon açdı. Artıq sayın Ərdoğanın da bilgisi var. Nazirimiz mənə söylədi ki, Elmar Məmmədyarovla bu barədə danışacaq.

Pərviz Həşimli