Maliyyə Nazirliyinin MTN-dəki yoxlamaları başa çatdı -KORRUPSİYA VAR

  • By admin
  • 26 May 2016 10:19

eldar mtn

Arif Babayev: “Bunu nazirlikdən soruşun…”

Maliyyə Nazirliyinin  ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş fəaliyyəti dövrü ilə bağlı apardığı maliyyə yoxlamaları başa çatıb. Bu haqda Gununsesi.info-ya daxil olan məlumatda bildirilir ki, sabiq nazir Eldar Mahmudovun nazirlikdə korrupsiya əməllərinə yol verməsi bu yoxlamalara səbəb olub. Məlumatda qeyd olunur ki, Maliyyə Nazirliyinin yoxlamalara başlamasında əsas məqsəd “mənbələrə” ayrılan milyonların necə talan edildiyini araşdırmaq olub. Yoxlamalar  zamanı şübhələr bir daha təsdiqini tapıb. Yoxlamaların nəticəsi ilə bağlı siyasi rəhbərliyin mövqeyindən sonra onun Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim ediləcəyi gözlənilir.

Bu isə sabiq nazir Eldar Mahmudova qarşı korrupsiya ittihamı deməkdir.

Maliyyə Nazirliyinin yoxlamaları ilə bağlı gununsesi.info-un sorğusunu cavablandıran Dövlət Təhlükəsizlik Xidmətinin sözçüsü Arib Babayev

bu məsələylə bağlı yoxlamaları aparan quruma müraciət etməyimizi tövsiyyə edib: “Bu məsələ ilə bağlı Maliyyə Nazirliyinə müraciət edin. Qoy, sizin suallarınızı Onlar cavablandırsın”-, deyə o bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl mediada  Eldar Mahmudovun və dəstəsinin vətəndaşlara qarşı qanunsuz əməlləri ilə bərabər həm də dövlət büdcəsini talan etməsinə dair xəbərlər yayılıb. Həmin xəbərlərdə deyilir ki,  eks-nazir Eldar Mahmudov “mənbələr” adıyla hər il büdcədən 7-8 milyon manat vəsait “silib.

Bundan başqa MTN-nin nəzarətində olan QHT və KİV-lər, habelə ayrı-ayrı jurnalistlər üçün nəzərdə tutulan “paketlər” mənimsənilib.

Maliyyə Nazirliyi isə yoxlamalar barəsində açıqlama verməkdən imtina edib: “Nazirlik bu xəbəri nə təsdiq, nə də təkzib edir. Dövlət sirri ilə bağlı olan məsələlər barəsində şərh vermir”.

Göründüyü kimi dəstə üzvlərindən fərqli olaraq, hələ də azadlıqda qalmağı bacaran Eldar Mahmudovun həbs ehtimalı daha da artmaqdadır.

Gülnaz Qənbərli