Maşınların şəkillərini çəkib cərimə yazmaqla işlərini birmiş hesab edirlər - DEPUTATDAN NƏQLİYYAT AGENTLİYİNƏ İTTİHAM

  • By admin
  • 24 Aprel 2019 00:29

“Bu gün Milli Məclisdə iki vacib məsələni gündəmə gətirdim. Bunlardan biri əhalinin müxtəlif təbəqələrindən aldığım şikayətlərə reaksiya verərək əhalinin istehlak etdiyi qaza qoyulan limitə yenidən baxılmasının vacibliyini vurğuladım”.
Gununsesi.org xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.
O, bildirib ki, burada limitin 1700 kubmetrdən 2 dəfə qaldırılaraq 3.400 kubmetr olması yoxsul əhalinin problemlərini nisbətən azaltmağa imkan verərdi.

“Tamamilə ləğv olunması tələbləri də var, ancaq mən real variant üzərində dayanıram. Hamının imkanları eyni olmadığı üçün biz birinci növbədə ödəniş qabiliyyəti olmayan yoxsul və orta təbəqənin maraqlarını nəzərə almalıyıq. Havanın temperaturu elədir ki, aprel ayında belə vətəndaşlar qış rejimi ilə qazı istehlak edirlər. Ancaq o qədər ödəniş tələb olunur ki, bir çox hallarda qazdan istifadədən imtina edirlər. Bu xalqımızın sərvətidirsə, ilk öncə bu sərvətin faydasını da vətəndaşlarımız görməlidir”.

F. Mustafa ikinci məsələ kimi Bakı Nəqliyyat Agentliyi ilə bağlı problemi dilə gətirib.

Qeyd edib ki, əvvəlllər dayanacaqların təmizliyi, yollarda piyada zolaqlarının çəkilişi nisbətən normal qaydada tənzimlənirdi:

“İndi bu səlahiyyət aylardır Bakı Nəqliyyat Agentliyinə verilib, artıq nə dayanacaqlar yuyulur, nə də pozulmuş zolaqlar bərpa olunur. Ancaq dayanacaq olmayan yerlərdə park edən maşınların şəkillərini çəkib cərimə yazmaqla işlərini birmiş hesab edirlər, halbuki ən vacib məsələ piyadaların həyati təhlükəsizliyidir, bu xidməti isə göstərməyə laqeyd yanaşırlar. Ancaq ölkə prezidentinin və digər vəzifəli şəxslərin müntəzəm hərəkət etdiyi yollarda bu zolaqları vaxtında yeniləyirlər, şəhərin digər yerlərində isə buna əhəmiyyət vermirlər. Hələ çəkilən ağ boyanın keyfiyyətini demirəm, içinə nə qatırlarsa, bir neçə həftəyə pozulmuş olur. Bu məsuliyyətsizlik piyada ölümlərinin və xəsarət almalarının sayını artıra bilər”.

Gununsesi.org