“Manata süni nəfəs verməklə davam etmək mümkün deyil ”

  • By admin
  • 10 İyun 2016 17:28

 iqts

Gununsesi.info Avropa Demokratik Dəyərlərin Təbliği Mərkəzi” sədri  iqtisadçı, İntiqam Xudiyevin müsahibəsini təqdim edir: 

 

  • Ölkədə problemli kreditlərin sayı durmadan artır. Vətəndaş günahı olmadan ağır maliyyə zərbəsi alır. Sizcə hökumət niyə susur?

 

  • Hesab edirəm ki, hökumətin operativ şəkildə düzgün qərar qəbul etmək problemi var. İkinci səbəb odur ki, sahibkarların, ölkədəki müəssisə və təşkilatların, əhalinin real vəziyyətini düzgün qiymətləndirə bilmirlər. Səbəbləri sıralasaq, növbəti səbəb kimi bunu qeyd qeyd edərik, hökumət əhalinin vəziyyətinin yaxşılaşdırılmasında maraqlı deyil, ya bunu istəmir, ya da bacarmır. Problemli kreditlərin artmasının səbəbi ölkədə aparılan yanlış kredit-pul siyasətidir. Uzun müddət elə siyasət həyata keçiriblər ki, insanlar götürdükləri kreditləri normal şəkildə pul qazanmaqla qaytara bilməyirlər. Faizlər yüksək, gəlirlər isə aşağıdır. Vətəndaşlar bankların yüksək faizlərini qaytarmaq imkanında deyillər. Bu da əhalinin vəziyyətinin ağırlaşmasına və problemli kreditlərin böyüməsinə səbəb olub. Bu azmış kimi iki dəfə milli valyutanı dəyərdən salmaq hesabına dollarla krediti olanların borc yükünü ümumilikdə 5 milyarddan çox artırdılar. Əgər vətəndaşın borcu artıbsa, ödəmək qabiliyyəti zəifləyibsə, normal hökumətlər vətəndaşına kömək edir. Bizdə isə bu proses tamamilə tərsinədir.

 

  • Manatın kursunu sabit saxlamaq üçün dövriyyədəki manat kütləsi məhdudlaşdırılıb. Bu yol ilə manatın kursunu saxlamaq mümkün olacaq?

 

  • Baş verənlərdən çıxan nəticə budur ki, manata bir müddət süni nəfəs verməklə davam etmək mümkün deyil. Yəni inzibati yol bu məqamda müvəqqətidir. Problem köklü şəkildə həllini tapmalıdır. Ticarət şəbəkəsinin xarici valyutaya olan təlabatı tam ödənilməlidir ki, onlar da xaricilər qarşısında olan öhdəliklərini yerinə yetirə bilsinlər.

 

  • İri marketlərin vergi yoxlamalarına məruz qaldıqları barədə məlumatlar çoxalır. Bu addımı necə dəyərləndirmək olar?

 

  • İllər uzunu  atılan yanlış addımlardır ki, belə çıxılmaz vəziyyət yaradıb. Əgər ticarət şəbəkəsinin normal fəaliyyətini qoruyub saxlamaq lazımdırsa, belə çıxır ki, qiymətlər bahalaşacaq. Bu isə əhalinin sosial vəziyyətinin bir qədər də pisləşməsinə səbəb olacaq. Çünki əhalinin gəlirlərinin artım tempi, qiymətlərin artım tempindən onsuz da geri qalıb. Hələ rəsmi statistikanın açıqladığına görə, qiymətlər son üç ayda 11 faiz artıbsa, əmək haqqı 6 faiz artıb. Hələ bu qiymətlərin səviyyəsini aşağı göstərməkdə ad çıxarmış Statistika Komitəsinin rəqəmlərinin müqayisəsinə görə belədir. Növbəti bahalaşmanın hansı fəsadlara səbəb olacağını, əhalinin sosial vəziyyətinə nə dərəcədə təsir edəcəyini bu rəqəmlər daha bariz göstərir. Hökumətin əhalinin maaşlarını artırmaq istəyi və imkanları isə çox məhduddur. Təəssüf ki, hökumət bu məsələdə çox həvəssiz görsənir.