Məşhur azərbaycanlı yazıçının oğlu “status” yazdı – Rusiya qarışdı

  • By admin
  • 07 Noyabr 2019 15:12
Tanınmış azərbaycanlı yazıçı Çingiz Hüseynovun oğlu, Rusiyanın Ali İqtisadiyyat Məktəbinin Filologiya fakültəsinin professoru Həsən Hüseynovun bir həftə əvvəl rus dili haqqında işlətdiyi ifadələr ölkədə böyük qalmaqla səbəb olub.

Gununsesi.org xəbər verir ki, Həsən Hüseynov “Facebook” sosial şəbəkəsində yazdığı “status”unda rus dilini “yazıq” və “murdar” adlandırıb.

Həsən Hüseynov qeyd edib ki, rus dilinin özündə heç bir problem yoxdur, amma bu dildən yanlış istifadə olunur. Azərbaycanlı professor yazıb ki, Moskvanın qəzet köşklərindən başqa dillərdə nəşrlər tapmaq mümkün deyil. Həsən Hüseynovun bildirib ki, Rusiyada yüz minlərlə ukraynalı, tatar, qırğız, özbək, çinli və alman yaşayır, amma onların dilində heç nə tapmaq mümkün deyil. Filoloq qeyd edib ki, mətbuat və televizyadan rus dili vasitəsilə indi yalnız yalanlar və nifrət yayılır.

Məlumat üçün bildirək ki, Həsən Hüseynovun bu açıqlaması Rusiyada kəskin etirazlarla qarşılanıb. Sosial şəbəkələrdə və Rusiyanı aparıcı mətbuat orqanlarında bu məsələ geniş şəkildə işıqlandırılıb. Xüsusən ermənilərin nəzarət etdiyi mətbuat orqanlarında azərbaycanlı filoloqa qarşı təbliğat aparılır.

Məsələ ilə bağlı Həsən Hüseynovun çalışdığı Ali İqtisadiyyat Məktəbində açıqlama verilib və bildirilib ki, onlar professorun fikirlərini təqdir etməsələr də bu onun şəxsi fikirləridir.

Qeyd edək ki, Həsən Hüseynov  1953-cü ildə Bakı şəhərində məşhur yazıçı Çingiz Hüseynovun ailəsində dünyaya göz açıb.  Filologiya üzrə elmlər doktorudur. 1975-ci ildə Moskva Dövlət Universitetinin filologiya fakültəsinin klassik şöbəsinin məzunu olub. 1992-1997-ci illərdə Bremendə Şərqi Avropa İnstitutunda elmi işçi olub, Danimarka, Almaniya, ABŞ-ın universitetlərində dərs deyib. Bonn Universitetinin dosenti olub.

2007-ci ildə Rusiyaya qayıdaraq Moskva Dövlət Universitetinin filologiya fakültəsinin professoru oldu.

2011-ci ilin aprelindən 2012-ci ilin sentyabrına qədər – Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Humanitar Tədqiqatlar Mərkəzinin direktoru olub.

Yeniavaz.com